Almaniyanı “miqrant cənnəti”nə döndərən səbəblər - ARAŞDIRMA

21-11-2019, 09:23           
Almaniyanı “miqrant cənnəti”nə döndərən səbəblər - ARAŞDIRMA
Almaniya ötən əsrin 70-ci illərindən bəri dünyanın hər yerindən mühacirləri, mirqantları cəlb edən cənnətə çevrilib. Hər nə qədər qanunlar sərtləşdirilsə belə, bu ölkəyə yerləşməyə can atanların sayı azalmaq əvəzinə getdikcə artar. Bunun səbəbi nədir? Niyə Almaniya qaçqınların, mühacirlərin daha çox yerləşdiyi ölkəyə çevrilib?

Yerli əhali sürətlə yaşlanır...

Araşdırmalar göstərir ki, Almaniyanın üçüncü dünya ölkələrinin kasıb əhalisi üçün cənnətə çevrilməsinin əsas səbəbi elə bu ölkənin özündəki demoqrafik problemlərdən qaynaqlanır. Belə ki, artıq neçə illərdir sənaye ölkəsi olan Almaniyanın şirkətləri ciddi işçi problemi yaşayırlar. «Bloomberg» agentliyinin məlumatına görə, bu çatışmazlıq Almaniyada ümumi iqtisadi artımı yavaşıdacaq qədər böyük problemə çevrilib. Bu zaman şirkətlər yalnız yüksək ixtisaslı deyil, orta və aşağı ixtisas dərəcəli sənətkar, tibb işçisi, hətta ixtisassız işçilər tapmaqda çətinlik çəkirlər. Baxmayaraq ölkədə işsizlik səviyyəsi aşağı düşür (bu il ərzində 3 faiz bəndi azalma qeydə alınıb - D.S.), boş vakansiyaların sayı da rekord həddə çatıb.

Yeri gəlmişkən, 2019-cu ilin sonuna Almaniyada iqtisadi artımın əvvəlcədən proqnozlaşdırıldığı kimi, 1,4 faiz deyil, 0,8 faiz olacağı gözlənilir.

Maraqlıdır ki, müasir texnologiyaların tətbiqi nəticəsində təkcə Almaniyanın avtomobil sənayesində iş yerlərinin sayının 2030-cu ilədək 360 min ixtisar olunacağı gözlənilir. Buna baxmayaraq, işçi əllərə ehtiyacın ondan da çox artacağı proqnozlaşdırılır. Buna isə əhalinin yaşlanması nəticəsində pensiyaya çıxanların sayının sürətlə artması fonunda bazara təbii artım sayəsində daxil olacaq gənc işçi qüvvəsinin azalması səbəb olacaq. Bu prosesin ilkin mərhələdə Almaniyada əmək haqqının və ona uyğun istehlak həcminin artmasına səbəb olacağı bildirilir. Lakin ümumi iqtisadi artım gözlənilən həcmdə olmasa, bu, davamlı xarakter daşımayacaq.

Ötən ilin sonuna Almaniya əhalisinin sayı 81 milyon 402 min 348 nəfər təşkil edib. İl ərzində əhalinin sayında 51 min 251 nəfərlik artım qeydə alınıb, amma əhalinin təbii azalması prosesi baş verib: 678 min 468 doğulana qarşı 879 min 405 ölüm. Təbii azalma 200 min 937 nəfər təşkil edib. Əhalinin cüzi artımı qəbul edilən 252 min 188 immiqrantın hesabına baş verib.

Mükəmməl səhiyyə və sosial müdafiə sisteminin mövcud olduğu Almaniyada yeni doğulanların sayında artım baş verməsə də, yaşı 64-ü keçənlərin sayı durmadan artır. Hazırda bu ölkədə 16,7 milyon nəfər belə sakin var. BMT-nin Əhali Fondunun məlumatına əsasən, Almaniyada orta ömür göstəricisi 80,1 yaşdır. Bu, dünya ortalaması olan 71 yaşdan yuxarı göstəricidir.

Almaniyada demoqrafik yüklənmə - əhalinin iş qabiliyyəti olmayan kəsiminin (15 yaşdan aşağı, 65 yaşdan yuxarı) ölkə iqtisadiyyatına və cəmiyyətə təsirini əks etdirir - 51,3 faizə bərabərdir. Bu isə ölkədə hər işləyənin özünə lazım olandan 1,5 dəfə artıq xidmət və məhsulları almalı olduğu deməkdir.

Qeyd edək ki, Almaniyada əhalinin təbii artımı 70-ci illərin ortalarından etibarən azalma ilə əvəz olunub. Ondan bəri fasilələrlə cüzi təbii artım və azalma dövrləri bir-birini əvəz edib. Lakin 2000-ci illərin əvvəllərindən etibarən davamlı olaraq azalma qeydə alınır. Hətta 2000-2011-ci illərdə ölkədə ümumi əhali sayından 1 milyon yaxın azalma qeydə alınıb. Almaniya hökuməti bu prosesi dayandırmaq, ölkə iqtisadiyyatının işçiyə olan tələbatını qarşılamaq üçün müxtəlif proqramlar icra edir.

