Türkiyə Hollandiya qarşıdurmasının arxa baxçası - Hollandiyalı türklər nə deyir/ ARAŞDIRMA

21-03-2017, 11:02           

Konsul Hollandiya rəsmisini necə aldadıb? Nazir niyə gizli yollarla səfər edib? Rottetdamda türk toplumları arasında düşmənçiliyin səbəbi nədir? Hollandiya türkləri Erdoğanın çağırışına nə cavab verdi? Bu və digər sualların cavabı Eldəniz Yusibovun müəllif yazısında:

Hollandiya ilə Türkiyə arasında son olaylara münasibət bildirməzdən öncə bu iki ölkə arasında əməkdaşlığın tarixinə kiçik bir eksurs etmək istərdim.

Hollandiya və Türkiyə arasında münasibətlərin tarixi 1612-ci ildə Hollandiya elçisi Cormnelis Hagayinin İstanbula səfir göndəlməsi ilə başlayıb. I Ahmet tərəfindən Hollandiyaya abidnamə (anlaşma kağızı) verilib.

Osmanlı imperatorluğunun ilk daimi təmsilcisi isə 1859-cu ildə Haaqaya göndərilən Yahya Karaca Paşa olub. O zamandan başalayan əlaqələr bu günə qədər davam etməkdədir.

1648-ci ildə Hollandiyanı dövlət olaraq tanıyan ilk dovlət də Osmanlı İmperatorluğu olub. Osmanlı dövləti ilk xarici borcunu da 1788-ci ildə Hollandiyadan alıb. Türkiyənin Avstriya və Rusiya ilə apardığı müharibələrdən sonra 1699-cu il Karlofca və 1718-ci il Pasarofca barış müzakirələrində Hollandiya vasitəçi rolu oynayıb.

Türkiyə Cümhuriyyətinin elan edilməsindən sonra ilk Dostluq Anlaşması da 1924-cü ildə Hollandiya ilə imzalanıb. 2012-ci ildə Hollandiya ilə Türkiyə arasındakı diplomatik əlaqələrin qurulmasının 400 illiyi ilə bağlı Hollandiyada Türkiyənin sabiq prezidenti Abdullah Gülün, Turkiyədə isə Hollandiya kraliçası Beatriksin iştirakı ilə bir çox tədbirlər keçirilib.

Tarixi faktlara istinad etdikdə görürük ki, Hollandiya və Turkiyə arasındakı münasibətlər hər zaman yaxşı olub və bu iki ölkə arasında son olaylara qədər heç bir narahatçılıq yaşanmayıb. Bəs hansı səbəbdən birdən-birə bu iki dost dövlət arasında xoşagəlməz hadisələr baş verdi?

Baş verən olaylara şəxsi mövqeyimi açiqlamazdan öncə onu da qeyd etmək istəyirəm ki, mən 13 ildir Hollandiyada yaşayıram. Hollandiyanı da, Türkiyəni də özümə ikinci vətən hesab edirəm.

Mən də istəyirəm ki, İslam aləmində demokratiyanı əxz edən yeganə dövlət kimi, Türkiyə demokratik dəyərlərə sadiq, güclü, modern bir dövlət olsun. Amma Türkiyədə AKP hakimiyyətinin yürütdüyü yanlış siyasətin Türkiyəni hansı qaranlığa yuvarladığının da fərqindəyəm və düşünürəm ki, bu yanlış siyasətin nəticəsində uduzan tək Türkiyə Cümhuriyyəti yox, başda Azərbaycan olmaqla, bütün türk dünyası olacaq.

16 apreldə Türkiyədə keçiriləcək referendumda mövcud dövlət quruluşunun dəyişdirilməsinə və bu seçkidə xaricdə yaşayan türklərin də seçkidə iştirak etmələri və səs vermələri lazımdır, bu, onların doğal haqqıdır. Açiq havada təbliğat mitinqlərinin kecirilməməməsi qərarına gəlincə, bu məsələ parlamentdəki partiyalarla müzakirə edilib. Hollandiya təhlükəsizlik xidmətlərinin rəyini nəzərə alaraq, buradakı seçkilərə bir neçə gün qalmış ölkədə baş verə biləcək iğtişaşların qarşısını almaq üçün belə qərar verilib.

Bu baxımdan, Hollandiyda mitinq keçirilməsi və orada Çavuşoğlunun iştirakına icazə verilməməsi də Hollandiya rəsmilərinin atdığı doğru addımdı.

