Türkiyə Suriyanı xaosa çəkənlərə SAVAŞ AÇIR: Kremlin qoruduğu Əsəd terrorçulara Rusiyadan TƏLİMATLAR VERİR

Bu gün, 08:14           
Türkiyə Suriyanı xaosa çəkənlərə SAVAŞ AÇIR: Kremlin qoruduğu Əsəd terrorçulara Rusiyadan TƏLİMATLAR VERİR
Suriya uğrunda mübarizə hələ sona çatmayıb, Türkiyənin regionda hegemon geopolitik iradə mərkəzinə çevrilməsi bəzi xarici gücləri ciddi şəkildə narahat etməyə başlayıb... Ona görə də, Əsəd rejiminin tör-töküntülərindən istifadə etməklə, yenidən bu ölkədə xaos dönəmini geri qaytarmağa çalışırlar və bu, Suriyanı uzunmüddətli vətəndaş savaşına da sürükləyə bilər...
Suriya böhranı yenidən Yaxın Şərqdə əsas problemlərdən birinə çevrilməyə başlayıb. Halbuki, Əsəd rejiminin süquta uğradılmasından sonra Suriyanın yeni şərtlər altında mövcudluğu üçün münbit şəraitin yarandığı iddia olunurdu. Hətta Suriyanın yenidən bərpa olunması ilə bağlı dinc quruculuq prosesinə də start verilmişdi. Və bu prosesin onilliklər boyu Əsəd rejiminin zülmünə məruz qalmış suriyalılara sülh şəraitində normal həyat imkanları açacağı gözlənilirdi.

Ancaq hazırda bütün bu gözləntilər olduqca böyük risk altına düşüb. Belə ki, Əsəd rejiminin qalıqları Suriyada silahlı qiyama cəhd göstərirlər. Son məlumatlara görə, devrilmiş və Rusiyaya qaçmış prezident Bəşər Əsədin silahlı terror dəstələrinin tör-töküntüləri Suriyanın müvəqqəti hökumət qüvvələrinə qarşı hücumlar etməyə başlayıblar. Hazırda bəzi Suriya şəhərlərində ağır küçə döyüşlərinin olduğu bildirilir. Və Suriya hökuməti silahlı qiyamı yatırmaq üçün əlində olan məhdud resursları işə salmaq məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Suriya hökuməti əvvəllər Əsəd rejimini dəstəkləmiş terrorçu qruplaşmalara qarşı genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Suriya mənbələrinin məlumatlarına görə, toqquşmalar ölkənin bir neçə bölgəsində, o cümlədən, mərkəzi və cənub vilayətlərində baş verir. Məhz həmin bölgələrdə Əsəd rejiminə bağlı silahlı terror qruplaşmaları son vaxtlar ciddi şəkildə fəallaşıblar. Və Əsədin terrorçuları dinc sakinlərin təhlükəsizliyinə təhdid yaradır və ölkədaxili vəziyyəti qeyri-sabitləşdirir.

Suriyanın hökumət qüvvələri bildirir ki, onların hərəkətləri yalnız terror təhlükəsinin aradan qaldırılmasına və qayda-qanunun bərpasına yönəlib. Ona görə də, Suriya ordusu silahlı qiyamçılara qarşı antiterror əməliyyatlarını davam etdirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Yəni, Suriyanın yeni hökuməti ölkənin Əsəd rejimi dövründəki daxili xaos dönəminə qaytarılmasına imkan verməyəcəyini vurğulayır. Və bu istiqamətdə ən sərt addımların atılacağına yönəlik qətiyyətli mesajlar verir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara da Əsəd rejiminin terrorçularına qarşı mübarizədə Suriya hökumətinə dəstək verəcəyini gizlətmir. Belə ki, bəzi məlumatlara görə, Türkiyə Suriyada sülhün və sabitliyin qorunması, Əsəd rejiminə bağlı silahlı terrorçuların məhv edilməsi üçün İdlibə qoşun yeritmək qərarı verib. Türkiyə ordusunun böyük hərbi karvanının Suriyanın İdlib bölgəsinə Bab əl-Hava sərhəd keçid məntəqəsindən daxil olduğu barədə də məlumatlar mövcuddur.

