Siyasi məhbus Əzimi Qədim aclıq aksiyasına başlayaraq, fəalları bu kampaniyaya qoşulmağa çağırıb

Dünən, 16:18           
Siyasi məhbus Əzimi Qədim aclıq aksiyasına başlayaraq, fəalları bu kampaniyaya qoşulmağa çağırıb
Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim 2 mart tarixindən aclıq aksiyasına başladığını elan edib. O, bu addımı Tehran İnqilab Məhkəməsinin türk fəallara qarşı çıxardığı uzunmüddətli həbs hökmlərinə etiraz olaraq atdığını bildirib. O həmçinin həbsxanadan yayımladığı səs faylı vasitəsilə istər həbsdə, istərsə də azadlıqda olan milli fəalları aclıq aksiyasına qoşulmağa çağırıb.

Sözügedən səs faylı Araz News saytında yayımlanıb. Əbdüləziz Əzimi Qədim həmin audio-müraciətində milli fəalları aclıq aksiyasına qoşulmağa və Tehranda fəallara qarşı çıxarılan ağır hökmlərə etiraz etməyə səsləyir. O həmçinin Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətində olduğunu bildirərək, Ali Məhkəmənin bu ədalətsiz hökmləri ləğv edəcəyinə ümid etdiyini ifadə edib.

Əbdüləziz Əzimi Qədim aclıq aksiyasına başlamasının səbəblərindən biri kimi İran İslam Respublikasının Məhkəmə Sistemi rəhbəri Qulamhüseyn Möhsüni Ejei ilə görüş tələbini göstərib. O, Möhsüni Ejei ilə görüşüb, fəallara çıxarılan hökmlərlə bağlı cavab almaq istədiyini bildirib.

Əzimi Qədim audio-müraciətində azərbaycanlı fəalların işinə baxılması prosesinə dair bir sıra suallar səsləndirib. Bu suallardan biri fəalların işinin niyə yaşadıqları bölgədə yox, məhz Tehranın Evin həbsxanasına köçürülərək, İnqilab Məhkəməsində hakim Əbülqasım Salavatinin sədrliyi ilə aparılması ilə bağlıdır. O həmçinin vurğulayıb ki, əgər Məhkəmə Sistemi rəhbəri ilə görüş imkanı qazansa, bu sualı mütləq gündəmə gətirəcək: “Necə olur ki, Əbülqasım Salavati çıxardığı hökmlərin böyük əksəriyyəti Ali Məhkəmə tərəfindən ləğv olunduğu halda, hələ də İran məhkəmələrinin bir nömrəli hakimi kimi fəaliyyətini davam etdirir?”

Əzimi Qədim milli fəallara müraciət edərək, hətta qısa müddətlik də olsa, bu etiraz aksiyasına qoşulmağa və Evin həbsxanasındakı fəallara dəstək verməyə çağırıb ki, onların səsi beynəlxalq insan haqları qurumlarına çatsın.

O, tələb və məqsədlərinə çatıb-çatmayacağını bilmədiyini desə də, vurğulayıb ki, "İran İslam Respublikası heç bir halda demokratik dövlət deyil. Bu rejim üçün nəinki öz vətəndaşlarının həyatı dəyərsizdir, hətta müxaliflərini də aradan qaldırmağa çalışır."

Əzimi Qədim eyni zamanda ümid etdiyini bildirib ki, "Milli Hərəkatda səmimiyyət və birlik daha da güclənər, təşkilatlanma və cəbhələşmə baş verər və azərbaycanlıların demokratik mübarizəsi əvvəlkindən daha güclü şəkildə davam edər."

Siyasi məhbusun aclıq aksiyası kampaniyasına qoşulmaq çağırışı bəzi milli fəallar tərəfindən qəbul edilib. Tanınmış milli fəal Yürüş Mehrəlibəyli öz İnstagram səhifəsində elan edib ki, iki günlük aclıq aksiyasına qoşulacaq. İndiyə qədər bir sıra fəallar bu çağırışı müsbət qarşılayıblar. O cümlədən, Vəhid Əbhəri və Sima Əlipur da öz İnstagram hesablarında paylaşım edərək bildiriblər ki, bacardıqları qədər aclıq aksiyasını davam etdirəcəklər.

Əbdüləziz Əzimi Qədim əslən Vərziqandan olan və hazırda Tehran vilayətində yaşayan keçmiş ruhanidir. O, İranda azərbaycanlıların hüquqları uğrunda apardığı dinc mübarizəyə görə ruhani statusundan məhrum edilib.

Əzimi Qədim fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və müxtəlif məhkəmələrdə mühakimə olunub. O, 2024-cü il fevralın 6-da Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Evin həbsxanasına köçürülüb və o vaxtdan bu günə qədər həbsdə saxlanılır. Əzimi Qədim müxtəlif şəhərlərdə həbs olunan digər milli fəallarla birlikdə, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə hakim Əbülqasım Salavati tərəfindən 5 il həbs cəzasına məhkum edilib. O, ilkin mərhələdə casusluq ittihamı ilə də üzləşsə də, sonradan bu ittiham dosyesindən çıxarılıb.

Ümumilikdə, Evin həbsxanasında saxlanılan fəalların məhkəmə prosesləri qeyri-şəffaf şəkildə aparılıb, bəzi hallarda vəkillərin iştirakı təmin olunmayıb və çıxarılan hökmlər qısa müddət ərzində apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.