İlk növbədə Türkiyə Ana Yasasına görə xaricdə seçkilərlə bağlı təbliğat aparılması qadağan olunduğu halda, Türkiyə rəsmilərinin bu qanunu ayaq altına ataraq, gəlib Hollandiyada təbliğat aparması başa düşülən deyil.

Bu təbliğatı xaricdə yaşayan türklər özləri qapalı yerlərdə təşkil ede bilərlər və bunun üçün heç bir məhdudiyyət yoxdur. Keçən il avqusutun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra, Avropada yaşayan türklər 2 qrupa bölündülər. Ərdoğançılar və Gülənçilər. Hadisələr çox dramatik şəkildə cərəyan etməyə başladı. Bir-birinə qarşı ittihamlar, təhqirlər, zorakılıqlar, uşaqların məktəblərdən qovulması, qarşı tərəfin dükanlara, kafe və restoranlara, məscidlərə girişinin qadağan olunması, bir-birinin yas mərasimlərində belə iştirak etməmələri, bu kimi digər bir çox faktları göstərmək olar. Təkcə Rotterdam şəhərində zorakılıqların sayı ümumi Hollandiyadakından coxdur.

Dəfələrlə məhz Rotterdam merinin təşəbbüsü ilə bu qruplar arasında barişa nail olmaq üçün cəhdlər olsa da, nəticə verməyib, yüzlərlə məhkəmə işləri qaldırılıb. Bu qrupların arasındakı nifrəti, düşmənçiliyi, ehtimal olunan qarşıdurmaları nəzərə alaraq, Hollandiyada türklərin açiq havada aksiyalar keçirməsinə müəyyən bir müddətə qadağa qoyulub. Movlud Çavuşoğlunun da Hollandiyaya gəlib mitinq kecirmək istəyinə qadağa qoyulmasənın əsas səbəblərindən biri budur.

Türkiyənin Ailə bakanı xanım Kayanın Hollandiyaya müəmmalı gəlişi isə sırf təxribat xarakterli bir addım idi. Xanım Kaya gizli şəkildə Rotterdama gəlməklə, Çavuşoğlunun ölkəyə buraxılmaması məsələsinə görə bir provakasiya təşkil etmək niyyətində idi və qismən buna nail də oldu.

Rotterdamın bələdiyyə başqanı Ahmet Abutalib gün ərzində dəfələrlə konsulla danışıb, həmin gün konsulluğa rəsmilərdən kiminsə gəlib-gəlməyəcəyini soruşub. Konsul yalan danışaraq, heç kimi gözləmədiklərini, heç kimin gəlməyəcəyini bildirib. Bir müddət sonra yenə zəng edib və xanım Kayanın konsulluğa gələcəyi, konsulluq işçilərinin bu ölkədə yaşayan türklərə zəng edərək hamını konsulluğun önünə çağırdığı, xanım Kayanın orada çıxış edəcəyi barədə məlumatlara malik olduğunu bildirib. Konsul yenə də yalan danışaraq, kimsənin gəlməyəcəyini bildirib.

Xanım Kaya Almaniyadan iki eskortla çıxıb, yolda müxtəlif maneverlər edib, marşrutları dəyişib, xəlvət konsulluğa gəlmək istəyib. Amma Holland polisini aldada bilməyiblər. Polis onları konsulluq ərazisinə yaxın bir yerdə saxlayaraq, konsulluğa həmin gün girməsinin mümkün olmayacağını bildirib.

Baş nazir Rutte məsələyə müdaxilə edib, xanım Kaya Hollandiyada istədiyi yerdə qala bilər, ancaq bu gün konsulluğa girməsi müəyyən problemlər yaradacağını qeyd edərək, bunu məqsədəuyğun saymayıb. Xanım Kaya irəli sürülən təklifi qəbul etmədiyindən polisin müşayəti ilə Almaniyaya geri göndərilib. Həmin vaxt konsulluğun qarşısına yüzlərlə insan toplaşaraq, xanım Kayanı gözləyirdilər. Sonra konsulluğun qarşısına toplaşan insanlardan dağılmasını tələb edən polis işçılərinə qarşı müəyyən zorakılıq baş verdi, etrafdakı dükanların, kafe ve digər obyektlərin şüşələri səndərəldı, bir neçə dükan tamamilə etirazçılar tərəfindən yağmalandı. Təbii ki, polis qanuna uyğun olaraq, ictimai əsayişi təmin etmək üçün hərəkətə keçmək məcburiyyətində qalıb.

