Möhtəşəm yüzilliklərimiz olub, bəs hanı “Diriliş”imiz, “Fəth”imiz, “Hökmdar”ımız?

11-11-2019, 11:19           
Möhtəşəm yüzilliklərimiz olub, bəs hanı “Diriliş”imiz, “Fəth”imiz, “Hökmdar”ımız?
Müasir dövrdə bir çox ölkələrin kinematoqrafiyaları öz tarixlərini, abidələrini, mədəniyyətlərini ökələrində və dünyada təbliğ etmək üçün tarixi film janrına tez-tez müraciət edir. Lakin Azərbaycanda keyfiyyətli və səs-küy yarada biləcək tarixi filmlər ərsəyə gətirilmir. Ən yaddaqalan və hələ də izlənilən yerli filmlər isə “Azərbaycanfilm”in SSRİ dönəmində çəkdiyi filmlərdir.

Yerli film və serial istehsalı üçün dövlət tərəfindən ayrılan maddi vəsaitlər isə, əsasən bayağı seriallara və komediya filmlərinə sərf edilir. Milli-mənəvi dəyərlərimizdən, tariximizdən bəhs edən filmlər isə yox dərəcəsindədir. Geridə, bir neçə sənədli filmlə tamaşaçını aldatmaqla keçən zaman var.

Ümumiyyətlə, tarixi filmlərin çəkilməməsi bir yana, Azərbaycan tamaşaçısı, kifayət qədər zəngin və əhəmiyyətli tarixə malik olan, hazırda isə dağılıb xaraba qalan abidələr haqqında da yerli filmlərin üzünə həsrət qalıb. Belə olan halda nəinki dünya, hətta yeni nəsil Azərbaycan gənci də öz tarixini və milli-mənəvi dəyərlərini unudacaq.
Bəs nə üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tariximizdən bəhs edən filmlər çəkilmir? Kimdir müqəssir?

AYNA-ya danışan ssenarist Pərviz Seyidli tarixi film çəkməyin çətin olduğunu deyib: “Real yanaşsaq, bu gün Azərbaycanda tarixi film çəkmək çox çətindir. Çünki böyük büdcə tələb olunur. Böyük büdcə qarşılığında da reytinq əldə etməyə bilərsən. Bu baxımdan prodüserlərin maraqları böyük vəsait xərcləmədən böyük gəlir əldə etməkdən ibarətdir”.

Mütəxəssis tarixi janrlı filmlərə sponsor tapmağın çətin olduğunu bildirib: “Hazırda Şah İsmayıl Xətayi ilə bağlı ssenari yazıram. Bir müddət əvvəl ssenari ilə bağlı bir neçə prodüserlə danışıqlar apardım, televiziyalara müraciət etdim. Lakin qarşı tərəf maddi baxımdan boyun qaçırmağa məcbur oldu. Həm də Tükiyədə son zamanlar Azərbaycan tamaşaçısı tərəfindən də kifayət qədər sevilən və izlənilən tarixi filmlər çəkilir. Bu baxımdan da tamaşaçıya elə məhsul təqdim etmək lazımdır ki, “Diriliş Ərtoğrul”un təsirindən xilas olub yerli məhsula maraq göstərsin. Bunun üçün yüksək peşəkarlıq tələb olunur. Lakin bu gün tarixi film və ya serial çəkilsə, mütləq Azərbaycan tamaşaçısı maraq göstərəcək”.

“O ki, qaldı abidələrlə bağlı filmlərin çəkilişinə, bu da bir növ tarixi janr sayılır. Tarixə müraciət etmək də böyük büdcə tələb edir. Məkan, işıqlar, kostyum, rekvizit, dekorlar, rəssam işi və.s. Buna isə vəsait ayıran yoxdur. Tarixi filmlərin çəkilməsi gənclərin milli ruhunu oyatmaq, reytinq, reklam baxımından çox önəmlidir. Həm də düşünürəm ki, o qədər də çox olmayan büdcə ilə də daha yığcam, minimalist formada çəkilişlər aparmaq olar. Sadəcə tarixi janr asan deyil. Adi ailə-məişət mövzusu belə, böyük vəsait tələb edirsə, tarixi janrı özünüz təsəvvür edin”, - deyə ssenarist əlavə edib.

“Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri, kinorejissor Tahir Tahiroviç isə AYNA-ya açıqlamasında, Azərbaycanda zəngin tarixə malik olan abidələrin az olduğunu bildirib: ““Aya Sofya”, “Sultan Əhməd”, “Kreml”, “Paris Notr-Damm” kimi zəngin tarixə malik olan abidələr Azərbaycanda, demək olar ki, yoxdur”.

