Milli fəal Vədud Əsədi həbs cəzasının icrası üçün Tehrana çağırılıb

Bu gün, 17:44           
Milli fəal Vədud Əsədi həbs cəzasının icrası üçün Tehrana çağırılıb
Gilan vilayətinin Rəşt şəhərində yaşayan milli fəal Vüud Əsədi Tehran Ümumi və İnqilab Məhkəməsinin 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 1-ci hökmlərin icra şöbəsi tərəfindən həbs cəzasının icrası üçün Tehrana çağırılıb.

O, fevralın 25-də şəxsi İnstagram səhifəsində çağırış vərəqəsinin surətini paylaşaraq bildirib ki, ona hakim Salavati tərəfindən verilən həbs hökmünün icrası üçün çağırış vərəqəsini gözləyirdi.

Vədud Əsədi 33 gün Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən hakim Əbulqasım Salavatinin sədrliyi ilə “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə həbs cəzasına məhkum edilmişdi.

Əsədi məhkəmə prosesinin ədalətsiz olduğunu bildirərək vurğulayıb ki, ittiham olunduğu işdə adı keçən bəzi şəxsləri heç vaxt yaxından görməyib və sözügedən toplaşma və sözləşmənin harada və necə baş verdiyindən xəbərsizdir.

O həmçinin ona qarşı qaldırılan başqa bir işlə bağlı Rəşt İnqilab Məhkəməsinin 3 saylı şöbəsinin hakimi Mehdi Rasexini tənqid edərək, onun "əvvəlcədən hazırlanmış hökmlər" çıxardığını irəli sürüb.

Milli fəal şənbə günü Tehrana yola düşəcəyini və Tehran İnqilab Məhkəməsi tərəfindən verilən 4 illik həbs cəzasının icrası üçün Evin həbsxanasına təhvil veriləcəyini elan edib.
Vədud Əsədi ötən ilin fevral ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin həbsxanasındakı İran Kəşfiyyat Nazirliyinin təcridxanasına köçürülmüşdü. Onun həbsi İranın müxtəlif şəhərlərində onlarla türk fəalın həbs edildiyi dövrə təsadüf edib. Təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirmə prosesi başa çatdıqdan sonra Evin həbsxanasının ümumi bölməsinə köçürülən Əsədi daha sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Tehran İnqilab Məhkəməsi hakim Əbülqasım Salavatinin sədrliyi ilə milli fəalları ağır təhlükəsizlik ittihamları və casusluqla mühakimə edərək uzunmüddətli həbs cəzalarına məhkum edib. Həmin hökmlər apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.

Vədud Əsədi İranda azərbaycanlıların hüquqlarını müdafiə edən tanınmış fəallardan biridir və daha öncə də apardığı dinc mübarizəsinə görə həbs və məhkəmə prosesləri ilə üzləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.