Rəsmi Ankara Suriyada, eləcə də, regionda sabitliyin qorunmasına və Əsəd rejimi ilə əlaqəli terror qruplaşmalarının zərərsizləşdirilməsi baxımından, Türkiyə ordusunun hərəkətə gətirilməsini olduqca vacib addımlardan biri hesab edir. Suriya mənbələrinin məlumatına görə, Türkiyə silahlı qüvvələri İdlibin əsas bölgələrində mövqelərini gücləndirir, bu isə dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi və yeni zorakılıq dalğasının qarşısının alınması baxımından, mühüm hərbi əməliyyat hesab edilir. Və rəsmi Ankaranın Suriyada baş verənlərə bu sərt, həm də qətiyyətli reaksiyası əslində, bu ölkədə yeni xaos yaratmaq istəyən xarici güclərə də ciddi xəbərdarlıq mesajıdır.
Məsələ ondadır ki, Suriya hökumətinə bağlı mənbələr Əsəd rejiminin tör-töküntülərinin terrorçuluq fəaliyyətinə keçməsinin qətiyyən təsadüfi olmadığını vurğulayırlar. Onların iddialarına görə, Əsəd rejiminə bağlı silahlı terrorçuların son davranışları birbaşa xarici kəşfiyyat qurumları tərəfindən idarə olunur. Və bu iddiaların izahı ilk növbədə Rusiyanı ön plana çıxartmış olur.
Maraqlıdır ki, hazırda Suriya hökuməti və Kreml təmsilçiləri arasında Rusiya hərbi bazaları ilə bağlı məsələ ciddi müzakirə mövzusudur. Hətta son vaxtlar Rusiya təmsilçiləri bu məsələ ilə bağlı bir neçə dəfə Suriyaya səfər də ediblər. Ancaq hələlik Suriyadakı Rusiya hərbi bazalarının gələcək taleyi qeyri-müəyyən olaraq, qalmaqdadır. Düzdür, yeni hökumət Rusiya hərbi bazalarının Suriyadan dərhal çıxarılması ilə bağlı israrlı mövqe tutmur. Buna baxmayaraq, rəsmi Dəməşq olduqca ciddi şərtlər, eləcə də, xüsusi ödəniş tələb edir. Və Kremldə hələlik bununla razılaşmaq istəmirlər.

Ona görə də, bəzi ehtimallara görə, məhz Rusiya Suriyada yenidən daxili xaosun naş qaldırılmasında maraqlı xarici güc rolunda çıxış etmiş ola bilər. Üstəlik, Əsəd rejiminə bağlı terrorçular indi daha çox Rusiya kəşfiyyatının nəzarətində olmuş bölgələrdə fəaliyyətə keçiblər, oradakı əhalinin dəstəyini almağa nail olublar. Digər önəmli məqamlardan biri də odur ki, hazırda ən ağır silahlı toqquşmalar məhz Rusiya hərbi bazalarının dislokasiya olunduğu şəhərlərdə baş verməkdədir. Və bütün bunlar əsas şübhələri Rusiyanın revanşa qərar vermiş ola biləcəyinə yönəldir.

Nəhayət, Suriya hakimiyyəti bir müddət öncə Rusiyadan devrilmiş prezident Bəşər Əsədin təhvil verilməsini də tələb etmişdilər. Kreml bu tələbə hər hansı reaksiya verməmişdi. Yəni, Rusiya hərbi cinayətkarı - Bəşər Əsədi himayə edir, Suriyaya təhvil vermək istəmir. Bu isə o deməkdir ki, Kremlin Bəşər Əsədlə bağlı planları hələ aktual olaraq, qalmaqdadır. Və Rusiya Suriyanın cinayətkar keçmiş diktatorundan bundan sonra da istifadə etmək niyyətindədir.

Bütün bunlar onu göstərir ki, Suriya uğrunda mübarizə hələ sona çatmayıb. Suriyanın bərpa edilməsi prosesində avanqard mövqeyə malik Türkiyənin regionda hegemon geopolitik iradə mərkəzinə çevrilməsi bəzi xarici gücləri ciddi şəkildə narahat etməyə başlayıb. Ona görə də, Əsəd rejiminin tör-töküntülərindən istifadə etməklə, yenidən bu ölkədə xaos dönəmini geri qaytarmağa çalışırlar. Və bu, Suriyanı uzunmüddətli vətəndaş savaşına da sürükləyə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.