Ərdoğan Azərbaycana bir neçə məsələyə görə gəlir

22-08-2017, 09:39           
Ərdoğan Azərbaycana bir neçə məsələyə görə gəlir
Siyasi ekspertlər Türkiyə prezidentinin səfərində gözlənilən pərdəarxası məqamlardan da danışdılar

Sentyabrın 10-11-i tarixlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olacaq. Ümumilikdə Türkiyə prezidentinin qarşıdakı bir ayda sıx xarici səfər proqramı var.

Avqustun 21-də İordaniyaya səfər edən Türkiyə prezidentinin səfər proqramına bir sıra görüşlər, regional məsələlərin müzakirəsi daxildir. Sentyabrın əvvəlində isə Ərdoğan əvvəlcə Qazaxıstana, ardınca Bakıya gələcək və sonrakı günlərdə Nyu-Yorka gedəcək.


Qeyd edək ki, Türkiyə dövlət başçısının bu səfəri regionda hərbi-siyasi vəziyyətin mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Türkiyə son illərdə Suriya münaqişəsinin həlli ilə bağlı formalaşmış Qərb blokundan ayrılır və sürətlə Rusiya və İrana yaxınlaşır. Bunun da əsas səbəbi Suriyanın gələcək taleyinə, eləcə də ən əsası kürd məsələsinə baxışda Vaşinqton və Ankara arasında kəskin fikir ayrılığının meydana çıxmasıdır. Proseslər artıq 2 ildir davam edir və buna paralel olaraq Ankara sürətlə Qərb müttəfiqləri ilə soyuqlaşır.


Belə bir vəziyyətdə İran və Rusiya qədər Yaxın Şərqdə aktiv oyunçu olmasa da, Azərbaycan və Qazaxıstan bölgədə Türkiyənin ən yaxın və təbii müttəfiqidir. Avropadan uzaqlaşan Türkiyənin şərqdəki müttəfiqlərlə müttəfiqliyi və strateji əməkdaşlığı dərinləşdirməsi lazımdır.


Bundan başqa, Ərdoğanın Bakı və Astanaya səfəri ənənəvi enerji tərəfdaşlığı, o cümlədən təhlükəsizlik məsələləri, FETÖ istintaqı, Azərbaycandakı camaat üzvlərinin ifşa olunması ilə bağlı vəziyyət və Qarabağ münaqişəsi kimi məsələlər müzakirə olunacaq.

Politoloq, TOBB Universitetinin dosenti Toğrul İsmayıl bizimlə söhbətində bildirdi ki, Qazaxıstan və Azərbaycan Türkiyənin hazırda bölgədəki ən yaxın, təbii müttəfiqdir. Ərdoğanın səfəri bu əməkdaşlığı daha da gücləndirməyə hesablanıb: “Prezident Ərdoğanın əvvəlcə 8-10 sentyabrda Qazaxıstana, ardınca isə Azərbaycana səfərləri gözlənilir. Bu, çox maraqlı bir ziyarət olacaq. Mənə görə, Türkiyənin son dönəmdəki təmasları Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafı ilə bağlıdır. Xüsusilə Rusiya böhranı zamanı Qazaxıstan və Azərbaycanın Türkiyəyə verdiyi dəstək strateji əməkdaşlığı önə çıxarmışdı. Bu səbəblə səfər xüsusi əhəmiyyət daşıyır. Məncə, bu ziyarətin arxasında Türkiyənin bu bölgədə təkrar geopolitik gücünün yoxlanılması, əsas və strateji müttəfiqliyin davam etdirilməsi və gücləndirilməsi var. Azərbaycana səfərdə ikitərəfli əlaqələrin inkişafı, bu çərçivədə FETÖ ilə mübarizə əhəmiyyət daşıyır. Eyni zamanda Qarabağ və digər məsələlər də gündəmə gələcək”.


T.İsmayıl deyir ki, bu ziyarətləri bölgədə baş verən proseslərdən ayrı düşünmək mümkün deyil: “Xüsusilə də Amerikanın regiondakı fəaliyyəti, İran, Rusiya baş qərargah rəislərinin səfərləri oldu. Bölgədə aktiv hərbi-siyasi proseslər davam edir. Və bu çərçivədə Türkiyə də öz müttəfiqləri ilə əməkdaşlığı inkişaf etdirməyi düşünür. Azərbaycan və Qazaxıstanın bu məsələdə yeri önəmlidir. Bu iki ölkə yalnız dil, etnik baxımdan Türkiyə ilə qardaş deyil, eyni zamanda qeyd etdiyim kimi, geopolitik və geostrateji baxımdan Türkiyənin əlini gücləndirən ölkələrdir. Xüsusilə də Rusiya ilə böhran zamanı bu iki ölkənin önəmi ortaya çıxmış oldu. Hər iki ölkə əlaqələrin inkişafında yardımçı oldu. Eyni zamanda Türkiyənin Avropa Birliyi ilə problemlərinin artması fonunda bu iki ölkə ilə müzakirələr önəmlidir. Bildiyiniz kimi, Qazaxıstan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Səfərin dəqiq səbəblərni qarşıdakı günlərdə daha aydın görə biləcəyik”.

Siyasi şərhçi Elxan Şahinoğlu Türkiyə prezidentinin Azərbaycana səfərinin aktuallığını artıran bir sıra məqamların olduğunu qeyd edir: “Birincisi, Bakı-Tiflis-Qars dəmir yolu tamamlanıb. İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşası sürətlə gedir. Üstəgəl, Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır. Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var. Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər. Fikrimcə, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək baxımından Bakıya gəlir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.