Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

2-02-2023, 10:51           
Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Yevlaxda 2 Fevral Gənclər gününə həsr edilən tədbir keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı, Ağsaqqallar Surası rəhbərlərinin, rayonun idarə və təşkilatlarında çalışan gənclərin nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzmüş və Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Xalqımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Toplantıda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd etdi ki, bu gün qeyd etdiyimiz əlamətdar gün məhz Ulu Öndərimizin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Böyük tarixi şəxsiyyət dahi Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əvvəlki dövrün gəncliyi də, xüsusən 90-cı illərin əvvəllərinin gəncliyi də çox vətənpərvər, fədakar, dövlətinə və xalqına sıx bağlı insanlar idi. Onlar Vətən yolunda düşünmədən qəhrəmancasına ölümə doğru gedirdilər. Ancaq onların potensialını realizə edən, onlara düzgün yol göstərən, onların gücündən sui-istifadə etməyən rəhbər, lider yox idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə başlayan Qurtuluş missiyası Azərbaycan gəncliyinin taleyində də inqilabi dönüş yaratdı. Gənclərimiz müdrik Liderinin sayəsində həm himayədar və qayğıkeşini tapdı, həm də ona düzgün yol göstərən, onu ümidsizlikdən xilas edən bir şəxsiyyət gördü. Azərbaycan gəncliyini, o cümlədən Yevlax gəncliyini bu gün qürurlandıran əsas səbəb onun Zəfər gəncliyi olmasıdır. Tarixi vəzifəsini, milləti və dövləti qarşısında borcunu böyük ləyaqət və vicdanla yeninə yetirən gəncliyimiz möhtəşəm qələbənin müəllifi oldu. Bu günkü Azərbaycan gəncləri Prezident İlham Əliyev dövrünün yetişdirdiyi vətənpərvər, məsuliyyətli gənclərdir və onlar məhz cənab İlham Əliyevin Müzəffər Komandanlığı ilə Qarabağda və Şərqi Zəngəzurda şanlı Zəfər bayrağını dalğalandırmışdır. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan işlər Ulu Öndərin irsinə ümummilli ehtiramı daha da artırır, onun əbədiyaşarlığını təmin edir. Xalqımızın böyük ümid mənbəyinə, dayağına çevrilən Heydər Əliyev Fondunun timsalında Ulu Öndər bu gün də yaşayır, sabah da yaşayacaq, Azərbaycan durduqca var olacaq! Sonda Anar Tağıyev Azərbaycan gənclərini ürəkdən təbrik edərək onlara sağlam və xoşbəxt gələcək arzu etmişdir.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Vətən Müharibəsi veteranı Hikmət Kazımlı müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu, müasir gəncliyin ölkəmizin hər tərəfli inkişafına öz nümunəvi fəaliyyətləri ilə əvəzsiz töhfə verdiyini diqqətə çatdırmış, bu əlamətdar gün münasibəti ilə bir araya gəlmiş yevlaxlı gənclərə səmimi təbriklərini çatdırıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin ölkənin gəncləri üçün geniş imkanlar açıb. Azərbaycan gəncliyi böyük qüvvə kimi dəyərləndirməklə onlara göstərilən hərtərəfli diqqət və yüksək etimadı fəaliyyətlərində yeni-yeni uğurlar qazanmaqla doğruldur və şanlı bayrağımız bu gün beynəlxalq kürsülərdə qürurla dalğalanır.
Tədbir zamanı “ 2 Fevral - Azərbaycan Gəncləri Günü” - nə həsr edilən video çarx nümayiş etdirildi. Rayonun ictimai-siyasi həyatında yaradıcılığı və yüksək fəallığı ilə seçilən bir qrup gəncə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.