İran Azərbaycanında saxlanılaraq Tehrana aparılan siyasi fəalların həbsindən bir il keçir
Bu gün, 10:38
![İran Azərbaycanında saxlanılaraq Tehrana aparılan siyasi fəalların həbsindən bir il keçir](/uploads/posts/2025-02/1738876624_1.jpg)
İran Azərbaycanı və bəzi digər şəhərlərdə saxlanılaraq Tehranın Evin zindanına göndərilən siyasi fəallar Murtəza Pərvin, Hüseyn Piri, Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Bağır Hacızadə, Araz Əman, Ayaz Seyfxah və Kərəm Mərdanənin həbsindən bir il keçir.
Keçən ilin fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Əlburz və Tehran vilayətlərində 30-a yaxın türk fəal nəzarət altına alınaraq Tehran həbsxanasına köçürülmüşdülər.
Güney Azərbaycan Televeziyası (Günaz TV) və Araz News xəbər saytı kimi mənbələrin bildirdiyinə görə, həmin fəallardan azı 8-i hələ də həbsdədir.
“Bu fəallar zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmadan, vəkillə əlaqə saxlamadan, mütəxəssis həkim müayinəsindən keçmədən və bəzi digər səhiyyə xidmətləri olmadan həbslərinin birinci ilini başa vurublar”, Günaz TV bildirib.
Sözügedən fəallar, eləcə də nəzarət altına alındıqdan bir müddət sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan bəzi digər fəallar keçən ilin oktyabr ayında Tehranın İnqilab Məhkəməsi tərəfindən 3 ildən 13 ilə qədər həbsə məhkum edilmişdilər.
Həbsə məhkum fəalların şikayəti keçən ay Tehran vilayəti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilib. Həmin şöbə bir neçə gün sonra ilkin məhkəmə tərəfindən verilən hökmləri qüvvədə saxladığına dair qərar çıxarıb.