Türkiyə rəsmilərinin Şimali İraqdakı “referendum”a qarşı verdiyi açıqlamalarının ardından Məsud Bərzani yeni addım atdı. Onun lideri olduğu Kürdüstan Demokrat Partiyasının (KDP) xarici əlaqələr üzrə rəhbəri Sivaili Türkiyəyə danışıqlar aparmaq üçün bir heyət göndərmək istədiklərini açıqlayıb.
Modern.az xəbər verir ki, BBC Türkcə-nin suallarını cavablandıran Sivaili Türkiyədən anlayış gözlədiklərini, Prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı böyük ümid və gözləntilərinin olduğunu bildirib. Sivaili Kərküklə bağlı xüsusi status və muxtariyyət kimi məsələlərin müzakirə edilə biləcəyini söyləyib. O, həmçinin bildirib ki, Ankara-Ərbil münasibətlərinin əvvəlki halına qayıtmasını istəyirlər. "Referendum sonrası Ankara-Ərbil münasibətlərinin əvvəlki halına qayıtmasını ümid edirik. Türkiyəylə həm iqtisadi, həm də siyasi baxımdan ortaq maraqlarımız var. Yaxın tarix bizə bu əməkdaşlıqdan çox şey əldə etdiyimizi göstərdi".