Türkiyə Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə qonşuları ilə birgə hərəkət edəcəyini bildirir

Bu gün, 16:24           
Türkiyə Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə qonşuları ilə birgə hərəkət edəcəyini bildirir
Türkiyə xarici işlər naziri Türkiyə, Suriya, İraq və İordaniyanın İslam Dövləti qrupunun qalıqlarına qarşı mübarizə aparmaq üçün bir araya gələcəyini bildirərək, bu addımın ABŞ-a Suriyada kürd militantları ilə əlaqələri kəsməyə imkan verəcəyini deyib.

Vaşinqtonun Suriyada kürdlərin rəhbərlik etdiyi qüvvələrlə on ildir davam edən əlaqələri Türkiyənin etirazına səbəb olub. Ankara Xalq Müdafiə Birliklərinin (YPG) Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınmış digər kürd qruplaşması ilə əlaqəli olduğunu bildirir.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə rəhbərlik edən YPG Amerika xüsusi təyinatlı qüvvələri ilə birlikdə İŞİD-ə qarşı mübarizədə mərkəzi rol oynayıb və hazırda Suriyanın şimal-şərqində saxlanan minlərlə İŞİD məhbusuna nəzarət edir.

“Əsas problem ondan ibarətdir ki, YPG İŞİD məhbuslarına nəzaərət edir və onları həbsdə saxlayır... onlar başqa heç nə etmirlər”, Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü deyib.

“Buna görə də Türkiyə, İraq, Suriya və İordaniya İŞİD-ə qarşı mübarizədə birləşməlidir. Biz bunu etməyə qadirik və İnşallah bu, yaxın gələcəkdə dörd ölkə olaraq atacağımız addım olacaq. Biz artıq bu proseslə bağlı ilkin danışıqlar aparmışıq”, o deyib.

Qətərin paytaxtı Dohada Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə birgə mətbuat konfransında danışan Fidan bildirib ki, Suriyanın yeni hökuməti İŞİD məhbusları ilə bağlı məsuliyyəti öz üzərinə götürəcəyini bəyan edib.

Türkiyə ABŞ prezidenti Donald Trampdan Ankaranın 1984-cü ildən Türkiyəyə qarşı müharibə aparan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrinə görə terrorçu hesab etdiyi kürd döyüşçülərə dəstəyi dayandırmasını istəyir.

"Ümid edirik ki, prezident Tramp düzgün qərar verəcək və bu səhvi düzəldəcək... bu, mümkün qədər tez zamanda bağlanmalı olan açıq yaradır", Fidan əlavə edib.

Noyabr ayında Suriya üsyançıları ölkədə hakimiyyəti ələ keçirmək üçün hücuma başladıqdan sonra Türkiyənin dəstəklədiyi döyüşçülər bir sıra şəhərləri ələ keçirərək kürd qüvvələrini hədəf alıb.

Bu arada Türkiyə hərbi qüvvələri həm Suriyada, həm də İraqın şimalında kürd döyüşçülərə təzyiqlərini davam etdirib. Türkiyə Müdafiə Nazirliyi bazar günü Suriyanın şimalında 23 “PKK/YPG terrorçusu”nun öldürüldüyünü bildirib, lakin əlavə təfərrüatlar verməyib.

Ankara Suriya Demokratik Qüvvələrini PKK-ya bağlı elementlərdən təmizləməyə və gələcək Suriya ordusuna daxil olmağa çağırıb.

Birləşmiş Ştatların hazırda Suriyanın şimal-şərqində 2000-ə yaxın əsgəri qüvvəsi var. İlk prezidentliyi dövründə Tramp ABŞ qüvvələrini Suriyadan çıxaracağını bildirmişdi. 2019-cu ildə Türkiyə YPG-yə qarşı hücum təşkil etmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı hesab edilən münasibətləri olan Trampın yenidən ABŞ-ın hərbi mövcudluğunu aradan qaldırmağa çalışacağı ilə bağlı mülahizələr irəli sürülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.