​"Artıq Türkiyə adlı "siyasi qatar" Qərb "platformasını" tərk etməkdədir..."

20-11-2017, 08:03           
​"Artıq Türkiyə adlı "siyasi qatar" Qərb "platformasını" tərk etməkdədir..."
"Qərbdə unudublar ki, Türk oyananda, yəni özünə qayıdanda çox güclü olur..."

Norveçdə keçirilən NATO təlimlərində Türkiyənin liderləri Atataürk və Ərdoğana həqarət edilməsi, yəni onların hər ikisinin də portretlərindən "meşin" kimi hədəf göstərilməsi Ankara ilə Şimali Alyans arasında onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirib. İş o yerə çatıb ki, NATO baş katibinin də üzrxahlığını Ərdoğan qəbul etməyib.

Görəsən, NATO-nun anti-Türkiyə isterikasının pərdəarxası məqamları nədir? Rusiya ilə yaxınlaşma, müstəqil siyasət yürütmə, Yaxın Şərq münaqişələriundə öz oyunun oynama?

Moderator.az əməkdaşının bu sualla fikirlərini öyrənmək istədiyi politoloq Cümşüd Nuriyev aşağıdakı cavabı verib:

"NATO-nun Türkiyəyə siyasi hücumları ABŞ-ın və Qərbin strateji planlarını həyata keçirmək üçün düşünülmüş və əvvəlcədən nəzərdə tutulmuş ehtiyat variantlardan biridir. ABŞ-ın Suriya və Yaxın Şərq planı "suya düşəndən" sonra, onun tapşırıqlarını kor-korana yerinə yetirməyən Türkiyə əvvəlcə çevriliş cəhdi ilə imtahana çəkildi. Bu baş tutmadıqdan sonra artıq ehtiyat variantlar gündəmə gətirilir. Amerikada gözəl bilirlər ki, Türk xalqı qürurlu və çılğın olduğu üçün, onların qüruru ilə oynamağa başladılar ki, Türkiyə çılğınlıq müstəvisində bir səhv buraxsın. 600 ildən şox İmperiya təcrübəsi olan Türkiyədə isə belə yanlışlığa yol vermədilər. Əslində ABŞ-ın MKİ-nin rəhbərliyi altında 1997-ci ildə hazırlanmış və 2025-ci ilə qədər dünyanın yeni siyasi xəritəsinin formalaşdırılması planında Türkiyənin, İranın və S.Ərəbistanının ərazisində 5 yeni dövlət yaratmaq istəyirdi. Türkiyə ilə Rusiyanın yaxınlaşması həmin planı pozdu. Həmin bədnam planda Türkiyənin bütün şərq vilayətlərinin Kürdüstan dövlətinə verilməsi nəzərdə tutulmuşdu.
Eyni zamanda, Amerika hərbçilərinin işğal etdikləri İraq və Suriya ərazilərindən ələ keçrdikləri neft məhsullarının Türkiyə üzərindən sata bilməməsi, habelə ABŞ-ın "dərin dövlətinin" üzvlərinin nəzarətində olan silah və sursatların satışının azalması Qərbi "çilədən çıxarır". İkincisi, Tükiyənin "cib dövləti" olmaq istəməməsi də Qərbi çox narahat edir. Üçüncüsü, qardaş Türkiyə artıq Yaxın Şərqdə əsas oyunçuya çevrilmişdir. R.T.Ərdoğanın ABŞ-ın "zopası" statusunda çıxış edın S.Ərəbistanının embarqo qoyduğu Qətərə səfəri NATO-nu belə şərəfsiz və tərbiyəsiz bir addımı atmağa sövq etmişdir. Türkiyəyə hücumların artması göstərir ki, Qərb seytnot vəziyyətindədir. Çünki Türkiyə İran və Rusiya ilə birlikdə Qərbə alternativ olan yeni bir güc mərkəzi formalaşdırır ki, bu da Yeni Dünya Düzəninin "siyasi arxitekturasını" dəyişəcək. Xristian dünyasının Rusiyaya hücumlarının bir səbəbi də, onun Türkiyənin müsəlman dünyasının "açar" dövlətinə çevirilməsinə göstərdiyi dəstəkdir. Amma artıq Türkiyə adlı "siyasi qatar" Qərb "platformasını" tərk etməkdədir. Görünür Qərbdə unudublar ki, Türk oyananda, yəni özünə qayıdanda çox güclü olur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.