İki türk lider və Luikaşenko erməni təxribatına niyə “yox” deyə bilməyib?

4-12-2017, 09:28           
İki türk lider və Luikaşenko erməni təxribatına niyə “yox” deyə bilməyib?
Siyasi ekspertlər səbəbləri açıqladılar

Ermənistan ötən həftə Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında qəbul edilən bəyannaməyə ərazi bütövlüyü ilə yanaşı, müharibə ilə hədələməmə, öz müqəddəratını təyin etmə prinsipini daxil etdirə bilib. Özü də üzv ölkələrin etirazı olmadan.

Halbuki, KTMT-nin üzvü olan iki türk respublikası Qazaxıstan və Qırğızıstan, həmçinin Azərbaycanla dost münasibətlərdə olan Belarus Ermənistanın bəyannaməyə sözügedən prinsiplərin daxil edilməsi təklifinə qarşı çıxsaydılar işğalçı ölkənin istəyi reallaşmayacaqdı. Bəs bu üç ölkə nədən Azərbaycanın maraqlarına toxunan bu məsələdə sözlərini demədilər və bəyannaməyə ermənilərin xeyrinə olan təklifin daxil edilməsinə mane olmadılar?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, KTMT Rusiyanın nəzarəti altındadır, Rusiya isə Ermənistanın himayəçisidir: “Buna baxmayaraq, bu təşkilat çərçivəsində həyata keçirilən müxtəlif tədbirlərdə Azərbaycana dost və tərəfdaş olan ölkələr - Qazaxıstan və Belarus rəsmiləri öz sözlərini deyir, ölkəmizin mövqeyinə dəstək verirlər. Ancaq bu iki dövlətdən hər dəfə Azərbaycana dəstək tələb etmək də düzgün olmaz. Hər nə qədər olsa həm Astana, həm Minsk Kremldən çəkinirlər. Ermənistan təxribatla məşğuldur və təxribatlarını müxtəlif təşkilatlara inikas etdirməyə çalışır. Hansı təşkilatda ki, Azərbaycan iştirak edir, orada bu təxribat keçmir, hansında ki, Azərbaycan yoxdur, orada istədiyi sənədi keçirməyə bəzən müvəffəq olur”.

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, KTMT-də qəbul edilən bəyannaməyə ciddi əhəmiyyət verməyə dəyməz: “KTMT-də indiyə qədər çox bəyannamə qəbul edilib amma hamısı yerinə yetirilibmi? Məsələn, götürək aprel müharibəsini. Qazaxıstanla, Belarus demək olar ki, Azərbaycanın tərəfində çıxış etdilər. Baxmayaraq ki, Ermənistanla bir ittifaqdadırlar. Ona görə düşünürəm Azərbaycan və Ermənistanla yeni müharibə olduğu təqdirdə də, Qazaxıstanla Belarus ən azı neytral qalacaq. Təbii Ermənistanın bəyannaməyə irəli sürdüyü həmin təklif də Qazaxıstan etiraz edə bilərdi. Etiraz etməməsinin isə səbəbləri var. Səbəblərdən biri Rusiyadan ehtiyatlanmaqdır. Rusiya hələ də türk respublikalarının başı üstündə ” Domokl qılıncı" kimi durur.

Digər səbəb isə keçmiş SSRİ-də olan türk dövlətləri arasında türk həmrəyliyinin yetərli səviyyədə olmamasıdır. Təəssüf ki, SSRİ dağılandan sonra da müstəqil türk respublikaları arasında türk həmrəyliyi yoxdur. Bu türk həmrəyliyinin ən zəif halqası da Qırğızıstandır. Qırğızıstanın həm Türkiyə, hətta Qazaxıstanla belə problemləri var. Hələ bir zamanlar prezident Əsgər Akayev İrəvanda qondarma soyqırımı abidəsini ziyarət etmişdi. Ona görə Qırğızıstandan Azərbaycana yönəlik müsbət nə isə gözləmək hələlik təəssüf ki, tezdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.