Avropa ölkələrinin çoxunda, o cümlədən Hollandiyada əsayişi bərpa etmək üçün hər zaman atlı polislərdən və xüsusi oyrədilmiş itlərdən istifadə edirlər. Hollandiya qanunlarına görə, istənilən aksiya keçirmək olar, amma bunun üçün bir həftə əvvəl müvafiq qurumlara müraciət etməlisən.

Xüsusi əhəmiyyətli obyeklər kimi – səfirliklər, konsulluqlar ciddi qorunur və baş verə biləcek insidentə göre dövlət məsuliyyət daşəyər.

Konsulluğun önünə toplaşan insanların isə belə bir icazələri olmayıb. İcazəsiz aksiyaların qarşısı derhal alınır.

Digər tərəfdən, Hollandiya Turkiyədə avtoritar, despotik bir rejimin qurulması üçün aparılan siyasətin fərqindədir. Hollandiya istəmir ki, Türkiyə kimi bir müttəfiqini itirsin. Türkiyənin şahlıq rejiminə keçməsindən ən çox ziyan çəkən demokratik ölkələr, o cümlədən Hollandiya olacaq. Hollandiya hər zaman despotik rejimlərə qarşı olub və yeni bir diktaturanın yaranmasına maraqlı deyil.

İki müttəfiq dovlət arasında baş verən bu hadisə təssuf doğurur. Düşünürdüm ki, bu məsələ böyümədən diplomatik yolla həllini tapacaq. Lakin əfsuslar olsun ki, Erdoğan hakimiyyəti tamamilə yanlış, heç bir diplomatik çərçivəyə sığmayan addımlar atmaqdadır. Hollandiyani faşist, türk düşməni, islam düşməni, qeyri-demokratik bir cəmiyyət kimi təqdim edir, isterik bir təbliğat aparırlar. Hər gün TV vasitəsi ilə Hollandiyani hədələyirlər.

Hollandiyada məscidlər kilsələrdən çoxdu

Gəlin, Türkiyə hakimiyyətinin Hollandiyaya qarşı irəli sürdüyü ittihamlara diqqət edək. İslam düşməni dedikləri Hollandiyada artıq məscidlərin sayi kilsələrin sayından çoxdur. Yeni tikilən məscidlərə, dini məktəblərə dövlət tərəfindən subsidiyalar ayrılır. Hollandiyada baş örtüsü qadağası yoxdur. Əksər iş yerlərində müsəlmanlar üçün ibadət guşələri ayrılıb. İş vaxtı inanclı insanların ibadət etməsinə heç bir maneə yoxdur. İslam düşməni kimi təqdim edilən Hollandiya əhalisinin 99% müsəlman olan İndoneziyada təbii fəlakət nəticəsində zərər çəkənlərə 110 milyon avro yardım göndərib. Müqayisə üçün bildirək ki, bütün musəlman dövlətlərinin İndoneziyaya etdiyi yardımın ümumi həcmi 38 milyon avro olub.

Son seçkilərdə sədri müsəlman olan Yaşıllar Partiyasının ən çox səs alması, yəqin ki, İslam duşmənçiliyindən irəli gəlmir.

400 il dostluq, müttəfiqlik etdiyi en yaxın dövlət Türkiyə olub. Türkiyəyə ən çox yatırım qoyan Hollandiyadir. Türkiyənin Avropa Birliyinə qəbul olunması üçün ən çox çalışan da Hollandiya olub. Bu ölkədə 400 mindən çox türk vətəndaşı yaşayır və bu hadisələrə qədər, onlar heç bir ayrıseçkiliklə üzləşməyiblər.

Hollandiyanı qeyri-demokratik dövlət adlandırır Çavuşoğlu, ama onun necə “demokrat” oldugu tək Azərbaycanla bağlı Avropa Şuradında tutduğu movqeyə görə ölkəmizdə hər kəsə məlumdur.

