Ankaranın İranı tənqid etməsindən sonra Türkiyə və İran bir-birilərinə qarşı narazılıqlarını dilə gətirib

Dünən, 12:38           
Ankaranın İranı tənqid etməsindən sonra Türkiyə və İran bir-birilərinə qarşı narazılıqlarını dilə gətirib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranın Suriyada və başqa yerlərdə yarı-hərbi qruplara dəstək siyasətini tənqid etdikdən sonra İran və Türkiyə bir-birinin diplomatlarını müzakirələr üçün xarici işlər nazirliklərinə çağırıblar.

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, bazar ertəsi İran xarici işlər nazirinin baş köməkçisi Türkiyənin Tehrandakı səfiri ilə görüşüb və "ikitərəfli münasibətlərdə mübahisələrə və gərginliyə səbəb ola biləcək “uyğun olmayan” ifadələrdən və qeyri-real təhlillərdən" çəkinməyin vacibliyini vurğulayıb.

İran rəsmisi Mahmud Heydəri də Türkiyə səfirinə deyib ki, müsəlman ölkələri səylərini İsrailin fələstinli ərazilərdə və Suriyada “cinayət və təcavüzlərini” dayandırmaq üçün cəmləməlidir.

Türkiyə cavab olaraq çərşənbə axşamı İranın müvəqqəti işlər vəkilini müzakirələrə dəvət edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncu Keçeli bildirib ki, iranlı diplomata xarici siyasət mövzularından daxili siyasi məqsədlər üçün istifadə edilməməli olduğu və mesajların ictimaiyyətə açıq şəkildə deyil, birbaşa Türkiyə rəsmilərinə çatdırılmalı olduğu deyilib.

Fidan ötən həftə Al-Jazeera televiziyasına verdiyi müsahibədə İranın xarici siyasətini tənqid edərək, Tehranın Yaxın Şərq regionunda yarı-hərbi qruplara güvənməsini “riskli” strategiya kimi təsvir edib və siyasətdə dəyişiklik etməyə çağırıb.

“Əgər siz başqa bir ölkədəki qrupa dəstək verməklə orada iğtişaşlar yaratmağa çalışsanız, başqa bir ölkə də burada bir qrupa dəstək verməklə sizin ölkədə iğtişaşlar yaratmağa cəhd edə bilər,” Fidan bildirib.

İki qonşu arasında gərginlik Suriyada keçmiş prezident Bəşər Əsəd hökumətinin devrilməsi ilə İranın həmin ölkədəki təsirinin zəiflədiyi və Türkiyənin nüfuzunun artdığı bir vaxta təsadüf edir. Yeni, sünni islamçı hökumət İranın dəstəklədiyi yarı-hərbi qruplaraq təhlükə kimi baxır.

İran hökumətinin sözçüsü Fatimə Mohacerani çərşənbə axşamı deyib ki, Fidanın açıqlamaları "qeyri-konstruktivdir." O əlavə edib: "Ümid edirik ki, onların təkrarlanmasının şahidi olmayacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.