Erməni yalanları növbəti dəfə ifşa edildi

26-05-2023, 20:48           
Erməni yalanları növbəti dəfə ifşa edildi
May ayının 25-də Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi siyasi cığallığından əl çəkmək niyyətində deyil. Ötən dövr ərzində N. Paşinyan bir-birini təkzib edən, biri digərini şübhə altına qoyan o qədər ziddiyyətli bəyanatlara müəlliflik edib ki, onun hansısa mövqeyinə sadiq qalacağına cəmiyyətimizdə çox az adam inanır. Paşinyanın ziddiyyətli bəyanatlarının və mövqe dəyişkənliyinin arxasında nə qədər uğursuz olsa da, açıq-aşkar görünən manevr cəhdləri və vaxt udmaq istəyi dayanır. Nəticədə isə özü haqqına qeyri-ciddi opponent və ya sözünə yiyəlik edə bilməyən etibarsız siyasi ünvan sahibi imicinin formalaşmasına əsas verir. Budəfəki Moskva görüşü də istisna olmadı.
Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi. Bu, təkcə siyasi cığallıq və ya manevr naminə edilən uğursuz manipulyasiya cəhdi deyil. Bu, dəfələrlə üzləşdiyimiz erməni riyakarlığının rəsmi səviyyədə təzahürünün növbəti biabırçı nümunəsidir. Prezident İlham Əliyev Ermənistanın hökumət başçısına elə yerindəcə haqq etdiyi cavabı verərək, onu həsəd aparılmayacaq bir vəziyyətə saldı: “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub... Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”.
Görüş zamanı çıxışında Paşinyan Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cavabı isə belə oldu: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır... “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Ermənistanın hökumət başçısının ən çox istinad etdiyi sənəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat idi. N.Paşinyan həmin sənədi yada salaraq bildirdi ki, Bəyanatda “dəhliz” sözü yalnız Laçın yolu ilə bağlı işlədilir və onun fikrinə görə, “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsi elə bu səbəbdən yolverilməzdir. Amma Paşinyan yenə də riyakarlıq edərək unutdu ki, həmin sənəddə Azərbaycan ərazisinin əsas hissəsinin Naxçıvanla quru yolla birləşdirilməsini nəzərdə tutan müddəa təsbit olunub. Paşinyanın özünün də imza atdığı həmin sənədin 9-cu bəndində təsbit edilib ki, bu yolda nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qurumu həyata keçirəcək.
Prezident İlham Əliyevin bu cavabı isə N.Paşinyana əsl diplomatiya dərsi oldu: ”Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.
Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi.
Prezident İlham Əliyev geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımızın qorunması naminə bədxahlarımızın və hətta erməni cəmiyyətinin də həsəd apardığı səviyyədə siyasi iradə və ləyaqət nümayiş etdirir.


Metin Hüseynov - siyasi sərhçi, politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.