Müxalifətin birliyi, prezidentə qarşı plan, seçkisonrası… – Türkiyədə

5-05-2018, 11:11           

Türkiyədə növbədənkənar parlament seçkilərinə 1 aydan çox vaxt qalmış müxalifət partiyaları birləşmək qərarına gəlib.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, sabah 4 partiya –CHP, Səadət Partiyası, İyi Partiya və Demokrat Partiyası seçkilərdə birgə iştirakla bağlı müvafiq sazişi imzalayacaq.

Hazırkı president, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğana qarşı qurulduğu ehtimal edilən birlik üçün imzalanacaq protokol ayın 6-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.



Ana müxalifətin seçki ittifaqını Teleqraf.com-a şərh edən politoloq Natiq Miri hesab edir ki, müxalif düşərgənin birgə hərəkəti Ərdoğanın seçkilərdə qalib gəlmək şanslarını azaltmayacaq:



“4 partiyanın birliyini sosial sifariş saymaq olmaz. Bu planın niyyəti də yaxşı deyil. Əslində bu, Ərdoğana və “Cümhur” ittifaqına (AKP və MHP) qarşı olan və xaricdən dəstəklənən layihədir. Layihənin Türkiyənin ictimai rəyində dəstək alacağına inanmıram.

Bəlli bir səs faizi var ki, bu ittifaqın bu səsdən artıq nəticə əldə edəcəyini də düşünmürəm. Birinci raundda AKP və MHP-nin qurduğu ittifaqın qalib gələcəyini, seçkilərin ümumi nəticəsində isə bu ittifaqın namizədi kimi Rəcəb Tayyib Ərdoğanın qalib olacağı qənaətindəyəm”.

Natiq Miri seçkilərdən əvvəl və sonra daxildə Ərdoğana qarşı ciddi etiraz dalğasının başlayacağını da proqnozlaşdırmır: “Bunun üçün ciddi səbəb yoxdur. Amma seçkilərdən sonra xaricdən dəstəklənən terror təşkilatları vasitəsilə daxildə terror aktları törədilə bilər ki, bu da Türkiyədə ictimai-siyasi vəziyyəti gərginləşdirmək hadisəsi kimi düşünülə bilər. Belə təhlükələr həm xaricdə, həm də sərhədlər daxilində mümkündür.

Hesab edirəm ki, Ərdoğan hakimiyyətinə qarşı əsas təzyiqlər seçkilərə qədər olacaq. Əgər hazırkı president seçkilərdə qalib gəlsə, dünya gücləri onun başçılıq etdiyi hökuməti tanımaq və onunla əməkdaşlıq etmək məcburiyyətində qalacaq. Çünki Türkiyə kimi bir dövlətlə əməkdaşlıq etmək istəməyən gücün olduğunu düşünmək mümkün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.