Çoxu ər-arvaddır, 30 ildir burda işləyirlər" - Müştərisiz bazarın 60-70 yaşlı satıcıları - REPORTAJ

2-12-2022, 12:04           
Çoxu ər-arvaddır, 30 ildir burda işləyirlər" - Müştərisiz bazarın 60-70 yaşlı satıcıları - REPORTAJ
Tarix boyu bazarlar şəhərlərin xüsusi və ayrılmaz bir hissəsi olub. Ən qədim alış-veriş məkanları kimi bazarlar həm də şəhərlərin varlığını davam etdirməsi və inkişafında mühüm rol oynayıb. Şəhər həyatındakı qeyri-rəsmiliyin ən əhəmiyyətli göstəricisidir bazarlar. Çünki burda bütün əməliyyatlar çeksiz, nağd pul ilə həyata keçirilir.
Bazarlar həm də xalqın kasıb təbəqəsi üçün nicat yoldur. Bura işıqlı şəhərin arxa küçələrində bəzən görmədiyimiz, bəzən də görməzdən gəldiyimiz insanların həyat mübarizəsi apardığı bir “döyüş” meydanıdır.

Bakıda bir çox bazar olsa da, reytinqini hər zaman qoruyub saxlayan bazar hələ də “Vosmoy Bazarı”dır. Bu bazarda iynədən tutmuş düyməyə qədər hər şey satılır. Bazarın geyim, ev əşyaları, müxtəlif xırdavat satılan hissəsində qələbəlik olsa da, meyvə-tərəvəz, qida məhsulları hissəsində, yəni örtülü bazarda sükut hökm sürür. Yadıma gəlir 90-cı illərdə bu bazarda qələbəlikdən tərpənmək mümkün deyildi. O vaxtlar biz Bilgəh kəndində yaşayırdıq və hər həftə ailəvi şəkildə “Vosmoy Bazarı”na bazarlığa gələrdik. Burada adam əlindən tərpənmək olmurdu. O qədər sıxlıq olardı ki, hətta bir dəfə anam məni itirmişdi. Düzdü, o qələbəliyin bir mənfi tərəfi də var idi. Həmin vaxtlar cibgirlər üçün ələdüşməz fürsətlər yaranırdı. Amma bununla belə insanlar bazar mədəniyyətini, bazar ənənəsini davam etdirirdi. İndi isə sönük, qaranlıq, soyuq bazar üzündən kədər, əzab yağan satıcıları ilə baş-başa qalıb.
Bazardakı cansıxıcı sükunəti aradabir yaşlı qadın satıcıların məzəli atmacaları pozur. Amma bu şit zarafatlar belə burdakı kədərli auranın fonunda sönük qalır. Ağartı məhsullarının satıldığı cərgə ilə gedirəm və ağbəniz, şirindil bir qadın mənə müraciət edir:
- Yaxşı İsmayıllı şoru var, qızım. Çəkim?
Dünən marketdən 2 manatlıq şor alsam da, “çək” dedim. Şoru tərifləyə-tərifləyə qaşıqlayan xalanın adının Almara olduğunu öyrəndim. Bazarın ən qədim satıcılarından olan Almara xala əvvəlki kimi şıdırğı alverin olmadığından gileylənir:

