İqlim dəyişikliyi: Yerin parıltısı zəifləyir, xardal qıtlığı və digər qəribə fəsadlar

28-11-2022, 12:58           
İqlim dəyişikliyi: Yerin parıltısı zəifləyir, xardal qıtlığı və digər qəribə fəsadlar
Şəklin alt yazısı,
Alimlərə görə, əbədi donu açılmaqda olan Sibirin donmuş torpaqlarında nəhəng kraterlər yerin təkindəki qazın partlamasının nəticəsidir
Quşların nəğməsi, qargülü, bitkilərin çiçəklənməsi və həşaratların fəallaşması - bütün bunlar noyabr ayında İngiltərənin şimalı üçün xas olan təbiət mənzərəsi deyil.

Lakin qlobal iglim istiləşməsi bunları reallığa çevriməkdədir və qeyd olunanlar istiləşmənin hələ nisbətən yüngül fəsadlarındandır.

Fəlakətli daşqınları və quraqlığı gücləndirməklə yanaşı, temperaturun yüksəlməsi Sibirdəki donmuş torpağda partlayışların baş verməsinə, dünyada xardal çatışmazlığına və planetimizdən əks olunan Günəş işığının zəifləməsinə gətirib çıxarır.

İqlim dəyişikliyinin bir çox təsirləri dağıdıcıdır, bəziləri isə qəribədir.

Partlayan tundra və "Yerdən qayıdan işıq"

Bəzi Rusiya alimlərinə görə, əbədi donu açılmaqda olan Sibirin donmuş torpaqlarında nəhəng kraterlər yerin təkindəki qaz həcmlərinin müəyyən yerlərdə yığılıb partlamasının nəticəsidir.

Bu, nəhəng kraterlərin əmələ gəlməsini izah edən fərziyyələrdən yalnız biridir.

Qeyd olunan proses planetimizin şimalındakı həmin soyuq, az sayda insanların yaşadığı ərazidə bəzi ciddi dəyişikliklərin baş verdiyindən xəbər verən "narahatedici əlamətdir".

Son tədqiqatlar göstərib ki, Arktika əvvəllər düşünüldüyündən daha sürətli - dünyanın qalan hissəsindən dörd dəfə daha sürətlə istiləşir.

Ayın qaranlıq hissəsi "Yer işığı" ilə zəif də olsa, işıqlandırılır
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

New Jersey-dəki Big Bear Günəş Rəsədxanasının alimlərinin fikrincə, iqlim dəyişikliyi Yer kürəsinin "parıltısını" da azalda bilər.

Gecələr Yerdən ayın qaranlıq hissəsinə əks olunan işığı ölçməklə, alimlər "Yer parıltısını", yəni Yerin Günəş işığını əks etdirmə qabiliyyətini ölçüblər.

Tədqiqatlar göstərib ki, Sakit Okeanın şərqində aşağı bulud qatının qalınlığı okean temperaturunun istiləşməsi səbəbindən azalır.

Bulud qatı Günəşdən gələn işığı güzgü kimi kosmosa geri əks etdirir, bulud qatı azaldıqca əks olunan işıq da azalır. Beləliklə, alimlərə görə, iqlim istiləşməsi mavi planetimizin parıltısını zəiflədir.

Cinsiyyəti dəyişən sürünənlər
Qlobal istiləşməyə biz səbəb ola bilsək də, bunun təsirini hiss edən təkcə biz deyilik. Bəzi canlılara iqlim istiləşməsinin qəribə təsiri ola bilir.

Bəzi sürünənlərdə yeni doğulan nəslin cinsi yumurtaların inkubasiya temperaturu ilə qismən müəyyən edilir. Avstraliyada rast gəlinən əjdaha adlı bir kərtənkələ növü var.

