Tehran İnqilab Məhkəməsində Əlirza Fərşinin məhkəmə iclası keçirilib

Dünən, 17:44           
Tehran İnqilab Məhkəməsində Əlirza Fərşinin məhkəmə iclası keçirilib
Martın 1-də Tehran İnqilab Məhkəməsində Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində yaşayan türk dil haqları fəalı Əlirza Fərşinin məhkəmə iclası keçirilib.

Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat verib.

“Martın 1-də Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsində türk fəalın iştirakı olmadan keçirilən iclasda cənab Fərşinin vəkili ‘nizama qarşı təbliğat’ ittihamı ilə əlaqədar müvəkkilini müdafiə edib”, məlumatda bildirilir.

Əlirza Fərşinin “nizama qarşı təbliğat” ittihamından təqsirkar olduğuna dair qərar bir neçə həftə əvvəl Tehran vilayətində Baharistan şəhəri prokurorluğunun istintaq idarəsi tərəfindən çıxarılıb. Qərarda “Baharistan şəhərinin kəşfiyyat şöbəsinin hesabatı” və “Fərşinin sosial şəbəkələrdə paylaşdığı görüntülərə” istinadən siyasi fəalın təqisrkar olduğuna qərar verildiyi açıqlanıb.
Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl uzun müddət həbsdə saxlanılıb və universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O, Dünya Ana Dili Günü tədbirlərinə qatılmaq və türkcə kitab paylamaq kimi fəaliyyətlər səbəbilə mühakimə olunub.

Fərşinin rəhbərlik etdiyi “Kəndimiz Vəqfi”nin keçən illərdə “Hər kənd üçün bir türkcə kitab evi” kampaniyası çərçivəsində İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərdə türkcə kitablar hədiyyə edilirdi. Vəqfin fəaliyyətləri daha sonra ona qarşı çıxarılan məhkəmə hökmündə dəlil hesab edilib.

Keçən günlərdə İran Azərbaycanının müxtəlif şəhərlərində dil hüquqları sahəsində fəaliyyət göstərən fəallara qarşı təqib və təzyiqlərin artdığına dair xəbərlər yayılıb. Hüquq müdafiəçiləri, o cümlədən 21 fevral Dünya Ana Dili Günü münasibəti ilə türkcə kitab paylayan bəzi mədəni fəalların saxlanıldığı bildirib.

Bununla yanaşı, Təbrizdə bir məktəbin məsullarının ticarət mərkəzində ana dili günü ilə bağlı tədbir keçirilməsi ilə əlaqədar basqılara məruz qaldığına dair xəbərlər yayılıb. Tədbirdə çox sayda məktəb şagirdinin iştirakı ilə türk dilində mahnılar ifa olunmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.