“30 ildir bu bazarda şor-pendir satıram. Əvvəllər gözəl alverimiz olardı. Boş vaxtımız olmurdu ki, bir stəkan çay içim. İndi bala, bekarçılıqdan çay içməkdən sən də bağışla, tualetdə qalmışıq (gülür). Bazara gələn olmadığı üçün alver də yoxdu. Gələnlərin də çoxu köhnə müştərilərim olur. Hansı ki, ancaq mənim məhsullarımı alırlar. Bilirlər ki, təmizdi, qatqısızdı”.
Almara xala insanların bazarlardan uzaq düşməsində marketlərin rolu olduğunu düşünür:
“Bala, “Oba”, “Al” marketlər açılandan sonra bazarın evi yıxıldı. Adamlar hamısı marketlərə üz tutur. Hər məhlədə 2-3 “Oba”market var. Ərinirlər bazara gəlməyə. Elə düşüb ayaqlarının altından alırlar. Çətindi, çox çətindi bizim üçün. Dolanmaq olmur. Mən yaşda qadının bazarda duran vaxtı deyil. Amma nə edim, dolanışıq yerim buradı. Kirayədə yaşayıram. Gündəlik gəlir olmasa, acından qırılarıq. Burda da ancaq yer pulunu, bir də axşam evə gedəndə iki kilo kartofun, iki çörəyin pulunu çıxara bilirəm”.
Məhsul çeşidinin çox, qiymətlərin aşağı olmasına baxmayaraq, günümüzdə bazar həqiqətən də supermarketlərə, hipermarketlərə məğlub olub.
Turşu məhsulları satan dayı əlində bir stəkan çayla mənə yaxınlaşır:
- Qızım, al iç, soyuqdu. Əvvəl bazarda adam çox olardı. Bir tərəfdən insanların nəfəsi isidirdi bazarı, bir tərəfdən də alver çox olurdu deyə hərəkət edirdik, canımız qızırdı. İndi iraq səndən, iti quyruğundan bağlasan, bu soyuqda 8-9 saat burda dayanmaz. Amma bizim canımız itin canından da bərkdi ki, dayanırıq. Sən görürəm ev uşağısan, əynini də nazik geyinmisən. İki saat da burda dayansan keyiyəcəksən. Al, al iç. Narahat olma stəkan təmizdi. “Raxşa” ilə sürtmüşəm səhər.
Həqiqətən də bazarın içində elə bil şaxta var. Halbuki çöldə elə də soyq deyil hava. Çayı alıb içirəm. Qanboy dayı da uzun illərdir bu bazarda turşu məhsulları satır. Bir az da əsəbi görkəmi var.
- Bazarda bazarlıq qalmayıb. Bax günlərlə beləcə boş otururuq. Marketlər açılandan sonra insanlar bazardan üz döndərdi. Amma heç kim dərk etmək istəmir ki, marketlər heç vaxt bazar ola bilməz. Bazardakı məhsullar, keyfiyyətinə, ucuzluğuna görə marketlərdən çox üstündür. Bazarda satılan şorla marketdə satılan şor bir ola bilərmi? Ancaq insanları da qınamalı deyil. Yollarımız bərbaddır. İki-üç dayanacaq yol gəlmək üçün adamın 2-3 saat vaxtı itir yolda. Tıxacda vaxt itirəcəyinə gedib marketdən baha, keyfiyyətsiz məhsul almağı üstün tutur. Vaxt indi qızıldan da dəyərlidir. Bundan sonra bazarda əvvəlki alverin olacağına ümid bəsləmək də çətindir. Çox adam bağlayıb gedib. Qalanlar da mənim kimi bataqlığa düşənlərdi, çıxa bilmir”.
Qonşu piştaxtadan qoz-fındıq satan gənc oğlanın səsi bazarda əks-səda verdi:

- Gəlin, ay camaat, gəlin, məndən mal alın. Bu gün mənim ad günümdü.
Ayağımı saxlayıb, “2 kilo qoz çək” dedim. Oğlan cəld piştaxtanın arxasına keçib qozu tərəziyə yığdı. Sevinə-sevinə dedi ki, siftəsidir. Saata baxdım. Saat 14:00-dır. Bu vaxt siftə edərlər? Qozu alıb pulunu verəndə yalançı bir təsəlli də verdim ki, “əlim yüngüldür”. “Siftə səndən, bərəkət Allahdan” deyib gənc satıcı pulu aldı.
Piştaxtaların əksəriyyətinin başında satıcı yoxdur. Alıcı az olduğu üçün çoxları piştaxtanı başqasına ənaəmanət edib soyuqdan bazarın içindəki qapalı mağazalara doluşublar.
Tərəvəz satılan piştaxtanın yanında dayanıb ətrafı süzürdüm ki, arxadan bir qadın səsləndi:
- Qızım gələcək indi, bir az gözlə, çay gətirməyə gedib satıcı.
Alçaq səslə dedim ki, müştəri deyiləm. Jurnalistəm. Reportaj hazırlayıram. Şəki ləhcəsində danışan şirindil xala dərhal yanıma gəldi.
- Ha buranın nəyindən hazırlayırsan reportajı? Burda bizdən başqa heç kim yoxdu.
Adını soruşuram. Gülür, deyir sən bir ad qondararsan. Məlum olur ki, 15 ildir bu bazarda həyat yoldaşı ilə çiyin-çiyinə çalışır.
- Ha o biri cərgəni görürsən? Uşaqların atası da orda göyərti satır. Burda çox adam ər-arvaddı. Neyniyax gözuu yeyim, bir tikə çöraxdən ötrü ha buralarda ömrümüzü çürüdürux”.
Şəkili Təranə xalanın bazara gəlməsinin maraqlı tarixçəsi var. Deyir 15 il bundan əvvəl həddindən artıq kök olub. Ona görə də işləmək qərarına gəlib ki, bəlkə hərəkət etsə, arıqlayar:
“15 il bundan əvvəl 39 yaşında idim, 130 kilo çəkim vardı. Tərpənə bilmirdim. Heş yerdə də məni işə götürmürdülər ki, çəkin çoxdu. Bacım o vaxtdan burda ədviyyat satırdı. Mənə də bir piştaxta götürdü, dedi, gəl otur sat. İnanmazsan o qədər alver olurdu ki, beş dəqiqə otura bilmirdim. Ha nətər arıxladımsa yoldaşım məni tanımadı (gülür)”.
Təhsilini soruşuram, deyir Pedoqoji Universitetdə oxuyub, amma müharibə dövrünə düşdüyü üçün ara qarışıb, təhsili yarımçıq qalıb: “3-cü kursda oxuyanda müharibə düşdü. Vəziyyət çətin oldu. Şəkidə də ara qarışmışdı. Cavanların Xocalı hadisələrindən sonra gözlərini qan örtmüşdü. Şəkidə erməniləri qovurdular. Davalar olurdu, bir-birilərini öldürürdülər. Atam da qorxdu, bizi Şəkidən çıxartdı. Təhsilim yarımçıq qaldı. Diplomumu ala bilmədim”.

