Əlacsız qalan kürdlər Ayətullah Sistanidən fətva istədi

30-09-2017, 22:42           
Əlacsız qalan kürdlər Ayətullah Sistanidən fətva istədi
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kürdüstan Regional Hökumətinin Kürdüstan Vətənpərvərlər Birliyinin siyasi bürosunun üzvü Molla Bəxtiyar İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistanidən Kürdüstana qarşı hərbi müdaxilə və iqtisadi sanksiyaların tətbiqinin haram edilməsi ilə bağlı fətva istəyib. Molla Bəxtiyar Londonda nəşr olunan "Əl-Həyat" qəzetinə verdiyi müsahibəsində kürdlər və şiələr arasında çıxa biləcək qarşıdurmanı nəzərə alaraq Ayətullah Sistanini Kürdüstana müdaxilənin qarşısının alınması üçün fətva verməyə çağırıb.

Xatırladaq ki, dünən İraqın nüfuzlu müctəhidlərindən olan Ayətullah Seyid Əli Sistani İraqın Kürdüstan Regional Hökumətində sentyabrın 25-də keçirilmiş azadlıq referendumuna münasibət bildirib.

Nüfuzlu müctəhid Kürdüstanda keçirilmiş referendumun İraqın bölünməsinə zəmin yaratdığını və daxili qarşıdurmalara səbəb olacağını bildirərək onu etibarsız hesab edib.

Ayətullah Sistaninin mövqeyi barədə onun Kərbəla şəhərindəki nümayəndəsi Əhməd əl-Safi cümə xütbəsində danışıb. Ayətullah Sistaninin nümayəndəsi onun adından çıxış edərək İraq hökumətini və parlamentini kürdlərin hüquqlarını qorumağa çağırıb.

Qeyd edək ki, İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani 2014-cü ildə İŞİD-ə qarşı cihad fətvası verərək 10 minlərlə insanı bir yerə toplamışdı və nəticədə hazırda İŞİD terrorçularını İraqdan təmizləməkdə uğurlu əməliyyatlara imza atan "Həşd-Şabi" müqavimət ordusu yaranmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.