İran parlamenti "etnik dillərin ədəbiyyatının tədrisi" layihəsini rədd edib

Bu gün, 11:44           
İran parlamenti "etnik dillərin ədəbiyyatının tədrisi" layihəsini rədd edib
İran parlamentinin əksər üzvlərinin səsi ilə parlamentin Təhsil Komissiyası tərəfindən təklif olunan və 6 maddədən ibarət "etnik dillərin ədəbiyyatının tədrisi" layihəsi rədd edildi.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, bu gün, 26 fevral tarixində parlamentin iclasında "Etnik dillərin ədəbiyyatının tədrisi" adlı qanun layihəsi müzakirəyə çıxarılıb. 246 deputatın iştirak etdiyi iclasda layihə 104 lehinə, 130 əleyhinə, 5 isə bitərəf səslə rədd edilib və ümumi əsasları qəbul olunmayıb.

İran parlamentinin prosedur qaydalarına əsasən, layihənin əsaslarına qarşı çıxmaq həmin qanun layihəsinin və ya təklifin gündəlikdən çıxarılması və baxılmasının dayandırılması anlamına gəlir.

Bu qanun layihəsi parlamentin Təhsil Komissiyası tərəfindən hazırlanmış və iclasda müzakirəyə çıxarılmışdı.

Diqqət çəkən məqamlardan biri isə hökumətin parlamentdəki nümayəndəsi Seyyid Kazım Dilxoş Əbatərinin bu layihəyə qarşı çıxaraq onun əleyhinə çıxış etməsidir. O, parlamentin Təhsil Komissiyasının təklif etdiyi bu layihənin İran Konstitusiyasının 57-ci maddəsinə zidd olduğunu bildirib. Həmin maddə, dövlətə əlavə maliyyə yükü yaradan qanunların qarşısını almağı nəzərdə tutur.

Bundan əlavə, o, layihədəki texniki problemlərə toxunaraq dolayısı ilə ölkə rəhbərinin də bu layihəyə qarşı olduğunu vurğulayıb və bildirib: "Mədəni İnqilab Ali Şurası, ali rəhbərin önəm verdiyi bir qurum olaraq, bu layihəyə qarşıdır."
Səsvermədən sonra parlamentin sədri Məhəmmədbağır Qalibaf layihənin əsaslarının təsdiqlənmədiyini elan edərək, onun 6 ay müddətinə parlamentin gündəliyinə daxil edilməyəcəyini bildirib. O, Təhsil Komissiyasına layihənin Mədəni İnqilab Ali Şurası ilə birlikdə müzakirə olunmasını və daha əhatəli bir qanun layihəsinin hazırlanmasını tövsiyə edib.

Təhsil Komissiyasının sədri, Təbrizli deputat Əlirza Münadi tərəfindən təqdim edilən 6 maddədən ibarət layihəyə əsasən, “Etnik və yerli dillərin ədəbiyyatının tədrisi” iki təhsil mərhələsində və seçməli dərs kimi həftədə iki saat təşkil olunmalı idi. Bu dərslərin məzmunu Fars Dili və Ədəbiyyatı Akademiyasının nəzarəti altında hazırlanmalı və tədris dili fars dili olaraq qalmalı idi. Həmin dərsləri keçən müəllimlər də fars dilində dərs deməli idilər.

Təbrizdən olan deputat Əlirza Novin X hesabında məsələ ilə bağlı hökumətin başçısı Pezeşkianı tənqid edib. O, paylaşımında seçkidən əvvəl və sonra bütün prezidentlərin konstitusiyanın 15-ci maddəsi zəminində verdikləri vədlərə əməl etmədiklərini vurğulayaraq “Azərbaycanlılar üçün bu artıq tanış bir dərddir” ifadəsini işlədib. O, prezidentə xitabən yazıb: “Ən azından Pezeşkianın rəhbərlik etdiyi hökumətdə hökumət nümayəndəsinin parlamentdə etnik dillərin tədrisinə qarşı çıxış etməsi gözlənilməz idi.”

Bundan əlavə, o, Fars Dili və Ədəbiyyatı Akademiyasının və Mədəni İnqilab Ali Şurasının "inhisarçı" adlandırdığı yanaşmalarını tənqid edərək, bu iki qurumun milyonlarla İran vətəndaşının hüquqlarını pozmasına imkan verilməməli olduğunu vurğulayıb.
O, Təbrizdən olan digər deputatlara layihənin lehinə çıxış etdiklərinə görə təşəkkür edib və bildirib ki, nə hökumət, nə də parlament onların səslərini eşitmək istəmədi.

Bu xəbər milli fəallar arasında da geniş rezonans doğurub. Parlamentdə hökumət nümayəndəsinin layihəyə qarşı çıxışı tənqidlə qarşılanıb.

Konstitusiyanın 15-ci maddəsi etnik və yerli dillərin tədrisini sərbəst hesab edir. Bununla belə, bu konstitusiya maddəsi hələ də İran İslam Respublikasında icra olunmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.