İndi bazarda sırf dolanışıq üçün dayandığını deyir Təranə xala:
“54 yaşım var. Pensiya da almıram. Bir qızımı köçürmüşəm, bir qızım, bir oğlum subaydı. Kirayədə yaşayırıq. Oğlum xəstədi, ağır işlərdə işləyə bilmir. Özəl şirkətlərin birində operator işləyirdi, amma dünən işdən çıxıb. Maaşını vermirdilər. Qızım da işləmir. Mənim hökumətdən bir xahişim var. Pensiya yaşını qadınlar üçün 60 yaşdan aşağı endirsinlər. Mən heç bilmirəm 60 yaşıma çataram, ya yox. Dolanmaq olmur”.
Xeyli söhbət etdikdən sonra Təranə xaladan uzaqlaşıb tərəvəz satılan piştaxtaya yaxınlaşıram. Üzündən kədər yağan 40-45 yaşlarında olan Gündüz adlı satıcı son dərəcədə həvəssiz görünür. “Çırtma vursan qanı damar”.
Günlərlə heç 10 kilo məhsul sata bilmədiyini deyir: “22 ildir bazardayam. Həmişə də tərəvəz satmışam. Bu piştaxta gündə on-on beş dəfə dolub boşalırdı. Amma indi... Bu gün səhər tezdəndən oturmuşam, saat 15:00-dı, hələ heç 5 kilo kartof sata bilməmişəm. Bazara gəlmək üçün gərək adamın cibində pulu ola. Adamlarda pul yoxdur. Bayramlarda bir az gurluq olur, o da iki il olar, heç bayramlarda da gələn yoxdu. Çətindi... 43 yaşım var, bir övladımla kirayədə yaşayıram. Dolanmaq çətindi”.
Alver çox olarsa, bazarda işləməyin zövqlü olduğunu deyir satıcı: “İndi dilxor görünməyimə baxmayın. Əslində işimi sevirəm. Zövq alıram işimdən. Bazarda işləmək bir elmdi. Gündə yüzlərlə insanla ünsiyyətdə olduğumuz üçün insan sərrafı olmuşuq. Müştərilərin hamısı yaxşı olmur. Eləsi var, az qalır bu tərəzini adamın başına keçirsin. Amma bazarda işləyən təmkini olmalıdır ki, o cür kaprizli adamları yola versin”.
Gündüz deyir ki, bazar həm də yaşlı, imkansız adamların ümid qapısıdır. Burda hər yaşda adam rahat gəlib işləyib evinə bir tikə çörəkpulu apara bilir:
“Bazarda hər yaş kateqoriyasında olan adam var. Bir bax, əksəriyyəti 60-70 yaşlı kişilər, qadınlardır. İndi o yaşda adamlara kim, harda iş verir? Heç 50 yaşında adama iş vermirlər. Gedib dilənçilik etməyəcəklər ki? Hər nədir gəlib burda bir yer götürüb gündəlik dolanışıq əldə edə bilirlər. Alver olsa, lap yaxşı olar vəziyyət. Amma yoxdur. Onlara da adamın yazığı gəlir. Qışda soyuqda, yayda istidə gəlib beş-on manat üçün burda otururlar. Dəfələrlə olub ki, neçəsinin burdaca ürəyi dayanıb ölüb. Çoxunun üstünə təcili yardım gəlir tez-tez. Çətindi, vallah. Burdakı insanlar elə bil Allahın da, hökumətin də yadından çıxan insanlardır”.

