"Təbriz Mədəniyyət Həftəsi"nin bağlanış mərasimində türkcə şeir oxuyan Prezident Pezeşkiana irad bildirilib
18-02-2025, 17:44

İran Prezidenti Məsud Pezeşkian 16 fevralda Tehranda keçirilən Təbriz Mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı mərhum Şəhriyarın türk dilində şeirini oxuyarkən iradla üzləşib.
Prezidentin bu tədbirdə Azərbaycan türkcəsində şeir oxuduğu görüntülər sosial şəbəkələrdə geniş yayılıb və İran mediasında da işıqlandırılıb.
Tədbir zamanı zalda olan iştirakçılar Pezeşkianın türk dilində danışmasını istəyiblər. O isə cavab olaraq türk dilində deyib: "İcazə verin, eybi yoxdur, iki misra Şəhriyardan oxuyum, amma burada nazir və vəkilin yanında türk dilində danışmaq olmaz."
Daha sonra o, "Heydər Babaya Salam" şeirindən bu misraları səsləndirib:
"Heydərbaba, igid əmək itirməz, Ömür keçər, əfsus bərə bitirməz, Namərd olan, ömrü başa yetirməz, Biz də vallah, unutmarıq sizləri, Görəmməsək, halal edin bizləri."
Ancaq o, şeiri oxuyarkən yanına bir nəfər yaxınlaşaraq tribununa bir qeyd qoyub. Pezeşkian qeydi oxuduqdan sonra gülümsəyərək fars dilində deyib:
"Yaxşı, eybi yoxdur, iki misra türkcə şeir oxumaq problem yaratmaz."
Bu sözlərdən sonra zalda alqışlar səsləndirilib. Prezident Pezeşkian da iştirakçılara təşəkkür edib, lakin onun türk dilində şeir oxuması bu məqamda dayandırılıb.
Sosial şəbəkələrdə müzakirə olunan, hətta region ölkələrinin mətbuatında da əksini tapan bu hadisə İrandakı azərbaycanlı fəallar arasında da müzakirə olunur.
Bu barədə ABŞ-da yaşayan siyasi fəal Babək Çələbiyanlı X hesabında yazıb: "Bu hadisə göstərdi ki, İranda hətta ən yüksək vəzifəli şəxslərin də türk xalqının dil və mədəniyyət haqlarını müdafiə etməyə icazələri yoxdur. Əgər bir ölkənin prezidenti öz vətənində iki misra türk şeiri oxumaq haqqına sahib deyilsə, o zaman ədalət və demokratiyadan nə gözləmək olar?"
Bu barədə Tehranda yaşayan yazıçı və mədəni fəal Həsən Raşidi də X hesabında yazıb ki, "Biz elə bir ölkədə yaşayırıq ki, ölkənin prezidenti Doktor Pezeşkian ölkə əhalisinin 40 faizinin danışdığı türk dilində məşhur Ustad Şəhriyar şeirindən iki misra oxuyanda irad bildirirlər! Sonra isə bərabər hüquqlardan, qardaşlıqdan və ədalətdən danışırlar...?
İranda rəsmi şəxslərin türk dilində şeir oxuması və ya bir neçə ifadə səsləndirməsi nadir hal deyil. İranın ali dini lideri Əli Xameneyi dəfələrlə ictimaiyyət qarşısında türkcə danışıb və Şəhriyardan şeirlər oxuyub. Prezidentliyə namizədlər də seçki kampaniyalarında türk icmasının diqqətini çəkmək üçün türkcə ifadələr işlətməyə çalışırlar.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da Ərdəbilin illər boyu valisi olduğu üçün türkcə öyrənmiş və Azərbaycan bölgələrində çıxışlarında türk dilində ifadələr işlətmiş, Şəhriyardan şeirlər səsləndirmişdi.
Bununla belə, Tehranda Təbriz Mədəniyyət Həftəsinin rəsmi tədbirində zalda çox sayda azərbaycanlının olduğu bir mühitdə baş verən hadisə Prezident Pezeşkianın Şəhriyarın şeirini oxumasına maneə kimi qiymətləndirilib.