“Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” - Qadağa götürülür

15-11-2019, 17:21           
“Necə ola bilər ki, yayda təhlükəli olmadı, qışda oldu?” - Qadağa götürülür
Xəbər verdiyimiz kimi, bu gün avtomobillərdə pərdə və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün icazə müddəti başa çatır. "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.
Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir. Qaydaları pozanlar isə 150 manat cərimələnir. Bu isə bir çox sürücülərin və avtomobil sahiblərinin etirazına səbəb olub. Sürücülər bildirir ki, plyonkanı şüşələrə yapışdırıb, təkrar sökmələri onlara pul itkisi olur. Onlar bu qərarın ləğv olunmasını və pərdə, jalüz və plyonkalardan ilboyu istifadə edilməsini istəyirlər.

Mövcud məhdudiyyətin götürüləcəyi ilə bağlı iddialar da yayılıb. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, arxa şüşələrə plyonka vurulmasına cərimə edilməsi lazımsız bir qərardır:

“Ortada 150 manatlıq cərimədən söhbət gedirsə, onda sürücülərin narahat olmasını anlamaq lazımdır. Çünki heç kim istəməz ki, yol polisi onu saxlasın, həm vaxtın alsın, həm əsəbləri ilə oynasın, həm də götürüb 150 manatlıq cərimə yazsın. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, avtomobillərdə yan qapılara təkcə sənayə üsulu ilə hazırlanan jalüzlər yox, həm də plyonka vuruldu. Yol polisi də buna reaksiya vermədi. Çünki plyonka qanunla qadağan idi. Sadəcə sənayə üsulu ilə hazırlanmış jalüz pərdələrdən istifadə nəzərdə tutulurdu. Bu da geniş vüsət aldı.

Mən sürücüləri başa düşürəm, plyonkaya 50-200 manat arası xərc çəkilir. Pərdə elədir ki, istədiyin vaxt söküb, quraşdıra bilirsən. Plyonka isə söküldüsə, zay olub gedir. Deməli bu plyonkaya çəkilən xərc batıb getdi. İnsanları boş-boş şeylərlə incitmək olmaz. Amma bəziləri hətta əndanəzini aşdılar. Qabaq şüşələrə də plyonka vurdular. Avtomobilin içi görünməz hala düşdü. Baxırsan ki, kreditlə maşın alıb taksi sürür, amma 200 azn verərək, avtomobilin 4 tərəfini plyonka edib.

Avropa İqtisadi Komissiyasının 43 saylı qərarı var. Ötən il Prezident İlham Əliyevin təsdiqləmiş olduğu yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı var. Həmin proqramda da qeyd olunur ki, beynəlxalq konvensiyaları, qanunları araşdırmaq, öyrənmək və ölkəmizdə tətbiqini inkişaf etdirmək lazımdır. Avropa İqtisadi Komissiyasını 43 saylı qərarında da deyir ki, nəqliyyat vasitəsinin sürücüsündən arxada qalan şüşələrin tündləşdirilməsi və ya şəffaf saxlanılması sürücünü öhdəsinə buraxılmalıdır. Bizim istinad edəcəyimiz mənbə var. Sadəcə deputatlar Milli Məclisdə boş-boş otururlar, heç bir layihə ortaya qoymadılar ki, may ayından bəri camaat plyonkalardan istifadə edir, noyabrın 15-də bunun problemi çıxacaq, gəlin bunu həll edək. İndi də vaxt bitib. Yol polisi sabahdan etibarən başlasa cərimə yazmağa, demək ki, bu tapmaca oyunu idi. Əgər bu təhlükəlidirsə, necə ola bilər ki, mayda, iyunda, avqustda təhlükəli olmadı, noyabrda təhlükəli oldu? Mənə o maraqlıdır ki, bundan ötrü camaatı incitməyə nə ehtiyac var?

Mən güman edirəm ki, əgər yol polisləri sürücüləri anlayırsa, bu gün açıqlama verməlidir ki, hazırda qanunvericiliyə hələ ki dəyişiklik edilməyib, olanadək də plyonkalardan istifadə edən sürücülərə qarşı heç bir cərimə yazılmayacaq. Amma əlbətdə ki, ancaq arxadakı şüşələrə icazə verilməlidir. Ön şüşələrə plyonka vuran insan birmənalı surətdə cəzalandırılmaldır. Çünki qabaq şüşələrə plyonka vuran insan sərxoş halda maşın sürsə, onu aşkarlamaq çətin olacaq, həmin şəxs mobil telefondan istifadə edəcək, amma inspektor onu görməyəcək, təhlükəsizlik kəmərinin taxmayacaq, qucağında uşaq daşıyacaq, sərnişindaşıma qaydalarını pozacaq və s. Qabaq şüşələr yalnız 30 faizədək tündləşdirilə bilər”.

Deputat Çingiz Qənizadə televiziyalardan birinə açıqlamasında bildirib ki, artıq plyonklar biznesə çevrilib. Ekspert bu məsələyə də öz münasibətini bildirib:

“Mən düşünmürəm ki, bu biznesə çevrilib. Çünki illərdir ki, bunu gətirib satırlar. Qadağan olundu-olunmadı satırlar. Sadəcə olaraq, mənasız vasitədən ötrü sürücülərin əsəbi ilə oynamaq, durduq yerdə 150 manat cərimə yazmaq olmaz. Mənim bildiyimə görə, artıq Milli Məclisə bununla bağlı layihə gömdərilməsi gözlənilir. Amma bu layihənin göndərilməsi, qəbulu, cənab Prezidentin təsdiqi və s. bu müəyyən vaxt alacaq. Amma yol polisi çıxıb açıqlama versə, bu çox gözəl addım olar, təqdirlə qarşılanar. Çünki yol polisinin özü də bilir ki, onun təhlükəsizlik baxımdan heç bir əhəmiyyəti yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.