Türkiyədə qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb (FOTO)
9-07-2018, 09:15
Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən İstanbula gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Ahmet Arslan bildirib.
Onun sözlərinə görə, qəza baş verən yerdə xilasetmə və təxliyə işləri başa çatıb.
XXX
02:40
Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında sərnişin qatarının qəzaya uğramasına səbəb güclü yağışlar nəticəsində relslərin altındakı torpağın yuyulması olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə nazirliyinin yaydığı bəyanatda deyilir.
Ağır yaralıların təxliyəsi helikopterlər və traktorla aparılır. Qəza baş verən əraziyə avtomobillər keçə bilmir. Çorlu şəhərinin administrasiyası vətəndaşları yaralılar üçün qan verməyə çağırıb.
Bəyanatda deyilir: "İyulun 8-i saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb. Müəyyən edilib ki, qatarın relsdən çıxmasına səbəb güclü yağışlar nəticəsində relslərin altında torpağın yuyulması olub".
Qeyd edilir ki, hadisə yerində xilasetmə işləri dava etdirilir.
Xatırladaq ki, ötən gün Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 73 nəfər isə yaralanıb.
XXX
21:50
Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən İstanbula gedən sərnişin qatarı qəzaya uğrayıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qatarın altı vaqonu relsdən çıxması nəticəsində 10 nəfər həlak olub, 73 nəfər isə yaralanıb.
Tekirdağ əyalətinin qubernatoru Mehmet Çeylan bildirib ki, xəsarət alanlar helikopterlərlə hadisə yerindən təxliyə edilib. Onun sözlərinə görə, qəzaya səbəb pis hava şəraiti olub.
XXX
20:58
Türkiyədə, Tekirdaq vilayətinin Çorlu şəhərində sərnişin qatarı qəzaya uğrayıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, qatarın altı vaqonu relsdən çıxaraq aşıb. Qeyd olunur ki, hadisə nəticəsində ölən və yaralanan var.
Hadisə yerində xilasedicilər işləyir. Ölənlərin və yaralananların sayı dəqiqləşdirilir.
Qeyd olunur ki, qatarda 360 sərnişin olub.