Rejissor, bununla bağlı başına gələn bir hadisəni də diqqətə çatdırıb: “Təxminən 10 il bundan əvvəl Bakıya Sloveniyadan televiziya texnikası üzrə mütəxəssis qonaq gəlmişdi. Orta Asiyada, Gürcüstanda yeni televiziya texnologiyalarının satışı ilə məşğul idi. ARB televiziyasında çalışdığım üçün, onu birbaşa ARB-nin texniki qərargahı sayılan Gəncə şəhərinə apardım. O, yolboyu “Vikipediya”dan çıxarılmış vərəqlərə baxır, müxtəlif insanlarla tez-tez əlaqə saxlayır və Azərbaycanın ən qədim şəhərinə getdiyini deyirdi. Nə barədə danışdıqlarını soruşanda, qalalardan, abidələrdən sitat gətirdi və Nizami Gəncəvinin şəhərinə gəldiyi üçün sevindiyini bildirdi. Mən isə deyə bilmədim ki, Gəncədə yaxşı restoranlar və “Xruşovka” binalarından başqa 1500-2000 ilin abidəsi yoxdur. Yəni Nizami Gəncəvinin şəhərində, Atabəylər dövlətinin paytaxtında tarixdən əsər-əlamət qalmayıb. Mən onu Gəncədən aldadaraq çıxartdım. Təəssüf ki, göstərməyə qala və ya abidə tapmadım”.
“Düşünürəm ki, gələcəkdə tarixi janrda olan filmlərə müraciət olunacaq. Sadəcə indi maliyyə və idarəçilik buna qətiyyən imkan vermir. Bu işdə televiziya rəhbərlərinin də günahı var. Hətta bir dəfə Mikayıl Müşviq haqqında serial çəkilməsi üçün təşəbbüs irəli sürmüşdük. Ssenari də hazır idi. Lakin televiziya rəhbərləri bu mövzunun tamaşaçıya maraqlı olmayacağını bildirdilər. Halbuki Azərbaycan tamaşaçısı kinoya da, teatra da böyük hörmət və sevgiylə yanaşır”, - deyə T.Tahiroviç gileylənib.

Kino tənqidçisi Sevda Sultanova isə AYNA əməkdaş ilə söhbətində, tarixi janra müraciət etməyin tez olduğunu qeyd edib: “Bir dəfə rejissor Əbdül Mahmudbəyov Şah İsmayıl Xətayi haqqında film çəkəcəyini demişdi. Lakin hansısa səbəblərdən çəkiliş alınmadı. Lakin çəksəydi belə, keyfiyyətli alınmazdı. Düşünürəm ki, tarixi janra müracit etmək hələ tezdir. Çünki bugünkü potensialla tarixi janrda filmlərin çəkilməsini görə bilmirəm. Mənim üçün önəmli olan odur ki, daxili kino bazarı formalaşsın. Bu filmlər çoxaldıqca və bazar formalaşdıqca, təbii ki, tarixi janrda olan filmlər də çəkilməyə başlayacaq. Sadəcə bunun üçün zaman yetişməyib”.

S.Sultanova tamaşaçı zövqünə qarışmağın düzgün olmadığını da bildirib: “Hərdən kommersiya filmlərinə gedən tamaşaçılar birmənalı qarşılanmır. Tamaşaçının zövqünə qarışmaq olmaz. Kinonun mərkəzi ölkələrindən sayılan ABŞ-da belə, ciddi filmlərə baxan çox azdır. Eyni problemlərə Avropada da rast gəlinir. “Hollivud” filmlərini bizə etalon kimi sıramaq istəyirlər, amma bu, çox yanlış yanaşmadır. Hətta vaxtı ilə Amerikada “Hollivud”a qarşı “Müstəqil Amerika Kinosu” adlı alternativ film şirkəti də yaranmışdı. Azərbaycanda isə bu janrın inkişaf etməməsində bir çox amillər var. Düşünürəm ki, yerli rejissorlar da buna mənəvi cəhətdən hələki hazır deyillər”.

“2008-ci ildə “Hökmdarın taleyi” adlı tarixi janrda olan bədii film çəkildi. Filmin rejissoru Ramiz Fətəliyev idi. Lakin Ramiz Fətəliyev ssenarini oxuyandan sonra tarixi uyğunsuzluqlar gördüyünü bildirirək filmi çəkməkdən imtina etmişdi. Əgər peşəkar bir rejissor məktəb göstərmək əvəzinə, qeyri-peşəkar davranışlar sərgiləyirsə, əlbəttə ki, ortaya bərbad bir məhsul çıxacaq və inkifadan söhbət getməyəcək”, - deyə tənqdiçi əlavə edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.