Digər piştaxtadakı yaşlı satıcı əlavə edir ki, bazarda işləmək çox çətindir:
“Bazar adamı olmaq çox çətindir. Ağır şərtlər altında çalışırıq. Yorucu işdi. İstirahət günü də işləyirik, özümüzə vaxt ayıra bilmirik. Kənardan baxanlara bəlkə də asan gəlir. Amma çox çətindi. Səhər saat 05:00- da yuxudan durub bazara gəlirəm 11:00-da evə gedirəm. Səhərdən axşama kimi soyuğun altında dayanıram ki, axşama kimi heç olmasa, 100-150 manat qazana bilim. Onun da yarıdan çoxu yer haqqı, malın mayasıdır. Bazarda satıcı çox vaxt ziyana işləyir”.
Bazarın ikinci hissəsinə keçirəm. Yolun tən ortasında oturub limon satan xala diqqətimi çəkir. Ona yaxınlaşıram. 5 ədədi 1 manata əla sort Lənkəran limonu alıb çantama atıram. Şərt kəsirəm ki, mənə müsahibə versə, 5 ədədini də alacam. Adı Gülümnazdır. Deyir, 1996-cı ildən bazardadı. Bu bazarda onu hamı tanıyır: “Əvvəl 28 mayda polislərlə dalaşa-dalaşa vedrələrdə limon, mandarin, meyvə satırdım. Onda əla idi hər şey. Təsəvvür elə ki, mandarin, limon sata-sata ev tikmişəm. Həyat yoldaşımı tez itirdim. Ağır xəstə yatdı 5 il, Azərbaycanda aparmadığımız həkim qalmadı, amma olmadı. Öldü getdi. İndi alver yoxdu. Bu arabadakı limonu beş günə satıb güclə qurtarıram. 67 yaşım var, a bala, mənim bu soyuqda burda limon satan yaşımdı? Pensiyam da görmür. Pensiyam məni görsə, burda nə ölümüm var? Nəvələrimə hər gün nə isə alıb aparmaq üçün gəlib burda dayanıram ki, günə 30 limon satıb onlara meyvə ala bilim”.
Gülümnaz xalanın bazarda xüsusi hörməti var. Gənc oğlanlardan biri gülə-gülə deyir ki, bazarın “polajeniyası”na Gülümnaz xala baxır. Kiməsə bir söz deyən olanda Gülümnaz xala qabağa durub ağzının payını verir.
Gülümnaz xala gülür, hələ zarafatla oğlana lotayır bir söz də deyir: “Bax bunların üstündə neçə dəfə qadın müştərilərlə dalaşmışam. Allah vurmuşlar, hamısı yaraşıqlı oğlanlardı, baxma burda kartof-soğan satmaqlarına. Vallah elə qadınlar gəlir ki, özləri sataşırlar bunlara”.
Gülümnaz xala deyir ki, müştərilərlə çox vaxt malın qiymətinin üstündə dalaşır:
- Gəlir mal almağa, deyir filan yerdə bu qiymətədi. Deyirəm, ay bacı, get ordan al. Mən limonu alıram bu qiymətə, üstünə bir-iki qəpik qoyuram. Neyləyim, sənə “podarka” verim? Amma marketdən gedib bir dənəsini 50 qəpiyə alanda etiraz eləmir ki, bazarda 5-i 1 manatdı. İnsanlar da gərək bir-birini başa düşə. Marketdə kartof alanda deyə bilirsiniz ki, bir az aşağı ver?. Yox deyə bilmirsiniz. Amma bazarda yazıq satıcını üzdən salırlar. 80 qəpiyə kartof satırlar, alıcı gəlir ki, 60 qəpiyə ver. Bəs biz nə qazanaq?”
İcazə alıb Gülümnaz xalanın şəklini çəkdim. Yanında qırışların üzündə cığırlar saldığı, balacaboy yaşlı bir qadın, “mənim də şəklimi çək” dedi. Adı Nəzakətdir bu xalanın. Quru, duzlu balıq satır. Nəzakət xala bazarın “məşhur simasıdır”. Deyir, satdığım balıqlar dünyanın beş ölkəsinə gedir: “Mənim balıqlarım Almaniyaya, İsrailə, Amerikaya, Türkiyəyə pay gedir. Əsasən, sifarişlərlə işləyirəm. Yoxsa burda səhərdən axşama oturmaqla dolanmaq olmaz. İsraildən bir dəfə bir videoçəkən gəldi, məni çəkdi. Nəvələrim dedi, nənə, səni yutubda göstəriblər. Məşhur adamam mən bazarda. Bazara kim gəlir mənimlə şəkil çəkdirir”.
Nəzakət xalanın keşməkeşli həyatı olub. Həyat yoldaşı olsa da, övladlarını bazarda balıq satmaqla böyüdüb. İndi də yaşının bu vaxtında bu soyuqda işini davam etdirir:
“Balıq satmaq mənim anamın peşəsi olub. Özüm əczaçılığı bitirmişəm, 22 il aptektə işləmişəm. Anam rəhmətə gedəndən sonra yuxгma gəldi. Mənə dedi ki, mənim yolumu davam etdir. Pis oldum nəsə. Aptekdən çıxdım anamın arabasını da götürüb bazara gəldim. O gündən düz 25 ilə yaxındır bazardayam. Alver olanda kefim kök olur, olmayanda əvvəl pis olurdum, amma indi vecimə də deyil”.
Marketlərlə müqayisədə bazarda qiymətlər xeyli münasibdir.
Məsələn marketlərdə kilosu 1.30 qəpiyə olan feyxoa bazarda cəmi 60 qəpikdir. Pomidorların ən bahalısı 1.50 qəpikdir. Halbuki marketdə 3 manatdan aşağı pomidor almaq mümkün deyil. Əla sort kartof 80 qəpik, qızıləhmədi alması 1 manat. Çərəzlər, paxlalı məhsullar su qiymətinə..

