Xaricdən həkim çağırılması... - Nə qədər vacib idi və niyə?

5-08-2020, 12:57           
Xaricdən həkim çağırılması... -
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb.

Şirkətdən verilən məlumata görə, çinli mütəxəssislərdən ibarət 10 nəfərlik qrup koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə AZAL-ın xüsusi reysi ilə Azərbaycana gəlib.

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.

"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.

Reys Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

Maraqlıdır, virusdan sağalma sayının yoluxanlardan çox olduğu ərəfədə gələn həkimlərin çoxluğu nəyi göstərir? Virus uzun müddət davam edəcək?

Mövzu ilə əlaqədar həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya danışıb.

O bildirib ki, Çindən və başqa ölkələrdən həkimlərin dəvət olunması adətən konkret bir xəstəliklə bağlı, daha dəqiq desək, hansısa bir xəstənin üstünə dəvət olunmalıdır və bu zaman dəvət olunan həkim də işini görüb, geri qayıtmalıdır:

“Əgər bu pandemiyadırsa, geniş şəkildə dünyada yayılmasından söhbət gedirsə, artıq bizim həkimlərimizin də kifayət qədər təcrübəsi var. Virusla mübarizə müddəti ərzində öz həkimlərimiz də müəyyən təcrübələr qazanıblar. Bu səbəbdən də kənardan həkimlərin gətirilməsini anlaya bilmirəm. Bu gün də Çinin özündə biz yenə görürük ki, yoluxma sayı artıb. Çindən gələn həkim işin bilənidirsə, orada kömək etsin".

Rasif Bağırov qeyd edib ki, müalicədən kənarda qalmış şəxslər yenidən virus dalğası yarada bilər:

"Virusun ikinci dalğası nədir? Ümumiyyətlə, dalğa odur ki, müalicədən kənarda qalmış müəyyən qrup insanlar ki var, həmin o insanlar sağalmış insanlar arasında yenidən yoluxmanı təmin edir, ya da əhalinin xəstəlik tutmamış təbəqəsi arasında yenidən yoluxmanı yaradır. Nəticədə birdən-birə artım sürətlənir və buna deyirlər ki, virusun yeni dalğası yarandı. Bu 2-ci, 3-cü, hətta 4-cü də ola bilər".

Həkim-terapevt əlavə edib ki, virusun yeni dalğasının qarşısının alınması həmin ölkədə virusun aradan götürülməsi sürətindən asılıdır:

"Məsələn, Çin və Hindistan kimi ölkələrdə yolxumanın qarşısını almaq, virusu yox etmək çətindir. Çünki əhali çoxdur və xəstəliklərlə mübarizə aparan kadrların sayı əhalinin sayına nisbətən azdır. Təbii ki, bu zaman dünyanın səhiyyə təşkilatı o istiqamətə cəlb edilməlidir ki, infeksiya tamamilə aradan qaldırılsın, ya da dərman istehsal olunmalıdır. Virusun vaksini tapılmalıdır ki, birdəfəlik kökü kəsilsin, virus olmasın. Azərbaycan elə də böyük bir ölkə deyil, yəni burada həkimlərimiz də kifayət qədər çoxdur. Onların hamısının potensialından istifadə olunsa, virus məsələsini qısa zamanda həll etmək mümkün olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.