ABŞ-da yaşayan Türkiyə yazarı:"Vaşinqtonda MHP və Ərdoğanın açıqlamalarından narahatdırlar"

6-10-2017, 20:58           

Sərdar Turqut

“Haber Türk”, Türkiyə, 06.10.2017
Vaşinqtonda regionumuzu davamlı olaraq izləməkdən ötrü məsuliyyət daşıyan qurumlar Türkiyədən Şimali İraqa yönəlik olan açıqlamalara məna verməyə çalışırlar. Xüsusən, MHP-nin son günlərdəki açıqlamalarının daxili siyasətə yönəlik olduğunu qəbul etməklə birlikdə, bunun Türkiyədə yaratdığı rəyə baxdıqdan sonra irəlidə təhlükəli nəticələrə yol aça biləcək siyasətləri formalaşdırdığını düşünürlər.

Buradakı qurumlar, bu cür açıqlamaların Türkiyə baxımından fatehçi bir rəy yaratdığını bildirir və bunların Vaşinqtonda narahatlıq yaratdığını vurğulayırlar. Buradakı narahatlıq havası, xüsusən çərşənbə axşamı, axşamüstü saatlarda olduqca aydın idi.

Tam sakitlik axtararkən

ABŞ-ın Bağdaddakı səfiri Daqlas Silliman Nəçirvan Bərzani ilə görüşmüş və ona Vaşinqtonun regionda sakit bir şərait yaradılması tələbini və ümidini çatdırmışdır. Mən hələ referendum öncəsində, ABŞ-ın böhran idarəçiliyi moduna girəcəyini və Vaşinqtonun regionda sakit bir şəraitdə dialoq prosesinin işə salınması üçün çalışma qərarının olduğunu yazmışdım. Səfir Sillimanın bu görüşü də böhran idarəçiliyi planının bir hissəsi idi. ABŞ tam bu siyasəti oturtmaq üçün çalışarkən, Türkiyədən gələn açıqlamaların o qurumlarda narahatlıq yaratması da çox sürpriz deyil. Belə ki, görüşdüyüm mənbələr mənə durumu tam da bu sözlərlə ifadə etdilər.

Təhlükəli ola bilər

Eyni mənbə mənə hadisələrin təhlükəli səviyyəyə çata biləcəyi ehtimalını da belə anlatdı: “Vaşinqtona, Şimali Suriyada YPG-nin “Əgər Şimali İraqa hücum olarsa, biz də müdafiəyə qatılarıq” deyərək, hazırlıqlar gördüyü haqqında kəşfiyyat məlumatı gəlib. İndi düşünün, deyək ki, Türkiyədən 5 min silahlı adam Mosula doğru hərəkət etdi. Əgər YPG də müdaxilə edərsə, bunlar qarşı-qarşıya gələrsə, bu, region üçün, hətta Türkiyənin daxili sabitliyi baxımından təhlükəli olmazmı? Olar, hətta bu, bir fəlakət ssenarisinə dönə bilər. Bu üzdən, bəzi mövzular üzərində bir az düşünərək və irəlidə onun yol aça biləcəyi hadisələri hesaba alaraq danışmaq lazımdır”.

Təcrübəli qaynağım son durum haqqında belə danışdı, amma Vaşinqtonda ümumiyyətlə, son zamanlarda Türkiyənin baş verən hadisələr haqqında çox düşünmədən sürətli formada reaksiyalar verdiyi və bu reaksiyalarının hansı nəticələrə səbəb olacağını çox da hesaba qatmadan hərəkət etdiyi haqqında bir qənaət vardır.

ABŞ-dakı bu baxış bucağının bilinməsində böyük fayda vardır.

Prezidentin İran təmasları

Prezident Ərdoğanın İrandakı açıqlamaları da Vaşinqtonda qayğı yaradıb. Vaşinqtonda danışırlar ki, “Türkiyənin regionda İranla dialoq içində olması məcburiyyətini çox yaxşı anlayırıq. Amma rəsmi təmas və dialoq başqa, Tehranda İsrailə yönəlik açıqlamanın ortaya çıxmasının yaratdığı təsir isə çox başqa bir şeydir. Bu açıqlamanın İranda edilməsi Vaşinqtonda qayğı səviyyəsini çox artırıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.