Türkiyəyə qarşı Rza Zərrab “qalxanı”

20-11-2017, 09:49           
Türkiyəyə qarşı Rza Zərrab “qalxanı”
İki dövlət arasında münasibətlər niyə gərginləşir?

Türkiyə ilə ABŞ arasında münasibətlər yenidən gərginləşir. Belə ki, Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb. Cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib. “ABŞ prokurorlarının hərəkətləri beynəlxalq hüquq normalarına və Türkiyənin qanunvericiliyinə ziddir”, - deyə Prokurorluğun məlumatında qeyd olunur.

Qeyd edək ki, martda ABŞ-a səfər etmiş Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib.

ABŞ prokurorluğu onu daha əvvəl Amerikada həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R.Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edir.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ prokuroru Prit Bxararın FETÖ üzvü olduğunu və M.H.Atillanın terror təşkilatının rəhbəri Fətullah Gülənin göstərişi ilə həbs edildiyini bildirib.

Bəs bu proses iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Arzu Nağıyev bildirdi ki, son zamanlar ABŞ ilə Türkiyə arasındakı münasibətlər heç də ürəkaçan istiqamətdə inkişaf etmir: “Lakin unutmaq lazım deyil ki, bunlar hərbi blokda bir yerdədirlər, eyni zamanda ABŞ-a Türkiyə daha çox lazımdır; hər hərbi, həm də strateji baxımdan. Rza Zərrab əməliyyatına görə və ya hansısa iş adamına görə onların münasibətinin korlanması üçün heç də səbəb ola bilməz. Təsəvvür edin ki, Fətullah Gülən məsələsi, eyni zamanda NATO-nun Norveçdə keçirilən təlimləri zamanı Rəcəb Tayyib Ərdoğanın və Atatürkün şəklinin hədəf qoyularaq atılması məsələsi daha ciddi məsələlərdir.

ABŞ və Türkiyə münasibətlərinin məhz iki prokurorun məhkəməyə verilməsinə görə, gərginləşməsi gözlənilən deyil. Bu sıradan məsələlərdən biridir. ABŞ demokratik qanunlarla yaşayan bir dövlətdir. Həm qanunverici orqan, həm də məhkəmə sistemi elə qurulub ki, orada prokurora qarşı da cinayət işi qaldırmaq olar, hətta prezidentə qarşı da. Bu məsələyə görə Türkiyə ilə münasibətlərin gərginləşəcəyi heç də inandırıcı görünmür. Əgər Türkiyə tərəfinin əlində sübutları olsa, ABŞ birmənalı şəkildə bunu müsbət qarşılayacaq".

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ prokuroru Prit Bxararın FETÖ üzvü olduğuna və M.H.Atillanın terror təşkilatının rəhbəri Fətullah Gülənin göstərişi ilə həbs edildiyinə dair iddialarına gəlincə, Arzu Nağıyev bunun yanlış iddia da ola biləcəyini vurğuladı: “ABŞ prokurorunun FETÖ-çü olması inandırıcı görünmür. Lakin FETÖ ilə hər hansı əlaqəsi olanlar ola bilər. ABŞ-da böyük bir dəstə var idi ki, birbaşa Fətullah Gülənin göstərişi ilə işləyirdi. Belə bir əlaqənin olması istisna olunmur. Ancaq bu o demək deyil ki, prokurorlar birbaşa FETÖ-çüdür. Hansısa fondla, qurumla əlaqələri ola bilər, maliyyə yardımı ala bilərlər. Ancaq onların açıq FETÖ-çü olması inandırıcı görünmür”.
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.