QAQAUZLAR

15-07-2017, 10:00           
QAQAUZLAR
Ümumi sayları yarım milyondan çox olan qaqauzların dili Türk dillərinin Oğuz qrupuna aid olunur. Qaqauz dili çadır-komrat və vulkaneşt ləhcələrinə ayrılır. Kompakt halda Ukrayna (Odessa) və Moldova Respublikaları (Komrat) arasında bölüşdürülmüş tarixi Bessarabiya mahalında yaşayırlar. Rus şərqşünası V.A.Qordlevskinin fikrincə “Bessarabiya” toponimi Qıpçaq xanı Basar Apanın adı ilə bağlıdır.
Antropoloji cəhətdən Ağ irqin Mərkəzi və ya Orta Avropa qoluna aid olunurlar. Qaqauzların adlarının mənşəyi ilə bağlı 20-dən çox müxtəlif fərziyyələr mövcuddur. Z.V.Toğan və M.Doğru bu etnonimi “Qağa Uz” (Böyük Oğuz), A.B.Ərciləsun “Qıpçaqlar ölkəsindən gəlmiş oğuzlar” kimi izah etdikləri halda, M.T.Acaroğlunun fikrincə qaqauz etnonimi Kiyev Rus dövlətinin sərhədlərini müdafiə edən qarapapaqlarla bağlıdır və “qala uzları” mənasını verir.
Başqa bir fərziyyəyə görə oğuzların əksəriyyəti İslamı qəbul etdikdən sonra “türkman” (imanlı türklər) adlandırıldıqları halda, xristianlığı qəbul etmiş oğuzlara “qaq oğuzlar” (Kitabi Dədəm Qorqudda qaqmaq sözü yolunu azmış mənasını verir) deyilmişdir.
Qaqauzların soykökündə hunlar,bulqarlar,peçeneqlər,oğuzlar və qıpçaqlar iştirak etmişlər. Balkan yarımadasının Dobruca hissəsində məskunlaşan qaqauzlar burada XIII yüzillikdə “Oğuz Eli” adlı dövlət də qurmuşdular. Bu dövlət Dobruca,Dəli Orman da daxi olmaqla indiki Bolqarıstanın şimal-şərq torpaqlarını əhatə edirdi.
XIV-XIX yüzillikərdə bu dövlətin ərazisi Osmanlı sultanlığının tərkibində olmuş və “Uz Əyaləti” adlandırılmışdır. XIX yüzillikdəki Osmanlı-Rusiya savaşlarının gedişində qaqauzlar Rusiya tərəfində döyüşdüklərindən onlara əvvəllər noqayların yaşadıqları Cənubi Bessarabiyanın münbit torpaqlarında məskunlaşmağa icazə verildi. Nəticədə qaqauzların bir qismi Bolqarıstan ərazisində qalsa da, böyük bir hissəsi Rusiya tərəfindən 1819-cu ildə muxtariyyət hüququ verilən və Bucaq vilayəti adlandırılan Cənubi Bessarabiyada məskunlaşdılar. Krım müharibəsində Rusiyanın məğlub olması nəticəsində Bucaq vilayətininn cənub-qərb hissəsi Moldova knyazlığına verildi. 1877-78-ci illər Rusiya-Osmanlı müharibəsində qalib gələn Rusiya yenidən Bucaq vilayətini ələ keçirdi.

1905-07-ci illər inqilabının gedişində qaqauzların qurduqları Komrat respublikası süquta uğradı. 1917-18-ci illərdə qaqauzların muxtariyyət qazanmaq istəyi Bessarabiyanın Rumıniya tərəfindən işğal olunması nəticəsində gerçəkləşə bilmədi. 1940-cı ildə Bessarabiya SSRİ tərkibinə qatılaraq, Ukrayna ilə Moldova arasında bölüşdürüldü. Nəticədə qaqauzların 80 faizi Moldovanın, 20 faizi isə Ukrayna tərkibinə keçdi.
SSRİ-nin süqutundan və Moldovanın müstəqillik qazanmasından sonra 1994-cü ilin dekabrında Komratda “Qaqauz Yeri” adlı muxtar dövlət təşkil olundu.Bu qurumun ilk prezidenti Stefan Topal seçildi.
Xristian dininin pravoslav məzhəbinə qulluq edən qaqauzlar Tanrını Allah adlandırırlar. Qaqauz milli mətbuatının qurucusu M.Çakır olmuşdur. Onun təsis etdiyi qəzet “Hakikatın sesi” (Həqiqətin səsi) adlanırdı.
1961-ci ildən 1989-cu ilə qədər qaqauz dilində qəzet nəşrinə,radiverilişlərinə qadağa qoyulmasına baxmayaraq onlar öz mədəniyyətlərini və dillərini qorumağı bacardılar.
Hazırda milli ənənələrəini bərpa edən qaqauzlar “Xıdır Əlləz”, “Ana dilimiz”, “Qaqauz türküsü” adlı müxtəlif festivallar keçirirlər. 1997-ci ildə Çadır-Lunqada M.M.Çakır adına qaqauz teatrı və Komrat Universiteti açılmışdır.
Kərəm Hətəmoğlu Məmmədli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.