Yeni Orta Şərq layihəsi və kürd separatizminin dəstəkçiləri...

5-10-2017, 09:41           
Yeni Orta Şərq layihəsi və kürd separatizminin dəstəkçiləri...
100 il əvvəl bölgəni dizayn edənlər kürdləri nəzərə almadılar, ancaq indi situasiya dəyişir

Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu” bölgədə kürd mövzusunu əsas gündəmə çevirdi. Doğrudur, hələlik referendumdan sonra kürdlərə İraqda müstəqil dövlət qurmaq icazəsinin verilməsində ciddi şübhələr var, hətta regionda yeni qanlı savaşın başlaması da ehtimallar arasında yer alır. Ancaq artıq indidən təkcə İraqda deyil, bütövlükdə regionda, xüsusən də kürdlərin sıx yaşadığı 4 ölkədə - Türkiyə, İran, İraq və Suriya - kürd mövzusunda narahatlıqlar artıb. Hətta bir ara İraq kürdlərinin yerli televiziyalarında hava xəbərlərində Naxçıvanın “Kürdüstan” xəritəsinə daxil edilməsi Azərbaycanda da ciddi narahatlıq yaratdı.

Qeyd edək ki, bölgənin qədim xalqlarından olan kürdlərin dövlət qurmaq cəhdləri ötən əsrin əvvəllərində baş versə də, o zaman bölgəni Osmanlıdan sonra dizayn edən Britaniya və Fransa (Saykes -Pikot) dövlətləri kürdlərə bu haqqı tanımadı. Sonrakı illərdə kürdlərin İraqda (20-30-cu illərdə - K.R) və İranda üsyanları olsa da. Bu üsyanlar yatırıldı. İranın qərbində 1947-ci ildə qurulmuş “Mahabad respublikası” isə cəmi 11 ay yaşaya bildi.

Ancaq 21-ci əsrin əvvəllərində, daha dəqiqi, 2006-cı ildə mediada Yaxın Şərqin yenidən bölüşdürülməsi haqqında informasiyalar yayılmağa başladı. Bu yazılarda qeyd olunurdu ki, regionun xəritəsi yenidən çəkiləcək. Ortaya çıxan yeni xəritələrdə isə bölgədə yeni, böyük bir kürd dövlətinin “sərhədləri” əksini tapırdı. “Kürdüstan” xəritəsinə kürdlərin regionda kompakt yaşadığı 4 ölkənin ərazilərində kürdlər yaşayan bölgələr daxil edilirdi bir qayda olaraq. Yeri gəlmişkən, bu xəritələrin bəzilərində Azərbaycan Respublikası ərazilərinin bir qismi, o cümlədən İran Azərbaycanı ərazilərinin böyük qismi kürd dövlətinə daxil edilirdi.

Bu o zaman idi ki, ABŞ Əfqanıstandan sonra İraqı da işğal etmişdi və bu işğaldan sonra faktiki olaraq müstəqil kürd dövləti qurulmuşdu İraqda. Bərzani seçki ilə yeni “dövlətin”, ya da başqa adla administrasiyanın rəhbəri seçilmişdi, silahlı ordusu - peşmərgələri və parlamenti vardı. Həmin vaxt Türkiyədə PKK, İranda isə PEJAK-a qarşı ciddi hərbi əməliyyatlar həyata keçirilirdi. Ancaq həmin vaxt kürdlərin müstəqil olması mövzusu reallaşmadı. Çünki münbit şərait olmadı. Belə bir şərait “ərəb baharı” sonrası yarandı.

2011-ci ilin əvvəllərində “domino effekti” ilə avtoritar ərəb rejimlərində baş qaldıran üsyanlar tezliklə çevriliş və terror müharibələrinə çevrildi. 2014-cü ildə isə artıq İraq və Suriya qanlı savaş meydanına çevrilmişdi. 2014-cü ildə İŞİD İraqın ikinci böyük şəhəri Mosulu işğal etdikdən sonra ölkənin şimalında Kərkük də daxil olmaqla, böyük ərazilər kürd peşmərgələrinin, yəni Bərzaninin nəzarəti altına düşdü. Dünya ölkələri İraq və Suriyada İŞİD-ə qarşı savaşan kürd silahlılarına hər cür yardımlar etməyə başladı. Bu zaman Suriyada üsyanın ilk illərində formalaşan kürd hərbi siyasi təşkilatlanması (PYD və onun hərbi qanadı YPG - K.R) parlamağa başladı.

2015-ci ildə artıq Suriyanın şimalında yeni, ikinci kürd muxtariyyəti vardı. Bu muxtariyyətin öz ordusu, məclisi və böyük bir ərazisi vardı, Suriya-Türkiyə sərhədinin böyük hissəsinə nəzarət edirdi. 2016-cı ildə Türkiyə ordusu “Fırat Kalkanı” əməliyyatı keçirməsəydi, kürdlər hələ də Suriya-Türkiyə sərhədini İraq sərhədlərindən Hataya qədər əlində saxlayırdı. Hələ də böyük bir hissə kürdlərin və kürd bölgəsinə yerləşdirilmiş ABŞ ordusunun nəzarətindədir.

Beləliklə, hazırda İraqda faktiki olaraq ölkə ərazisinin 14 faizinə (61 min kv.km-dan çox ərazi - K.R) nəzarət edən və öz ordusu, polisi, parlamenti, prezidenti, hökuməti olan bir kürd administrasiyası var. Bəzi məlumatlara görə, İraq kürd administrasiyasında 8 milyon (bəzi mənbələrə görə. 5,5 milyon - K.R.) əhali yaşayır.

Suriya kürdlərinin hazırda Suriyada qurduqları faktiki muxtariyyət isə 42 min kv.km ərazisi (Suriya ərazisinin 22 faizi - K.R.) və 4,5 milyondan çox əhalisi olan, öz silahlı qüvvələri, məclisi olan bir muxtar bölgədir.

Ümumi fikrə görə, Yaxın Şərqdə əsasən 4 ölkədə 30 milyondan çox etnik kürd yaşayır. Bunların 8 milyonu İranda, 6 milyona yaxını İraqda, 2 milyondan çoxu Suriyada, 14 milyondan artığı isə Türkiyə ərazisində yaşayır.

Böyük Orta Şərq layihəsi haqda xəbərlər yayıldıqdan 10 il keçməmiş artıq bölgədə iki kürd muxtar subyekti var. Bunlardan biri müstəqilliyin astanasındadır. Təbii ki, bu gedişat ən çox digər iki ölkəni - İran və Türkiyəni narahat edir. Buna görə də sürətlə yaxınlaşır, öz aralarında məsləhətləşib, ortaq planlar hazırlamağa çalışırlar. Amma gec də olsa, bu hərəkətliliyin effekti olacaqmı? Bunu da zaman göstərəcək. 100 il əvvəl bölgəni dizayn edənlərdən fərqli olaraq bu dəfə böyük oyunçular separatizm hesabına kürdləri nəzərə almağa çalışır.

Kənan RÖVŞƏNOĞLU
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.