Toğrul İsmayıl: “Türkiyədə ikinci tur ehtimalı çox yüksəkdir”
4-06-2018, 09:40
Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə 20 gün qalır. Seçimlərə doğru hər keçən gün siyasi həyəcanı artırmaqdadır. Qardaş ölkənin çox gərgin, amma maraqlı seçki kampaniyasıi yaşadığı göz önündədir. Azərbaycanda da Türkiyədəki seçkilər çox diqqətlə izlənilir.
Məlumat üçün bildirək ki, prezidentlik uğrunda 6 namizəd mübarizə aparır: hazırkı prezident, AKP lideri Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Meral Akşener, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu və Vətən Partiyasının başqanı Doğu Perinçək. Parlament uğrunda iqtidarın ittifaqı “Cümhur”, müxalifətinki isə “Millət” adlanır.
Bəs hazırda nəticələr prezidentlik uğrunda kimin, parlamentdə üstünlük qazanmaq üçün hansı ittifaqın xeyrinədir? Sualla Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıla müraciət etdik.
Politoloq qardaş ölkədəki seçki proseslərində elə də ciddi bir dəyişikliklərin olmadığını söylədi: “Mübarizə davam edir. Burada əsas problem ondadır ki, bu, Türkiyədə prezident üsul-idarəsi ilə bağlı ilk seçkidir. Bu seçki ilk dəfə həm prezidenti, həm də parlamenti seçəcək. Rəqabət əvvəlcədən bəlli idi. Tərəflər mövqelərini bəlli ediblər, açıqlamalar da əvvəlcədən məlum idi. Hökumət dollarla bağlı durumu önləyə bilsə də, tam da durdurmuş vəziyyətdə deyil. Bundan başqa benzin və digər məhsulların qiymətləri yüksəlib. İqtidar hazırda bunu durdurmağa çalışır. Cəmiyyət də bilir ki, bunlar müvəqqəti şeylərdir. Ərdoğan populyar, səs faizi yüksək olan lider olsa da, hər kəsə məlumdur ki, uzun müddət hakimiyyətdə olmaq istənilən güclü lideri tükəndirir. Öncəliklə insanlar alışdıqları üçün dəyişiklik tərəfdarı olurlar. Bundan öncə olan referendumda prezidentlik üsul-idarəsinə keçməyə bəzi böyük şəhərlər - meqopolislər etiraz etmişdi. Bu problem hələ də qüvvədə qalır. Belə məsələlər iqtidarın xeyrinə deyil. Müxalifətə gəlincə, Meral Akşener acısından böyük gözləntilər var idi. Müxalifət düşərgəsində nələrinsə ediləcəyi deyilirdi. Amma buna zaman yetərli olmadı. Seçkilər çox erkən zamana salındı. İyi Partiya tam olaraq təşkilatlana bilmədi. Bildiyim qədəri ilə namizədlərin verilməsində də ciddi problemlər yaşanıb. Bir çox insanlar siyahıdan kənarda qalıblar. Bunun da nəticəsi məlumdur. Təsirsiz ötüşə bilməz. Partiyaların yerlərdə yoxlama aparmaq imkanları olmadı. Ona görə də namizədlər daha çox mərkəzin, yəni partiya liderlərinin rolu ilə müəyyən olundu. CHP-nin işi daha rahatdır. Çünki təşkilatlı qurumdur. Burada bir faktın şahidi olduq ki, üç fərqli ideologiyaya sahib partiyalar bir araya gəlməyə çalışdılar, CHP, İyi və Səadət partiyaları. Ortaya ortaq lider qoya bilmədilər. Məncə, Ərdoğana qarşı bu, ən zəif məqamlardan biridir. Müxalifət ikinci tura böyük ümid bəsləyir. İqtidar isə, ilk turdaca məsələni həll etməyə çalışır. Bu gün hakim partiyanın səsi digərlərindən çoxdur. Sadəcə, təkbaşına üstünlük əldə edə bilirmi, qanunları bu şəkildə həyata keçirə biləcəkmi kimi problemlərin ortaya çıxacağı realdır. Ərdoğanın özünün də təkbaşına səsi kifayət qədər çoxdur. Türkiyədə hazırda səs alma faizinə görə Ərdoğanla müqayisə olunacaq lider yoxdur. Uzun zamandır bu şəkildədir. Bu, bir lider üçün əslində çox ciddi göstəricidir. Avropada belə, bu yoxdur. Amma zamanla geriləmələr olur. Eyni zamanda, Türkiyə kimi bir ölkəyə Qərbdən gələn təzyiqlərin təsiri olur. Seçim qabağı sakit mühit müşahidə olunsa da, əslində vəziyyət çox gərgindir”.
Politoloq sorğuların nəticələrinin o qədər ciddiyə alınmamasını da qeyd etdi: “Bu göstəricilər daha çox siyasi məsələdir. Sorğuların necə, harada aparılmasını söyləmək gərəkir. Bu baxımdan belə sorğuların nəticələrinə çox ümid etmək olmaz. Düzdür, bu nəticələr də çox önəmlidir. Bəzən olur ki, partiyaların özləri yaxud onlara yaxın qruplar da sorğu aparırlar. Hər kəs öz namizədini yüksək göstərməyə çalışır. Bir faktı əminliklə deyə bilərəm ki, seçkilər çox ağır keçəcək. Çünki rəqabət olduqca güclüdür. İkinci tur ehtimalı çox yüksək görünür. Amma bu yüz faiz olacaq anlamına gəlmir. İqtidar bu seçkilərdə ilk turdan keçməyi hədəfləyir. Bəzən Ərdoğanı bir çox şeylərdə suçlayırlar. Davranışlar bəzilərinin xoşuna gəlməyə bilər. Amma unutmaq olmaz ki, Ərdoğanın çox rahatlıqla daha əvvəlki sistemlə ikinci dəfə prezident seçilmək imkanları var idi. Lakin prezident üsul-idarəsi və digər məsələlər gündəmə gətirildi. Ərdoğan çox ciddi, siyasi təcrübəyə sahib liderdir. Meral Akşenerin də siyasi təcrübəsi kifayət qədər yüksəkdir. Kamal Kılıçdaroğlu da belədir. HDP-nin səslərini də unutmamaq lazımdır. Bu partiya son illərdə ciddi açılım edib.
10%-lik barajı keçəcəyini düşünürəm. Belə məsələlər çox önəmlidir. Parlamentə bunun necə təsir edəcəyi çox önəmlidir. Səadət Partiyası 10%-lik barajı keçə biləcəkmi, Məclisdə təmsil olunacaqmı və digər belə suallar var. Prezidentlik məsələsinə gəlincə, iqtidarın əlində bir sıra vasitələr var ki, bundan istifadə edərək, məsələni həll edə bilər. HDP-nin seçkilərin taleyini həll edəcəyi barədə deyilənlər mənim üçün də şübhəlidir. Bu partiya 10%-i keçərsə, güclü bazarlıq etmək imkanları olacaq. Amma düşünsək ki, CHP, İyi və Səadət Partiyası bir aradadır və HDP bunlarla bazarlıq edir. Bəzi təklifləri ola bilər. Məsələn, hansı təklifləri edə bilər? Bu sualın cavabı əslində məlumdur. Qurulacaq yeni sistemdə mütləq yer istəyəcəklər. Nazir və digər vəzifələr istəyə bilərlər. Ən azından iki nazirlik istəyərlər. Bu məsələlər müsbət və mənfi yöndə təsirlərini göstərə bilər. Seçkilər birinci turdan ikiyə qalarsa, bu tur ilk turdan daha qarışıq və mürəkkəb bir seçki olacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”