Təbrizdə üç mədəni fəal Ümumi və İnqilab Prokurorluğuna çağırılıblar
Bu gün, 16:18

Təbrizdə mədəni fəallar və “Traktor Azərbaycan” komandasının azarkeşləri Rza Səlimi, Səməd Heydəri və Əmin Tağızadə şəhərin Ümumi və İnqilab Prokurorluğuna çağırılıblar.
AZOH Telegram kanalı və İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi kimi mənbələr bu barədə məlumat yayıb.
Fəallara göndərilən 4 mart tarixli çağırış vərəqəsində onlardan 5 gün ərzində prokurorluğun 10-cu şöbəsinə müraciət etmələri tələb olunub. Çağırış vərəqəsində verilən möhlət ərzində müraciət edilmədiyi təqdirdə fəallara qarşı həbs qərarı çıxarılacağı bildirilib.
Surəti AZOH Telegram kanalında yayılan sənəddə yazılanlara görə, fəallara qarşı “bölücülüyü dəstəkləyən şüarlar yazıb və şəhərdə digər ölkələrin bayraqlarını asaraq nizama qarşı təbliğat fəaliyyəti göstərmək, habelə daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədi ilə toplaşmaq və əlbir olmaq ittihamı” irəli sürülüb.
Əmin Tağızadə bir neçə gün əvvəl Təbriz prokurorluğuna müraciət etdiyi zaman nəzarət altına alınmışdı. Araz News xəbər saytının bildirdiyinə görə, o, bir neçə gün nəzarətdən sonra martın 4-də bir milyard tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldığı gün yenidən prokurorluğa çağırılıb.
Rza Səlimi və Səməd Heydəri isə yanvar ayında saxlanılıb və təqribən 2 həftə nəzarətdən sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıblar.
Səməd Heydəri və Əmin Tağızadə daha əvvəl “Traktor Azərbaycan” komandasının oyunlarının keçirildiyi zaman saxlanılıb və mühakimə olunublar. Türk fəallar son vaxtlar Taktor futbol komandasının tərəfdarlarına qarşı təzyiqlərin yenidən artdığını bildirirlər.