Qaçqın və miqrantlar cəmiyyətə inteqrasiya olunmur

2000-ci illərdən etibarən Almaniyanın digər Avropa ölkələrindən daha çox immiqrant qəbul etməsi də bu proqramlar sayəsində mümkün olub. Son illərdə bu ölkəni miqrantlar üçün cənnətə çevirən əsas səbəblərdən biri budur ki, Almaniyada iş tapmaq çox asandır. Hökumətin ölkədə qanunsuz yaşayan insanlara sərt qanunların tətbiqini yubadan əlavələri işçi ehtiyacının mirqantlar hesabına qismən də olsa təmin edilməsi məqsədi daşıyırdı. Almaniya Miqrasiya İdarəsinin məlumatına görə, 2005-ci ildə ölkə əhalisinin 18 faizi (14,1 milyon nəfər) miqrant (özü, yaxud valideynləri Almaniyaya başqa ölkələrdən köçənlər) mənşəli olubsa, 2018-ci ildə bu göstərici 25,5 faizə (20,8 milyon nəfər) yüksəlib. Lakin bu artım ixtisaslı işçi qüvvəsinin artımını, daha doğrusu, yetərli artımını şərtləndirməyib. Belə ki, Yaxın Şərq və Afrika ölkələrindən Almaniyaya gələn insanlar nəinki cəmiyyətə inteqrasiya olunmurlar, onlar iş tapmaq üçün heç bir səy göstərmirlər, öz ölkələrindən olanlarla kompakt yaşayaraq, alman cəmiyyətinə öz qaydalarını diqtə etməyə çalışırlar. Bu isə getdikcə alman cəmiyyətində bütövlükdə gəlmələrə qarşı mənfi əhvalın yüksəlməsinə səbəb olur ki, bu da ölkə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir.

Almaniya Məşğulluq Tədqiqatları İnstitutunun (IAB) rəhbəri Bernd Fitsenberger bildirir ki, ölkə hər il 400 min immiqrant mütəxəssisə ehtiyac duyur. Onun fikrincə, hökumət xaricdən bu sayda ixtisaslı mütəxəssis cəlb etməlidir: “Biz hər il 400 min mütəxəssisin ölkəmizə gəlməsini təmin etməliyik ki, mövcud istehsal potensialını saxlaya bilək. Əks halda, istehsal müəssisələri başqa ölkələrə köçməyə məcbur qalacaqlar. Lakin uzunmüddətli perspektivdə hər il 400 min mütəxəssisin Almaniyaya gəlişini təmin etmək çox çətin görünür. Çünki bizim qonşu ölkələr böhranın nəticələrini aradan qaldırıblar, özlərində işçiyə ehtiyac var və onlardan gələnlər geri qayıdırlar”.

Yeraltı tikinti sahəsi, kanal, tunel tikintisi, asfalt və relslərin döşənməsi, istilik sistemi, sanitar-texniki quraşdırıcıları, hətta soyuducu, kondisioner, ventilyasiya sistemlərinin, kamin və sobaların quraşdırıcıları kimi mütəxəssislər də Almaniyada çatışmazlıq yaşanan sahələrdir.

Bundan əlavə, yük avtomobillərinin sürücüləri, xüsusilə uzaq məsafələrə daşıyıcıların çatışmazlığı var.

Tibb sahəsində isə ixtisaslı həkimlərlə yanaşı, əməliyyat otağı, onkologiya, təcili tibbi yardım, nefrologiya, reabilitasiya üzrə orta heyətə ciddi ehtiyac duyulur.

Qanunlar yumşaldılır

Almaniya hökuməti bu vəziyyəti dəyişmək üçün Avropa Birliyinə daxil olmayan ölkələrdən gələn əməkçi miqrantlar üçün şərtləri yumşaldıb. Avqust ayında qəbul edilən, gələn ilin yanvarından qüvvəyə minəcək qanuna əsasən Almaniya dövlətinin tanıdığı ixtisas səviyyəsinə malik insanlar əmək müqaviləsi əsasında gəlib burada uzunmüddətli işlərdə işləyə bilərlər. Bu zaman Almaniya və AB vətəndaşlarına müxtəlif ixtisaslar üzrə işə qəbuldə verilən imtiyazlar ləğv olunur. Alman dilində yaxşı danışmağı bacaran və yüksək ixtisaslı mütəxəssis olan və iş axtaran şəxslər əmək müqaviləsi olmadan Almaniya ərazisində 6 ay ərzində yaşaya biləcəklər. Bu zaman onlara dövlət tərəfindən hər hansı ödəniş edilməyəcək, onlar özləri özlərini təmin etməli olacaqlar. Bu addımla Almaniya hökuməti ölkə iqtisadiyyatının kəskin ehtiyac duyduğu ixtisaslı işçilərə tələbatını ödəmək niyyətindədir. Hazırda Almaniyada 1,2 milyon ixtisaslı mütəxəssisə ehtiyac var. Bu ehtiyac tikinti, tibbi xidmət sahəsində daha kəskindir. Bundan əlavə, kənd təsərrüfatı texnikası istehsalı, təmiri sahəsində də kəskin mütəxəssis çatışmazlığı hiss edilməkdədir.

