“QARA KASSA”, “BULDOZER İNQİLABI”, MÜXALİFLƏRƏ 34 MİLYON DOLLARLIQ DƏSTƏK…- Corc Sorosun xaosa sürüklədiyi ölkələr... (III YAZI)

22-10-2019, 07:35           
“QARA KASSA”, “BULDOZER İNQİLABI”, MÜXALİFLƏRƏ 34 MİLYON DOLLARLIQ DƏSTƏK…- Corc Sorosun xaosa sürüklədiyi ölkələr... (III YAZI)
Vladimir Tulin,

riafan.ru (Rusiya)

Soros Balkanlarda güclüdür və bu regionun hər ölkəsində çoxlu sayda KİV-i, qeyri-kommersiya və qeyri-hökumət təşkilatını maliyyələşdirir. Bu, seçkilərin nəticələrinə, eyni zamanda hökumətin tərkibinə təsir imkanları yaradır. Ona görə də Soros Balkanlarda yerli qanunlara məhəl qoymadan işləyir.

1996-cı illərin sonlarında Açıq Cəmiyyət İnstitutunun Xorvatiya üzrə iki rəhbər şəxsi ölkəyə daxil olarkən üzərlərində 65 min dollar aşkarlanmışdı. İstintaqın gedişində məlum olmuşdu ki, bu təşkilatda işçilərə verilən maaşın və siyasətçilərə verilən qrantın yarısı “qara kassadan” ödənilir. Aydındır ki, eyni vəziyyət digər Balkan ölkələrində də hökm sürür.

Soros 1996-cı ildə Bolqarıstanda maliyyə böhranı yaratmağa müvəffəq oldu və bolqar levi bir dollara nisbətdə 2800-ə düşəndə 40 milyon dollar satdı. Bu, Bolqarıstan valyutasının 1600 səviyyəsinə qədər bahalaşmasına səbəb oldu və bundan sonra Soros dollarları geri aldı.

Soros Bolqarıstanda böyük QHT şəbəkəsini maliyyələşdirir. Bura Açıq Cəmiyyət İnstitutu, Liberal Strategiyalar Mərkəzi, Sosial Tətbiqlər Mərkəzi, Bazar İqtisadiyyatı İnstitutu və s. daxildir. İki keçmiş nazir – Pyotr Dimitrov və Miglena Taçeva Soros strukturlarının keçmiş işçiləridir.

2004-cü ildə Corc Sorosun təklifi ilə Avropa İttifaqı Bolqarıstanda qaraçılarla bağlı proqramını elan etdi. Bu proqram çərçivəsində dərhal 49 qaraçı QHT-si yaradıldı. Lakin onun nəticələri elan olunanın əksinə oldu: nüfuzlu bir amerikalının dəstəyindən xəbər tutan qaraçılar cinayətkar və antisosial fəaliyyətlərini gücləndirdilər. Bolqarlar bu proqramın həyata keçirilməsinə ayrılan pulun hara getdiyini başa düşə bilmədilər.

1989-cu ildən bəri Corc Soros Serbiyada televiziya, radio və internet kimi resurslara sahib olan B-92 şirkətini maliyyələşdirir. Şirkət ABŞ-NATO dəyərlərinin əsas təbliğatçısı və belə partiyaların fəaliyyətinin əlaqələndiricisidir.

Serblər B-92 haqqında deyirlər ki, Yuqoslaviyaya ilk bomba zərbəsini B-92 endirib. Onun Corc Sorosun 2000-ci ildə təşkil etdiyi “buldozer inqilabı”nda da mühüm rolu olub. Həmin il sentyabrın 24-də prezident seçkiləri keçirildi və ABŞ yönümlü müxalifət dərhal öz namizədləri Voislav Koştunitsanın qələbəsini elan etdi. Lakin Seçki Komissiyası səsvermənin ikinci turunun olacağını bildirdi. Bu,Corc Sorosa sərf etmirdi. Həmin vaxt Slobodan Miloşevic əhali arasında populyar idi.

Maliyyə ayrıldı və 5 oktyabrda özəl təhlükəsizlik şirkətlərinin muzdla çalışan işçilərindən, futbol azarkeşlərindən və əlbəttə ki, Soros tərəfindən yaradılan “Otpor” gənclər təşkilatının fəallarından ibarət etirazçı kütlə Belqrada gəldi.

Onlar polisə əl qumbaraları ataraq parlament binasını ələ keçirməyə çalışdılar. Lakin polis hücumu dəf etdi. Sonra polis forması geyinən, özünü polis kimi göstərən 2 nəfər nümayişçilərin tərəfinə keçdi. Lakin gerçək polislər təxribata uymadılar. Bunun ardınca buldozer gələrək polis kordonunu yardı.

Soros fəallarının parlamenti ələ keçirərkən etdikləri ilk iş Seçki Komissiyasının orada olan bütün sənədlərini yandırmaq oldu. Bu, Voislav Koştunitsanın qələbəsi ilə bağlı söylənənlərin yalan olduğunu təsdiqləyirdi. Əks halda sənədləri niyə yandırdılar? Sonra etirazçılar yenidən buldozerdən istifadə edərək dövlət televiziyasının binasını ələ keçirdilər.

