Təbriz, Əhər, Həmədan və Qəzvində 6 nəfər edam edilib

Bu gün, 17:14           
Təbriz, Əhər, Həmədan və Qəzvində 6 nəfər edam edilib
2024-cü ildə 1000-ə yaxın məhbusun edam edildiyi İran İslam Respublikasında edamlar rekord həddə qalmaqda davam edir.

Hüquq müdafiəçiləri bu yaxınlarda İranın Şərqi Azərbaycan, Həmədan, Qəzvin, Qum, Sistan və Bəluçistan, Mərkəzi və Buşehr kimi vilayətlərində icra edilən edam hökmləri barəsində məlumat yayıblar.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu keçən təqribən bir həftə ərzində Təbrizdə üç nəfər, Əhər, Həmədan və Qzəvin şəhərlərinin hər birində isə bir məhkumun edam edildiyini bildirib.

36 yaşlı Həsən Fəthi və 33 yaşlı Ramin Əlayi narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar Təbrizin mərkəzi həbsxanasında asılıblar. Təbrizdə həmçinin qəsdən adam öldürməkdə təqsirli bilinən 26 yaşlı Məhəmməd İraqinin qisas hökmü icra edilib.

Son günlərdə Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində də bir nəfər asılıb. Əslən Qəzvin vilayətindən olan İzzət Zeynalının ölüm cəzası martın 4-də Əhər həbsxanasında tətbiq edilib. Hüquq müdafiə qurumunun xəbərinə görə, 35 yaşlı Zeynali narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunmuşdu.

Simin Səbri: Edamların çoxalması toplumda insan ləyaqətini aşındırıb və zorakılığı normallaşdırır
Həmədan və Qəzvin şəhərlərindəki edamlar çərşənbə günü icra edilib. Həmədanda asılan Cəlal Əşkani narkotik maddə qaçaqmalçılığı və Qəzvində asılan 42 yaşlı İman Şükrüllahzadə qətl aktı ilə əlaqədar ölüm cəzasına məhkum olunmuşdular.

IHR qrupu həmçinin 27 yaşlı bir kişinin təqribən 10 gün əvvəl Ərdəbil şəhərində asıldığını bildirib. Ərdəbildə asılan məhkumun adı Əli Vətənxah olaraq açıqlanıb. Qəsdən adam öldürməkdən təqsirli bilinən Vətənxah üç il əvvəldən həbsdə imiş.

İranda “qəsdən adam öldürmək”də təqsirli bilinən şəxslər qisasa məhkum olunur. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur. Təqsirləndirilən şəxs məhkum edildikdən sonra qurbanın ailəsindən qisas, diyə və əfv arasında seçim etmələri tələb olunur. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.