Əlirza Fərşi 8 ay həbs cəzasına məhkum edilib

Dünən, 16:18           
Əlirza Fərşi 8 ay həbs cəzasına məhkum edilib
İran Azərbaycanının Mərənd şəhərində yaşayan türk dili haqları müdafiəçisi Əlirza Fərşi Tehran İnqilab Məhkəməsinin 23 saylı şöbəsi tərəfindən səkkiz ay həbs cəzasına məhkum edilib.

Əlirza Fərşi bu barədə sosial media hesabında məlumat yayıb. Məlumata görə, məhkəmə onu “sistem əleyhinə təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə günahkar bilərək səkkiz ay azadlıqdan məhrum edib.

Məhkəmə Fərşinin sosial şəbəkələrdəki paylaşımlarını ittiham üçün əsas kimi göstərib. Onun məhkəmə iclası martın 1-də, iştirakı olmadan baş tutub.

Bundan öncə, cari ilin fevral ayında Tehran vilayətində Baharistan şəhərinin prokurorluğunun birinci istintaq şöbəsi Əlirza Fərşinin təqsirkar olduğuna və işinin məhkəməyə göndərilməsinə qərar çıxarmışdı.

Məhkəmənin çıxardığı 8 ay həbs qərarına əsasən, hökm elan edildikdən sonra 20 gün ərzində Tehran Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Mərənd şəhərində yaşayan Əlirza Fərşi bundan əvvəl də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və müxtəlif məhkəmələr tərəfindən uzun müddətli həbs və sürgün cəzaları ilə üzləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.