Türkiyə lirəsi dollar qarşısında tarixi minimuma enib
Bu gün, 09:24
Analitiklər ABŞ-nin əlavə gömrük rüsumları tətbiq etməsinin ticarət müharibələrinə səbəb ola biləcəyini deyirlər.
Statistik məlumatların dərci və dünya bazarlarında ABŞ valyutasının möhkəmlənməsi fonunda dolların türk lirəsi qarşısında məzənnəsi bu gün ilk dəfə olaraq 36 lirəyə çatıb.
Tükiyə KİV-lərinin məlumatına əsasən, dolların məzənnəsi 35,6977 lirədən 0,83% artaraq 36,0015 lirəyə yüksəlib.
Analitiklər ABŞ-nin əlavə gömrük rüsumları tətbiq etməsinin ticarət müharibələrinə səbəb ola biləcəyini, ticarət sanksiyaları nəticəsində yaranan xəbər axınının bazarların istiqamətinə təsir edə biləcəyini deyirlər.
Dollar indeksi hazırda 1 faiz artımla 109,5 səviyyəsindədir. ABŞ-nin Kanada və Meksikaya 25 faiz gömrük rüsumları və Çinə əlavə 10 faiz rüsum tətbiq etməsindən sonra ortaya çıxan satış təzyiqi aktivlərin qiymətlərinə təsir edir. Fevralın 4-də qüvvəyə minəcək gömrük rüsumları ilə yanaşı , ABŞ Prezidenti Donald Trampın digər ölkələrə də tətbiq edəcəyini bəyan etdiyi gömrük rüsumlarının qlobal ticarət və iqtisadiyyata təsiri bazarların diqqət mərkəzindədir.
Xatırladaq ki, dollar ötən ilin iyunundan yanvar ayına qədər hər ay lirə qarşısında bahalaşıb. Bu gün Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin illik inflyasiya səviyyəsinin yanvar ayında 41,25 faiz proqnozundan yüksək olaraq 42,12 faiz təşkil etdiyini açıqlayıb. İnflyasiya məlumatları bazarlara təsir göstərir.