Qətlə yetirilən avtoritetin arvadının əlindən alınan qızılın aqibəti necə olacaq? – MƏHKƏMƏ

13-08-2019, 17:00           
Qətlə yetirilən avtoritetin arvadının əlindən alınan qızılın aqibəti necə olacaq? – MƏHKƏMƏ
“Lotu Quli” ləqəbli Nadir Səlifovun Tiflisidə qətlə yetirilən yaxın adamı Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşının qaynanısına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Lent.az -ın məlumatına görə, iddia ərizəsinə Suraxanı rayon Məhkəməsində hakim Səlimə Miriyevanın icraatında baxılır.
Mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4 azyaşlı övladı ilə birgə qaynanası ilə yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77500 manat dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.
İddiaçı ərizəsində 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün mənzilinin olmadığını və Bakı şəhərində kirayə qaldıqlarını qeyd edib.
Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edir.
Məhkəmədə isə cavabdeh olan Qəribə Məmmədovanı və oğlu Əjdər Məmmədovu nümayəndə kimi bacıları Yeganə təmsil edir.
Ötən prosesdə Elşən Məmmədovun yeniyetmə qızları Nigar və Fatma Məmmədovalar məktəb nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə veriblər.
Qızlar bildiriblər ki, atasının anasına və onlara aldıqları qızıl-zinət əşyaları nənələri tərəfindən götürülüb və onlara qaytarılmayıb: “Atamızın bizə aldığı brilliant qaşlı üzükləri, sırğaları, boyunbağını bizə verilmir. Hətta bütün sənədlərimiz də həmin evdə qalıb”.
Fatma Məmmədova onu da qeyd edib ki, sonuncu dəfə atası Bakıda olanda onunla birgə anasına qızıl qolbaq və digər zinət əşyaları almağa gedib.
Nigar Məmmədova isə prosesdə deyib ki, atası dünyasını dəyişəndən sonra ailədə onlara qarşı münasibət pisləşib: “Onsuz da atam gec-gec Bakıda olurdu. Nənəm də, bibim də anama əziyyət verirdilər. Döyüblər də, təhqir də ediblər”.
Cavabdehlərin nümayəndəsi Yeganə Məmmədova çıxış edərək uşaqların və iddiaçının dediklərinin əsassız olduğunu qeyd edib: “Elşən çox kasıb olub. Onun heç nəyi olmayıb. Uşaqlara da, ailəsinə də biz baxmışıq. İddia etdikləri həmin mənzil qardaşım Əjdərindir və onun adınadır.
Qardaşım da iddiaya etiraz edir və uşaqlara ona məxsus mənzildə yaşayış hüququnun verilməsini istəmir. Ülkərin heç vaxt o boyda qızılı olmayıb. Ona məxsus bizdə heç nə yoxdur”.
İddiaçının nümayəndəsi Təranə Əliyeva bildirib ki, ailə çox qapalı olub: “Elşən işləri ilə əlaqədar az-az Bakıda olub. Lakin Elşəni çox adam tanıyır. Hansı imkana malik olduğunu hamı bilir. Mərhum “Leksus 470” markalı avtomobilində öldürülüb. Ölən zaman onun boynunda brilliant sep və üzərində klon, bahalı saat, brillinat üzük olub. Özləri də yaxşı bilirlər ki, həmin ailəyə, nəsilə Elşən baxıb. Bütün ehtiyaclarını artıqlaması ilə qarşılayıb”.
Təranə Əliyeva onu da deyib ki, iddia edilən mənzil Əjdər və Elşənin atasına məxsus olub: “Həmin mənzilin nə vaxt Əjdərinin adına keçirilməsi ilə bağlı hər hansı sənəd verilmir. Elşən və ailəsi orada ola-ola həmin mənzil orada yaşamayan Əjdərinin adına neçə keçirilməsini bizə izah edən yoxdur. Biz hazırda həmin məqamı araşdırırıq. Ülkər və 4 uşaq artıq 2 ildir evdən çıxıblar. Qadın 4 uşaqla kirayədə yaşayır. Əmisi, nənəsi, yaxud onlar tərəfindən heç bir maddi və mənəvi yardım edilməyib. Uşaqların ən kiçik əşyalarını, geyim paltarını belə qaytarmırlar”.
Prosesdə cavabdehlərin nümayəndəsi Təranə Əliyevanın dedikləri ilə bağlı danışıb. O qeyd edib ki, Ülkərə qardaşı Elşən Məmmədovun dostları mənzil verib: “Həmin mənzil Bakıxanov qəsəbəsindədir, vəkil Təranə Əliyevanın adınadır”.
Təranə Əliyeva cavabdehin dediklərinə etiraz edib. Bildirib ki, cavabdehin onun adına olan əmlakların siyahısını məhkəməyə təqdim etməsi düzgün deyil: “Sizə kim ixtiyar verib ki, mənim adıma olan əmlakı bura təqdim edirsiniz? Həmçinin bu cür halın olmasını neçə sübut edə bilərsiniz? Bu qadının dediyiniz kimi, mənzili varsa, niyə iki ildir kirayədə qalır? Bu ağlabatan deyil. Ülkərin evi olsa, hansı ağılla bu vəziyyətdə 4 uşaqla kirayədə qalar? Qəribə Məmmədova məhkəməyə gəlmir. Uşaqlar və gəlini ilə üzləşmək istənmir. Səhhətim pisdir deyir, amma məndən Bakı şəhər Baş Polis İdarəsinə, Vəkillər Kollegiyasına öz ayağı ilə şikayətə gedə bilir".
Cavabdehin nümayəndəsinin vəkili məhkəmədə bildirib ki, Elşən Məmmədovla Ülkər Rzayeva arasında rəsmi nikah olmayıb və bu səbəbdən onun iddiası təmin olunmamalıdır.
Ülkər Rzayevin nümayəndəsi isə qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs həmin evə toyla gəlin gəlib və 10 ildən artıqdır həmin mənzildə yaşayıb.
Məhkəmə prosesi avqustun 16-da davam edəcək.
Qeyd edək ki, Elçin Əmircan 2016-cı ildə Tiflisdə restorandan çıxarkən avtomobildə güllələnib.
O, “Lotu Quli” ən yaxın adamlarından olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.