Slobodan Miloşevic basqınçılara qarşı silahdan istifadə əmri vermədi və ertəsi gün istefaya getdi. O, 1 aprel 2001-ci ildə həbs edildi və 11 mart 2006-cı ildə Haaqa tribunalının kamerasında dünyasını dəyişdi.

2017-ci ilin aprelində – Rusiyaya rəğbəti ilə tanınan Aleksandr Vuçiçin qələbəsindən sonra Soros Belqradda onu da eyni şəkildə devirməyə çalışdı. Lakin serb xalqı ötən 17 il ərzində Amerika düzəninin onlara nə vəd etdiyini öyrəndiyi üçün 3 gün sonra etirazlar dayandı.

Hətta baş ofisi Nyu-Yorkda yerləşən və Rusiyanı sevməyən “Associated Press” beynəlxalq informasiya agentliyi belə, məlumat yaydı ki, sonradan “buldozer inqilabı” adlanan dövlət çevrilişini təşkil etmək üçün 2000-ci ilin payızında ABŞ-dan Yuqoslaviyaya 34 milyon dollar köçürülüb. “Amerika heç vaxt başqa ölkələrin seçkilərinə qarışmayıb” deyən amerikalı siyasətçilər təəssüf ki, bu faktı xatırlamaq istəmirlər.

“Buldozer inqilabı” hadisələri üç il sonra Gürcüstanda heyrətamiz dəqiqliklə təkrarlandı və “qızılgül inqilabı” adlandırıldı. Orada da seçkidən əvvəl Corc Soros tərəfindən Kmara (“Yetər”) gənclər təşkilatı yaradılmışdı. “Kmara” fəalları prezidenti devirmək təcrübəsini öyrənmək üçün Belqrada getmişdilər. “Otpor” fəalları isə onlara təlim vermək üçün Gürcüstana gəlmişdi.

Təcrübəni öyrənmək üçün Belqradı gələcək inqilabın lideri Mixail Saakaşvili də ziyarət etmişdi. Bütün bu səfərləri Corc Sorosun maliyyələşdirdiyinə dair sənədli sübutlar var.

Belqradda olduğu kimi, Gürcüstanda da gənclər təşkilatının fəalları təhlükəsizlik işçiləri və azarkeşlərlə birlikdə prezident seçkilərinin nəticələrindən hiddətləndiklərini bəyan etmişdilər. Nədənsə xalq nəticələrin elan edildiyi gün deyil, 20 gün sonra, lakin çox mütəşəkkil bir şəkildə “qəzəbləndi”.

Düzdür, Tbilisidə parlamentə hücum zamanı əl qumbaraları və buldozerlərdən istifadə edilmədi. Parlament elə ilk cəhddə ələ keçirildi. Slobodan Miloşeviçdən fərqli olaraq, Gürcüstan prezidenti Eduard Şevardnadzenin xalq arasındakı nüfuzu çox pis idi və və polislər arasında onun uğrunda sağlamlıqlarını təhlükəyə atmaq istəyənlər çox deyildi.

Eduard Şevardnadzenin həyatı və azadlığı qorunub saxlanıldı. Aydındır ki, onun SSRİ-nin dağılmasındakı xidmətləri nəzərə alınmışdı. O, devrilməsini təşkil etməkdə və maliyyələşdirməkdə Corc Sorosu ittiham etdi və “Soros” fondunun Gürcüstan filialının “Kmara”ya 300 min dollar ayırdığına dair sənəd ortaya qoydu.

Corc Soros üçüncü dəfə dövlət çevrilişini 2004-cü ildə Ukraynada təşkil etməyə cəhd göstərdi. Və xalqın prezident seçkilərinin nəticələrindən qəzəbləndiyini bəhanə gətirdi. Həmin vaxt o, “Pora” gənclər təşkilatının yaradılmasını maliyyələşdirmişdi. Orada hər şey sülh yolu ilə başa çatdı. Parlamentə basqın olmadı və inqilab “narıncı” adlandırıldı.

Corc Sorosun ABŞ hökuməti ilə birlikdə hərəkət etdiyini bu fakt da sübut edir: ABŞ dövlət katibi Hillari Klinton BMT Baş Assambleyasının 2011-ci ilin 6 dekabrındakı sessiyasında cinsi azlıqları qorumağın Birləşmiş Ştatların xarici siyasətinin prioriteti olduğunu elan edəndən sonra Soros gey-paradlara, LGBT təşkilatlara maliyyəni kəskin şəkildə artırdı.

Soros hər zaman iddia edir ki, təmənnasız, sadəcə kömək məqsədilə fəaliyyət göstərir. Buna inanan hər kəs, Corc Sorosun 2002-ci ildə söylədiyi sözləri xatırlasın: “Qədim Romada yalnız romalılar səs verirdilər. Müasir dünya kapitalizmində yalnız amerikalılar səs verir. Braziliyalılar səs vermir”…



Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.