“Bu qədər büdcə kəsiri proqnozlaşdıran hökumət hansı üzlə iqtisadi uğurlardan danışır?” – Qubad İbadoğlu

22-11-2019, 20:14           
“Bu qədər büdcə kəsiri proqnozlaşdıran hökumət hansı üzlə iqtisadi uğurlardan danışır?” – Qubad İbadoğlu
İqtisadçı: “Baxın, görün neft və qaz gəlirlərindən asılılıq hansı səviyyədədir”

2020-ci ilin dövlət büdcəsində neftin bir bareli 55 dollardan götürülüb.

Gələn ilin dövlət büdcəsinin nə az, nə çox, düz 57 faizini neftdən gələn gəlirlər təşkil edir. Bura həm Neft Fondundan transfertlər, həm də digər neft gəlirləri daxildir.

Müstəqil ekspertlər deyirlər ki, bu, büdcə gəlirinin yarıdan çoxunun hələ də neft gəlirləri hesabına formalaşdığını göstərir.

Gələn il Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənir.

“Vəzifəmiz iqtisadi artımı qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır”

Prezident İlham Əliyev özü də oktyabrın 15-də keçirilən müşavirədə bu problemə toxunub. O, büdcədə neftdən asılılığın aradan qaldırılması üçün hökumətə tapşırıqlar verib:

“Çalışmalıyıq ki, iqtisadi artımımız dövlət xətti ilə aparılan xərclərə bağlı olmasın. Çünki bizim əsas iqtisadi artımımızın mənbəyi dövlət investisiya xərcləridir və açığını desək, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur. İndi rəqəmlər bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır. Ona görə bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır”.

Neft gəlirləri olmazsa…

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, 2020-ci il üçün Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri -14 milyard 339 milyon 200 min manat olacaq. Bu, o deməkdir ki, neft-qaz gəlirləri olmadan cəmi xərclərin bu qədəri ödənilməmiş qalır:

“Məbləğ dövlət büdcəsinin xərclərinin 53,2 faizini təşkil edir”.

“Gələcəyimiz çox tutqun görünür”

İcmal büdcəyə dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Neft Fondunun büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, İşsizlikdən sığorta fondunun büdcəsi daxildir.

İqtisadçı deyir ki, Azərbaycan neft və qaz gəlirləri olmadan pis duruma düşər:

“Baxın, görün neft və qaz gəlirlərindən asılılıq hansı səviyyədədir. Görəsən, neft və qaz gəlirləri nəzərə alınmadan bu qədər büdcə kəsiri proqnozlaşdıran hökumət hansı üzlə iqtisadi uğurlardan danışır? Təsəvvür edirsinizmi, neft tükənəndə və ya neft qiymətləri ucuzlaşanda nə günə qalacağıq? Təəssüf ki, gələcəyimiz çox tutqun görünür”.

Öncəki illər

2018-ci ilin büdcəsində neftin 1 bareli 45 dollar nəzərdə tutulmuşdu. Həmin ilin büdcəsinin də əsas gəlirləri neftdən asılı idi. Azərbaycan Dövlət Neft Şirkətindən büdcəyə 9 milyard 216 milyon manat vəsait köçürülmüşdü. Bu, 2017-ci illə müqayisədə 3 milyard 116 milyon manat (51.1 faiz) çoxluq təşkil edirdi.

2019-cu il dövlət büdcəsinin gəlirləri isə 22 917,5 mln, xərcləri 24 780,1 mln. manat olmuşdu. Büdcəyə Dövlət Neft Fondundan 11.3 milyard manat (büdcənin 49.6 faizi) transfert nəzərdə tutulurdu.

Beləliklə, 2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8 faizi və ya 13 700,3 mln. manatı neft sektorunun, 40,2 faizi və ya 9217,2 mln. manatı qeyri-neft sektorunun payına düşüb.

Bu isə 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirlərinin 2,7 faiz çox olduğunu göstərir.

Rəqəmlərdən belə görünür ki, son 3 ildə büdcədə neftin payı arta-arta gedib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.