Yolu həbsxanadan keçən azərbaycanlı məşhurlar

2-07-2020, 00:38           
Yolu həbsxanadan keçən azərbaycanlı məşhurlar
Məlumdur ki, indiyədək bəzi məşhurların yolu həbsxanadan keçib.

Onların sırasında müğənni, rejisor, meyxanaçı kimi peşə sahiblərinin nümayəndələri var.

Həbsdən çıxdıqdan sonra kariyerasını davam etdirənlər də çox olub. Lakin sözügedən məşhurlar sırasında həbs həyatından sonra dünyadan köçənlər də yer alır.

Cebhe. info budəfəki araşdırmasında yolu həbsxana ilə kəsişən həmin məşhurlar barədə araşdırma edib. Sözügedən araşdırmanı təqdim edirik:

Azərbaycanda həbs həyatı yaşayan şəxslərdən biri müğənni Fədayə Laçın olub. Müğənni 2018-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirildiyi üçün həbs edilib. Müğənni ötən ilin oktyabrında azadlığıa çıxıb və yenidən səhnəyə qayıdıb.

Çoxlarının sevimlisi, reper, mərhum Hüseyn Dərya isə narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.
Məşhur meyxanaçı Mahir Cürət də 2016-cı ildə narkotik üstündə tutulduğu üçün həbs edilib. Meyxanaçı artıq həbsdən çıxıb. Mahir Cürət Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında cəza çəkib.

Azəri qızı Günelin qardaşı kimi tanınan Tunar Rəhmanoğlu da həbs olunan məşhurlar sırasındadır. O, 2013-ci ildə "avtoş"luq etdiyi və polisin qanuni tələbinə məhəl qoymadığı üçün həbs olunub. Belə ki, idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan müğənni daha sonra sənədlərini inspektora təqdim etməkdən imtina etdiyi üçün barəsində inzibati tədbir görülməsi üçün şöbəyə aparılıb. Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verilmişdi. On gün həbs yatan ifaçı azadlığa çıxdıqdan sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəməyib.

Reper Elşad Xose də həbs edilən məşhurlar arasında yer alıb. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Rejisor Aqil M.Quliyev isə 2013-ci il aprelində 1 il 6 ay müddətində həbs cəzası alıb. Buna səbəb rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat pul alması və pulu geri qaytarmaması olub.
Azərbaycanı ilk dəfə "Eurovision-2008" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə isə dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar olaraq saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib. Müğənni bu hadisəyə görə 1 ilə yaxın həbsdə olub.

Mərhum meyxanaçı Bayram Kürdəxanı da yolu həbsxana ilə kəsişən məşhur simalardan olub. 2014-cü ildə Bayram Kürdəxanlıya Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə cinayət işi açılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçı azadlığa çıxandan 1 il 6 ay sonra avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Müğənni Maral Tahirqızı da həbs həyatı yaşayıb. M.Tahirqızı 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilib və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs qətimkan tədbiri seçilib. O, cəza müddətinin dörddə üç hissəsini çəkdikdən sonra qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb. Maral Tahirqızı həbsi ilə bağlı danışarkən hər zaman günahsız olduğunu deyir.

Teleaparıcı İlham Mirzəyev dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. İlham Mirzəyev 2014-cü ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 3 il 6 aya endirilib. Amma buna baxmayaraq, teleaparıcı vaxtından əvvəl – 2016-cı ildə azadlığa buraxılıb.

Bir zamanlar məşhurlaşan müğənni Vüsal Əliyev isə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Müəyyən müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmişdi. Lakin V.Əliyevin himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.

2014-cü ildə "Şadan" qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulub. İfaçı həmin ildə Rusiyadan birdəfəlik deportasiya edilib. Amma buna baxmayaraq İntizar sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən, hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb və onun 50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulub.

Azərbaycanlı müğənni Rizvan Əliyev də ötən il Moskvada həbs olunub. Polis tərəfindən saxlanılan müğənni ev yandırmaqda və soyğunçuluqda ittiham olunub. Məlumata görə, o, törətdiyi əməli etiraf edib. R. Əliyev oğurladığı seyfi meşədə gizlədib. Müğənni barəsində ev dustaqlığı qərarı verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.