“Repetitorluq “cavanlaşsa” ürəkaçan mənzərə olmayacaq” – SOS siqnalı

23-10-2019, 00:24           
“Repetitorluq “cavanlaşsa” ürəkaçan mənzərə olmayacaq” – SOS siqnalı
“Əgər repetitorluğun “cavanlaşma” prosesi geniş miqyas alarsa, istənilən halda, ürəkaçan mənzərə olmayacaq. Bu baxımdan, məktəblərdə təmayülləşmə prosesi ciddiləşdirilməli, dərs saatı hesabına repetitor yanına “gediş –gəlişə” nəzarət gücləndirilməli, 12 illik təhsilə keçid sürətlənməlidir”.

Bu sözləri AzEdu.az–a açıqlaması zamanı təhsil üzrə eskpert Nadir İsrafilov deyib. Onun sözlərinə görə, repetitorluq fəaliyyətinə yanaşma birmənalı deyil:

“Repetitorluq nə dünənin, nə də bugünün məsələsi olmayıb. Bu daim cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problemdir. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir. Repetitorluq, hətta uşaq bağçaları da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir.

Repetitorluğu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırırlar. Lakin bəziləri bu fəaliyyəti “təhsilimizin iksiri” hesab edir, ona "məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi" kimi baxır. Yeni qəbul modelinin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da var. Baxmayaraq ki, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb”.

Nadir İsrafilov qeyd edib ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı onların Konstitusiya ilə təsbit olunmuş hüququdur:

“Bu şərtlə ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və repetitorluqla məşğul olan şəxs sahibkarlıq fəaliyyətinə başlandığı günə qədər yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edir. Şagirdin nüfuzundan və reklamından asılı olaraq hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın nə qədər müddətə başa çatacağını və digər məsələləri araşdırsaq, bunun valideyinə hansı məbləğə başa gələcəyini müəyyənləşdirmək o qədər də çətin deyil. Bu baxımdan, abituriyentin tələbə olması üçün ailəsinin nə qədər pul xərcləyəcəyi valideynlərinin öhdəsinə buraxılır.Başqa sözlə, dövlət və özəl universitetlərdə ödənişli ixtisaslar istisna olmaqla digər əlavə pullu təhsil xidmətləri valideynin arzu və istəyindən asılı olaraq könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni, hər hansı bir valideynin övladını repetitor yanına göndərməsi, müxtəlif profilli hazırlıq kurslarına, o cümlədən də xaricdə təhsil proqramlarına yönəltməsi onun öz seçimidir”.

Nadir İsrafilov bildirib ki, müəllim də, şagird də məktəbə qayıtmalı, daha doğrusu qaytarılmalı, sağlam və işgüzar məktəb mühiti bərpa edilməlidir:

“Repetitorluğun “cavanlaşma” prosesi geniş miqyas alarsa, istənilən halda, ürəkaçan mənzərə olmayacaq. Bu baxımdan məktəblərdə təmayülləşmə prosesi ciddiləşdirilməli, dərs saatı hesabına repetitor yanına “gediş –gəlişə” nəzarət gücləndirilməli, 12 illik təhsilə keçid sürətlənməlidir. Müəllimləri stimullaşdırmaq məqsədilə onların zəif oxuyan şagirdlərlə də əlavə (fərdi) məşğələlərinin ödənişli əsaslarla həyata keçirilməsi imkanları araşdırılmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.