Təbrizli ailə məhkəmə yolu ilə üçəmlərinə türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilib

Bu gün, 12:38           
Təbrizli ailə məhkəmə yolu ilə üçəmlərinə türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilib
Təbrizdə Səfəri ailəsi aylarla hüquqi mücadilədən sonra Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin qərarı ilə üçəmlərinə seçdiyi Elşən, Elnur və Sevgi adları ilə şəxsiyyət vəsiqəsi almağa nail olub.

Dan dərgisi adlı Instagram hesabı və Güney Azərbaycan Televiziyası (Günaz TV) kimi mənbələr bu barədə məlumat yayıblar.

Surətləri Dan dərgisi Instagram səhifəsində paylaşılan sənədlərdə Elşən, Elnur və Sevgi adlarının İran Azərbaycanında istifadə edilən ərəb əlifbası ilə türkcə yazı qaydalarına uyğun olaraq yazıldığı görünür.

Mənbələrin bildirdiyinə görə, Təbriz qeydiyyat şöbəsi daha əvvəl sözügedən adların yazılışının fars dilinin orfoqrafiya qaydalarına uyğun olmadığına görə onları qeydiyyatdan keçirməkdən imtina etmişdi.

Səfəri ailəsi keçən il sentyabr ayının 15-də dünyaya gələn üçəmlərinə şəxsiyyət vəsiqəsi ala bilmək üçün məhkəməyə baş vurmuşdu. Məhkəmə onların lehinə qərar çıxarsa da qeydiyyat şöbəsi işi Apellyasiya Məhkəməsinə yönəltmişdi. Ancaq Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi də ilkin məhkəmənin qərarını qüvvədə saxlayaraq. qeydiyyat idarəsinin ailənin seçdiyi adlara şəxsiyyət vəsiqəsi verməsi barədə qərar verib. İndi üçəmlər dünyaya gəldikdən tərqibən 6 ay sonra şəxsiyyət vəsiqəsi sahibi olublar.

İranın müxtəlif vilayətlərində qeydiyyat şöbələri daha əvvəl məhkəmə qərarı ilə qeydiyyatdan keçmiş bəzi türkcə adlara belə şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər. Məsələn, sosial şəbəkələrdə daha əvvəl məhkəmə yolu ilə Sevgi və Elşən adları üçün alınan şəxsiyyət vəsiqələrinin surəti paylaşılmışdı, ancaq həmin adları seçən Səfəri ailəsinin uşaqları Apellyasiya Məhkəməsinin qərar çıxarmasına qədər 6 aya yaxın vəsiqəsiz qalmışdılar.

Keçən bir neçə il ərzində Türkay və AlpAslan kimi adlarla şəxsiyyət vəsiqəsi alan bir neçə ailə də ayrı-ayrı məhkəmələrə müraciət etmək məcburiyyətində qalıblar.

İran Azərbaycanı, eləcə də Tehran, Əlburz və Gilan kimi vilayətlərdə aylar və hətta illərdir uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr var. Bəzi ailələr şəxsiyyət vəsiqəsi almaq üçün hüquqi mücadiləyə davam edirlər, ancaq bu müddətdə dövlətin səhiyyə və digər xidmətlərindən yararlana bilmirlər və özəl sektordan xidmət almaq üçün yüksək məbləğlər ödəməli olurlar. Bəzi ailələr isə bu çətinliklər üzündən başqa adla vəsiqə almağa razılıq vermək məcburiyyətində qalır.

Qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını irəli sürərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Son vaxtlar gündəmə gələn bəzi nümunələrdə isə bəzi adlar yazılışının fars dilinin yazı qaydalarına uyğun olmadığına görə qeydiyyatdan keçməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.