Zəncan və Təbrizdə edam hökmləri icra edilib
Bu gün, 15:44

İran İslam Respublikası müxtəlif şəhərlərdə çox sayda məhkumun edam cəzasını tətbiq etməyə davam edir. Ramazan günlərində də edamlarda nəzərəçarpacaq dərəcədə azalma görünmür.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu və HRA agentliyi son günlərdə Zəncan, Təbriz, Xürrəmabad, Yəzd və Kaşan şəhərlərdə ölüm cəzalarının tətbiqi ilə bağlı məlumat yayıblar.
IHR mart ayının 9-da Zəncanda edam edilən şəxsin kimliyini 30 yaşında Əhməd Səidi olaraq açıqlayıb.
Hüquq müdafiə qurumunun saytında yazılanlara görə, “Əhməd Səidi Zəncan sakini idi və 2 il əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş və edam cəzasına məhkum edilmişdi. O, həbs edilməzdən əvvəl tikintidə fəhlə kimi işləyirdi.”
Səidi bazar günü səhər saatlarında şəhərin mərkəzi həbsxanasında asılaraq edam edilib.
Son günlərdə Təbrizdə isə daha əvvəl qəsdən adam öldürmək ittihamı ilə qisasa məhkum edilmiş bir kişinin ölüm cəzası tətbiq edilib.
Təbrizin mərkəzi həbsxanasında asılan şəxsin 28 yaşlı Səid Kərimxani olduğu bildirilib.
Təbrizdə təxminən 10 gün əvvəl də iki edam məhkumunun hökmü icra edilmişdi.