Milli Məclis: kimlər gəlib, kimlər gedib...

6-12-2019, 08:54           
Milli Məclis: kimlər gəlib, kimlər gedib...
1995-dən indiyə qədərki parlamentlərdə hansı partiyalar olub?
Hazırda 117 deputatı olan V Milli Məclis buraxıldı. 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində formalaşan Milli Məclisdə 124 nəfər mandat almışdı. 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkidə daha 1 nəfər deputat seçilib. Sonradan 6 deputat icra hakimiyyətinə yüksək vəzifələrə təyin olunub, 1 deputat dünyasını dəyişib, 1 deputat mandatından imtina edib. Nəticədə iki gün öncə yeni buraxılan Milli Məclisin deputatlarının sayı 117-yə enmişdi.

Milli Məclisdə Yeni Azərbaycan Partiyasından başqa Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Demokratik Maarifçilik, Milli Dirçəliş Hərəkatı partiyalarının təmsilçiləri var. VHP iki deputatla, digərləri isə hərəsi 1 deputatla parlament partiyası statusundadırlar.

Novator.az isə xatırladır ki, 1995-2000-ci illərin birinci Milli Məclisində Yeni Azərbaycan, Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Demokratik İstiqlal, Demokratik Sahibkarlar, Demokratik Maarifçilik, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah və Müsavat partiyalarının mandatları olub.

2000-2005-ci illərin ikinci Milli Məclisində Yeni Azərbaycan, Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Kommunist, Milli İstiqlal, Yurddaş, Sosial Rifah, Azərbaycan Naminə Alyans partiyaları təmsil olunublar.

2005-2010-cu illərin üçüncü Milli Məclisində Yeni Azərbaycan, Müsavat, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Sosial Rifah, Xalq, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Ümid, Demokratik İslahatlar, Böyük Quruluş partiyalarının mandatları olub.

2010-2015-ci illərin dördüncü Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi, Sosial Rifah, Milli Dirçəliş Hərəkatı partiyaları yer alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.