Həmin kərtənkələlərin genetik olaraq erkək kimi doğulmalı olan növlərinin müəyyən bir inkubasiya temperaturunda cinsi dəyişir və nəticədə yumurtadan dişi kərtənkələ çıxır. Beləliklə, alimlər dünya istiləşdikcə həmin kərtənkələlərdə erkəklərin getdikcə nadir halda doğulacağından və bunun nəticəsi kimi həmin növün kökünün kəsiləcəyindən ehtiyatlanırlar.

Okeanda istixana qazı olan karbon dioksidin səviyyəsinin artması balıqlarda qoxu hissinin itirilməsinə səbəb ola bilər.

Bir günlük arıquşu balaları
Şəklin alt yazısı,

İqlim dəyişikliyi həm də mövsümi sinxronizasiyanı hiss olunacaq dərəcədə pozur. Bu ilin aprel ayında Britaniyanın elmi cəhətdən ən çox öyrənilmiş meşəlik ərazisi olan Wytham Wood-da 1940-cı illərlə müqayisədə arıquşlarının cücələri yumurtdan üç həftə daha tez çıxıb.

Və ümumiyyətlə bütün qida zənciri boyu bir neçə həftə ilə ölçülən bu cür zaman dəyişikliyi baş verib - - quşların yediyi tırtıllar, tırtılların yediyi palıd ağacının yarpaqları - bunların hamısının yetişmə dövrü istiləşmədən əvvəlki dövrlə müqayisədə hazırda bir neçə həftə daha tez baş verməkdədir.

Fəsillərin cədvəlində dəyişiklik baş verərkən, bir çox quşlar buna uyğunlaşır və ya sadəcə uçub gedir. Bu il Norfolkda arı yeyən cücələrin yumurtadan çıxması qeydə alınıb. Halbuki həmin quşların ənənəvi yaşayış arealı Aralıq dənizinin cənubunda və Şimali Afrikada yerləşir.

İqlim dəyişiklikləri hətta quşların yaratdığı səs landşaftına da öz təsirini göstərir. Londonda indi qeyri-mövsümi quşların nəğməsini eşitmək mümkündür. Aparılmış bir araşdırmaya əsasən, meşə quşları ağaclarda yarpaqlanmanın vaxtından əvvəl baş verdiyindən, yarpaqlarda səslərinin itib-batmaması üçün ağacların daha yüksək nöqtələrinə qonmalı olurlar.

Ədviyyat qıtlığı

Ekstremal hava şəraiti qida yetişdirilməsini də çətinləşdirir. Bu, artıq buğda, qarğıdalı və qəhvə kimi əsas məhsullara təsirini göstərib. Bu il bəzi ədviyyat çatışmazlığı da müşahidə edilir.

Aprel ayında hər il təxminən 20 milyon şüşə Sriracha bibər sousu istehsal edən Kaliforniyada yerləşən Huy Fong Foods şirkəti müştərilərə bibərin "ciddi qıtlığı" barədə xəbərdarlıq məktubu göndərib.

Yayda Fransadakı supermarketlərdə Dijon xardalı tükənməyə başlayıb - bu problem, dünyada xardal toxumlarının çoxunun yetişdirildiyi Kanadada pis hava şəraitilə bağlı ola bilər.

İqlim dəyişikliyinin reallığı hətta karbon tullantılarından azad olmaq səylərinə də mane olur. Avqust ayında EDF enerji şirkəti Fransadakı atom elektrik stansiyalarının gücünü azaltmalı oldu, çünki Fransa çaylarında kifayət qədər sərin su yox idi.

Planeti qızdıran qazların kəskin şəkildə həcminin azaldılması yolları noyabrın 20-də işini bitirmiş BMT-nin İqlim Sammitində 200 ölkə tərəfindən müzakirə olunub. İştitakçılar əsas məqsədə necə çatmaq məsələsində yekdil fikrə gələ bilməslər də, iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrə yardım göstərilməsi üçün xüsusi fondun yaradılmasında razığa gələ biliblər.

Yer planeti isə iqlim dəyişikliyinin təsirini artıq hiss etməkdədir və bunun, çox güman ki, yeni qəribə fəsadları bizi təəccübləndirməkdə davam edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.