Bazarda hazırki mənzərə belədir. Çeşid bol, məhsul çox, amma alıcı yox. Satıcılar məyus, çarəsiz. Bazarlar artıq insanların alış-veriş məkanları olaraq nüfuzunu itirib. Tək-tük gözə dəyən alıcıların əksəriyyəti yaşlı adamlardır. Təkərli bazar çantalarını qollarına vurub vaxt keçirtmək üçün gəlib bazarda hərlənirlər sanki. Diqqətlə fikir verdim, heç bir çanta axıra qədər dolmur. Hər şeydən bir, iki kilo alırlar. Halbuki əvvəllər bazara gələnlər kartofu, soğanı kilo ilə yox, qutu ilə alıb aparardı.
Bazarın da öz qanunları var. Bazarda uzun illər hörmətli və müştərisi çox olan satıcı nüfuzuna sahib olmaq üçün o qaydaları pozmamalısan deyir satıcılar. Məsələn, tərəvəz satan yaşlı dayı deyir ki, tərəzidə düz olmaq vacib şərtlərdəndir. Hələ malı satarkən müştəriyə jest edib çəkdiyin malın üstünə 2-3 kartof da atıb “bu da məndən pay” deyəndə o müştərinin gözündə yerin ayrı olur. Baxırsan ki, o biri həftə həmin müştəri bazarda ancaq səni axtarır”.
Dayı deyir ki, müştəri cəlb etmək üçün əsasən, ağır hərəkət edir. Yəni məhsulu torbaya yığanda, çəkəndə bilərəkdən ləng davranır: “Çünki müştəri müştərini çəkir. Ona görə də yavaş olmağa çalışıram. Bu mənim taktikamdı (gülür). Belə olanda növbə yaranır, uzaqdan diqqət cəlb edir”.
Alıcılar az olsa da, bunu ənənə kimi davam etdirənlər də var aralarında.
Məsələn, həmsöhbət olduğum alıcılardan biri deyir ki, bazara gəlmək atasından qalan vərdişidir: “Hər həftənin cümə axşamı atamla bazara gedirdim. Evlənəndən sonra da bunu davam etdirdim. İndi Şüvəlanda yaşayıram. Hər həftənin 4-cü günü bazara gəlirəm”.
Başqa bir alıcı deyir ki, bazarda gəzməyi çox sevir. Hətta başqa ölkələrə səfər edəndə də birinci həmin ölkələrin bazarlarına baş çəkir: “Bazar bir xalqın mədəniyyətini ən yaxşı əks etdirən yerdir”.
Satıcılardan narazılıq edən alıcılara da rast gəldim. Ən çox gileyləri məhsulu seçməyə qoymayan satıcılardandır: “İmkan vermirlər aldığımız məhsulu seçək. Özləri seçib verəndə araya çürük məhsul qoyurlar. Həmin məhsulu zibilliyə ata bilmilər, çünki zərər edirlər. Ona görə iki variantları qalır. Ya məhsulun qiymətini qaldırmaq, ya da beləcə çürükləri araya qatıb satmaq. Bazar bir az da belə şeylərə görə nüfuzdan düşüb”.
Alver olmadığı üçün bazarda araba sürən qəpik-quruşa möhtac kişilər də işsiz qalıb.

Günel Musa
BakuPost












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.