Təbrizdə məktəb direktorları şagirdlərin Ana Dili Gününü qeyd etməsinə görə dindirilib

Bu gün, 15:44           
Təbrizdə məktəb direktorları şagirdlərin Ana Dili Gününü qeyd etməsinə görə dindirilib
Təbrizdə yerləşən "Kara" məktəbinin qızlar və oğlanlar üçün bölmələrinin direktorları şagirdlərin ticarət mərkəzlərinin birində Azərbaycan xalq mahnıları ifa etməsinə görə təhlükəsizlik orqanları tərəfindən çağırılaraq dindiriliblər.

Araz News və Təbriz Səsi Telegram kanallarının yaydığı məlumata əsasən, məktəb şagirdləri 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Təbrizin "Atlas" ticarət mərkəzində Azərbaycan xalq mahnıları, o cümlədən "Bu qala, daşlı qala" və "Sudan gələn sürməli qız" mahnılarını ifa ediblər. Bundan sonra məktəbin direktorları təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq məktəbin lisenziyasının ləğvi ilə hədələniblər.

Sosial şəbəkələrdə yayılan videolarda mərasimdə iştirak edən insanların Təbrizin "Atlas" ticarət mərkəzində şagirdlərin Azərbaycan folklor mahnılarını ifa etməsinə qoşulduğunu və bu proqramı rəğbətlə qarşıladıqları göstərilir.

Həmçinin bu videolar sosial mediada və region ölkələrinin mediasında geniş şəkildə paylaşılıb və müsbət reaksiyalarla qarşılanıb.
Məktəbin oğlan və qız bölmələrinin direktorları Əzim Puran və Rəsulivənd və həmin məktəblərin təsisçisi Mitra Bayramzadə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıblar.

Beynəlxalq Ana Dili Günü İran Azərbaycanı bölgəsində milli fəallar və türk dil haqları müdafiəçiləri tərəfindən hər il qeyd olunur. Onlar müxtəlif tədbirlər təşkil etməklə və uşaqlara Azərbaycan türkcəsində nağıl kitabları hədiyyə etməklə ana dilinin qorunmasının vacibliyinə diqqət çəkirlər.
Lakin bu fəaliyyətlərin siyasi xarakter daşımamasına və ictimai maarifləndirməyə yönəlməsinə baxmayaraq, dil haqları sahəsində fəaliyyət göstərən şəxslərə qarşı təhlükəsizlik orqanlarının təzyiqlərinin artdığına dair məlumatlar yayılmaqdadır.

Bundan əvvəl milli fəallar Əlireza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi kimi fəallar 2014-cü ildə Beynəlxalq Ana Dili Günü münasibətilə evdə mərasim keçirdiklərinə görə saxlanılaraq məhkəmə tərəfindən uzun müddətli həbs və sürgünə məhkum ediliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.