Yeni qanunun bir müddəası Almaniyada oturum ala bilməyən miqrantlar-qaçqınlar üçün daha əlverişlidir. Belə ki, həmin müddəaya əsasən sığınacaq almayan, lakin öz ölkəsinə qaytarılması da mümkün olmayan şəxslər Almaniyada leqal status əldə edə bilərlər. Bunun üçün onlar alman dilini yaxşı bilməli, həftədə azı 35 saatlıq işdə işləməli, yəni maddi baxımdan özlərini təmin etməli, ən əsası isə mühakimə olunmuş olmamalıdılar.

Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlunun “Yeni Müsavat”a dediyinə görə, yaşadığı ölkə əhalinin yaşlanması problemi ilə üzləşib: “Yaşlı işçi qüvvəsi çoxalıb, yerinə gənclər gəlmir. Almaniya hökuməti bu yaxınlarda elan etdi ki, 2060-cı ilədək hər il 260 min ixtisaslı əcnəbi işçi qüvvəsinə ehtiyac olacaq. Yəni bu, hökumətin nəzərdə tutduğu kvotadır”.

Həmkarımız qeyd edir ki, Almaniyada elə peşələr var ki, yerli sakinlər onlarda işləmək istəmirlər: “Məsələn, avtobus sürücüləri, ofisiantlar arasında almanı siz görə bilməzsiniz. Buraya qaçqın axınının çoxalması Suriyada müharibə başlanandan sonra gücləndi. Və bu prosesdən Almaniya üzüağ çıxdı: istər gələnlərin yerləşdirilməsi, istər işlə təmin olunması baxımından. 2015-2016-cı illərdə qurulmuş qaçqın kamplarının çoxusu artıq bağlanıb, onlarda məskunlaşanların sosial evlərdə yerləşdirilməsi, cəmiyyətə inteqrasiyası üçün böyük işlər görülüb. Bəzi əyalətlərdə məhz o qaçqınlar üçün dövlət hesabına sosial evlər tikildi. Amma 2018-2019-cu illərdə Almaniyada miqrasiya qanunvericiliyinə sərtləşdirmə xarakterli dəyişikliklər olundu. Səbəb isə Suriya qaçqınlarına olan münasibətdən həvəslənərək Almaniyaya başqa ölkələrdən gələnlərin sayının sürətlə artmasıdır. Bu gələnlərin çoxusu saxta sənədlər, öz ölkələrində təzyiqlə üzləşmələrinə dair yalan məlumatlar verirlər. Bir müddət əvvəl Bremen şəhərində miqrasiya idarəsi əməkdaşlarının rüşvət müqabilində oturum vermələrinə dair qalmaqal yarandı, 80 minə yaxın şəxsin işinə yenidən baxıldı, onların xeyli hissəsinin oturum qərarı ləğv olundu”.

F.İlqaroğlunun sözlərinə görə, hazırda Almaniya 3 milyon ali təhsilli mütəxəssisə ehtiyac duyur: “Bunun əsas səbəblərindən biri budur ki, gənc almanlar ali təhsil almağa meylli deyillər. Onlar bunu darıxdırıcı bir proses hesab edirlər. 4-5 illik ali təhsil əvəzinə 2-3 illik peşə təhsilinə üstünlük verirlər. Buna görə də Almaniyada mütəxəssislərə ehtiyac yaranıb. Həkimlər, İT mütəxəssislər, bank işçiləri axtarırlar. Ötən il Almaniya 50 min orta ixtisaslı xəstə baxıcısına ehtiyac olduğunu açıqlamışdı. Lakin bu işdə işləmək üçün tələblər elə asan deyil, ona görə də ciddi hazırlaşmaq, alman dilini yaxşı öyrənmək lazım gəlir”.

Almaniyaya gedən azərbaycanlılar əsasən Bavariya əyalətinə yerləşdirilirlər: “Onları orada kompakt halda bir düşərgədə saxlayırlar. Halbuki bu, düzgün deyil. Kompakt halda yaşayanda insanlar dil öyrənə, alman cəmiyyətinə inteqrasiya edə bilmirlər. Biz bu məsələni bir neçə dəfə qaldırmışıq. Azərbaycanlı miqrantlarla bağlı son neqativ hadisələrin yaşanmasının kökündə məlumatsızlıq dayanır. Təəssüflər olsun ki, azərbaycanlılar internetdən istifadə edib, getmək istədikləri ölkə barədə reallıqları öyrənmirlər. Gəlirlər və burada üzləşdikləri real vəziyyətdən sarsılırlar, müxtəlif qanunsuz yollara əl atırlar. Halbuki vəziyyəti əvvəlcədən öyrənib gəlsələr, tamam fərqli vəziyyət olar”.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.