Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil İranda insan haqlarının pozulması ilə bağlı narahatlığını ifadə edib
Bu gün, 16:44

Tehranın Evin həbsxanasında saxlanılan vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi İranda Vəkil Günü münasibətilə həbsxanadan mesaj yayımlayaraq bu günü qeyd edib və həmkarlarına müraciət edib. O həmçinin ölkədə insan haqlarının vəziyyətini tənqid edərək, insan haqlarının monitorinqini aparmaq üçün müstəqil qeyri-hökumət təşkilatlarının yaradılmasını təklif edib.
Hazırda 5 illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı hüquq müdafiəçisi Fəqihi fevralın 25-də yayımladığı açıq məktubda İranda vəkillərin üzləşdiyi çətinliklər, peşə fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər, Vəkillər Kollegiyasının müstəqilliyinin qorunmasının əhəmiyyəti, vətəndaş hüquqlarının müdafiəsi və insan haqlarının pozulması ilə bağlı narahatlığını ifadə edib. O həmçinin vətəndaş cəmiyyətinin azadlıqları qorumaqda oynadığı əsas rola diqqət çəkərək, ölkədə müstəqil institutların yaradılmasının vacibliyini vurğulayıb.
Hüquq müdafiəçisi Sina Yusifinin X hesabında paylaşdığı bu yazılı mesajda Fəqihi İran parlamenti və məhkəmə sistemi tərəfindən Vəkillər Kollegiyasının müstəqilliyinin məhdudlaşdırılması cəhdlərini tənqid edib. O bildirib ki, əgər vəkillər kollegiyasının məhv edilməsinə və onun məhkəmə sistemindən asılı hala gətirilməsinə başlanılarsa, o, vəkillik vəsiqəsini Vəkillər Kollegiyasına qaytaracaq və hüquq sisteminin müstəqilliyini və şərəfini bərpa etmək üçün mübarizə aparacaq.
Siyasi məhbus və azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin açıq məktubunda İranda insan haqları sahəsində vəziyyəti tənqid edilir. Hüquq müdafiəçisi qeyd edir ki, "hökumətə bağlı qurumlar, o cümlədən İran məhkəmə sisteminin insan haqları qurumu və dövlətə bağlı digər qurumlar insan haqlarını qorumaq əvəzinə, əslində vətəndaşların fundamental hüquqlarının pozulmasını ört-basdır etmək üçün bir vasitəyə çevrilib."
Fəqihi vurğulayır ki, İran hakimiyyəti beynəlxalq insan haqları konvensiyalarını imzalasa da bu öhdəliklərə əməl etmir. Buna görə də o, ölkədə insan haqlarının monitorinqini aparmaq üçün "Fundamental Hüquqlar və Azadlıqların Müdafiəsi üzrə Milli İnstitut" adlı müstəqil və qeyri-hökumət təşkilatının yaradılmasını təklif edib.
O, mesajında İran hakimiyyətinin insan haqlarına dair beynəlxalq konvensiyaları imzalaması, lakin bu prinsiplərə əməl etməməsi ilə bağlı ikili davranışını tənqid edib.
Azərbaycanlı hüquq müdafiəçisi sual edib: "Əgər İran İslam Respublikası vətəndaşlarının fundamental hüquq və azadlıqlarına hörmət edildiyini iddia edirsə, o zaman BMT-nin xüsusi məruzəçilərinin ölkədə insan haqlarının vəziyyətini araşdırmasına niyə imkan verilmir?"
Fəqihi 2022-ci ilin oktyabrında Tehranda Mərkəzi Vəkillər Kollegiyasının binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunub. Aksiya İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına və həmin zaman kütləvi etirazlarda iştirak edən vətəndaşların hüquqlarının tapdalanmasına etiraz olaraq keçirilmişdi.
O, Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavatinin qərarı ilə "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib. Daha sonra Tehran Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsi bu hökmü qüvvədə saxlayıb. Məhəmmədrza Fəqihi bu ilin yanvar ayında həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.