Başqalarını ittiham edən Erdoğan hakimiyyəti vaxtilə Uyğur türklərinin lideri Rabiyye xanımı, Cənubi Azərbaycan türklərinin lideri Mahmudəli Çöhrəqanlını öz soydaşları ilə görushməsinə imkan verməmişdi, hətta onları Turkiyədən qovmuşdu. Erdoğanın 10 il öncə türk tarixinin önəmli şəxsiyyətlərindən olan mərhum Rauf Denktaşa Türkiyədə mitinq, toplantı qadağası qoyduğunu bilirdinizmi? Sitatı olduğu kimi diqqətinizə çatdırıram: “Denktaş, televizyonlara çıkıp da benim halkımın kafasını bulandırmasın. Bunu özellikle kendisinden rica ediyorum. Şu ana kadar sabrettim. Benim ülkeme gelip de seçim kampanyası yapacağına, kendi ülkesinde kampanya yapsın. Bunu özellikle istirham ediyorum”.

…Hollandiyanı qeyri demokratik, insan haqlarına sayğısızlıq göstərən bir ölkə kimi ittiham edən Erdoğan hakimiyyəti unutmamalıdır ki, Türkiyədə həbsxanalarda olan jurnalistlərin sayı 120 nəfəri ötüb, bu bütün digər ölkələrdə həbsdə olan jurnalistlərin ümumi sayından çoxdur.

Ölkədə “mənim kimi düşünməyən Türkiyənin düşmənidir” deyərək aparan bir iqtidarın hələ referendum vasitəsilə öz səlahiyyətlərini artırdıqdsn donra nələr edəcəyini, hansı fəsadlar törədəcəyini düşündükcə, insan vahimələnir.

Hollandiya haqqında internet vasitəsi ilə kifayət qədər məlumat almaq olar. Ancaq burada yaşamdan, hollandları yaxından tanımadan, bu xalqın xarekterini bilmədən fikir soyləmək də doğru deyil.

Hollandlar dəqiq, prinsipial, sözlerində bütöv, kifayet qədər tolerant, çalışqan, milli dəyərləri iıə yanaşı, demokratik dəyərlərə sadiq bir millətdir.

Son seçkilərin nəticələri də əyani şəkildə göstərdi ki, hollandlar irqçiıiyə, anti-islam çağırışlarına qarşı olan, demokratik dəyərlərə sadiq bir cəmiyyətdir.

Hollandiyaya qarşı Erdoğan hakimiyyətinin apardığı kampaniyanın da əsas hədəfi referendumda daha çox səs almaqdır.

Hollandiyada yaşayan türklərin mənafeyi onları heç maraqlandırmır da.

İki gün bundan öncə Hollandiya Sosial işlər naziri və eyni zamanda İşçi Partiyasının sədri Asşer son olaylarla bağlı Hollandiyada fəaliyyət göstərən türk qurumlarının təmsilçilərini müzakirələr üçün bir masa arxasına toplamışdı. Toplantıda Deyanet, Süleymançılar, Milli Göruş, Türk Kültür Dərnəyi, Hollanda Türkiyəli İşçiilər Birliyi, Ələvilər, Erdoğançilar, Fetullahçılar, ülküçülər iştirak ediblər. Bu təşkilatların müzakirələrdən sonra qəbul etdikləri sənəddə deyilir:

“Biz bu ölkədə yaşayırıq və Hollandiya Türkiyə münasibətlərində qərginliyin tezliklə aradan qaldırılmasını, ölkələrin yetkililəri arasında oyuncaq olmaq istəmədiyimizi və bunun bizlərə zərər verdiyini bildiririk. T.C. Cumhurbaşkanının Hollandiyani nazi artığı, faşist adlandırmasını qəbul etmirik və bunu Hollandiyada yaşayan bütün türk toplumunun diqqətinə də çatdıracağıq. Türkiyə yetkililərinin “küçələrə çıxın” çağırışlarını doğru hesab etmirik və türk toplumunun bu cağırışlara qoşulmamasını təmin edəcəyik“.

Bu kimi digər qerarların qəbul olunması sevindiricidir və hesab edirəm ki, Hollandiyada yaşayan Türk toplumu doğru bir qerar verib.

Erdoğan hakimiyyəti qərginliyi körükləməkdə olsa da, bundan uduzan ancaq Türkiyə olacaq. “Hollandiya bunun bədəlini ödəyəvək” deyə hədələr də Türkiyənin əleyhinə işləyəcək. Əhalisinin sayının az, ərazilərinin kiçik olmasına rəğmən Hollandiya bədəl ödəyən dövlətə bənzəmir. Böyük ölkəni idarə edənlərin isə böyük düşünə bilməsi vacibdi – dövlət onda böyük olur.

Eldəniz Yusibov

Bastainfo.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.