Boltonun istefası:ABŞ sərt siyasi xətdən imtina edir?

12-09-2019, 06:41           
Boltonun istefası:ABŞ sərt siyasi xətdən imtina edir?
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefaya göndərilməsi dünyanın siyasi gündəmini zəbt edib. İstefanın səbəblərini açıqlayan ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb ki, Con Boltona Ağ Evdə xidmətlərinə artıq ehtiyac qalmadığını söyləyib: “Con Boltona Ağ Evdə xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltonun istefa verməsini istədim, o da ərizəsini təqdim etdi”. D.Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb.

Bolton ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə 2018-ci ilin aprelində gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək artıq milli təhlükəsizlik üzrə dörd müşavirlə işləyib.

Tramp və Bolton arasında geostrateji məsələlərdə ciddi fikir ayrılığının mövcudluğu sirr deyildi. Bolton daha sərt diplomatiya tərəfdarı idi. Onun təkidi ilə yürüdülən sərt diplomatiya isə son zamanlar Vaşinqton üçün problemlər yaratmağa başlamışdı. “Ağ ev”in “qırğısı”nın Əfqanıstan, İran, Çin, Şimali Koreya, Venesuela məsələlərində irəli sürdüyü sərt təkliflər bu ölkələrlə problemləri həll etməyə nəinki yardım etdi, əksinə,

narazılıqlar o qədər dərinləşdi ki, Birləşmiş Ştatlar beynəlxalq rəqibləri qarşısında aciz duruma düşdü. Con Bolton İrana zərbələr endirilməsi, Şimali Koreya lideri Kim Çin In ilə görüşdən imtina, “Taliban”a qarşı sərt xəttin dərinləşməsi, Çinlə hər hansı müqaviləyə imza atılmamasını elə sərt formada tələb edirdi ki, “Ağ ev”də də rəqiblərinin sayı durmadan artırdı. Belə müşavir artıq Tramp üçün baş ağrısına çevrilmişdi. Növbəti dəfə prezident seçilmək istəyən Tramp üçün belə gedişat yolverilməz idi.

İstənilən halda, Boltonun istefası sıradan hadisə deyil. Postundan məhrum edilən də sıradan bir sima deyil, nüfuzlu siyasətçi və ideoloqdur.

Xatırladaq ki, Con Bolton karyerasına Prezident Ronald Reyqanın dövründə başlayıb. O zaman Ədliyyə Nazirliyində və Dövlət Departamentində müxtəlif postlar tutan Bolton “ata Buş” zamanında daha yüksək vəzifələr icra edib. “Kiçik Buşun” zamanında isə Con Bolton Dövlət katibinin müavini vəzifəsinə gətirildi. O, 2003-cü ildə İraqın ilhaqının əsas ideoloqlarından olub. O zaman Bolton iddia edirdi ki, Bağdad nüvə silahına malikdir və inandırmağa çalışırdı ki, bu bəyanatı kəşfiyyatın təkzibedilməz məlumatlarına əsasən deyir. Lakin çoxsaylı insan tələfatı ilə sonuclanan “İraq əməliyyatı”ndan sonra bəlli oldu ki, Bağdadın nüvə silahı yoxdur.

2005-2006-cı illər ərzində Bolton ABŞ-ın BMT-də daimi nümayəndəsi olub. Bu vəzifədən istefa verəndən sonra Bolton siyasi təhlil ilə diqqəti çəkməyə başlayır və nüfuzu o qədər güclənir ki, 2018-ci ildə Tramp onu müşavir vəzifəsinə yüksəldir.

Bolton tutduğu postlardan daha çox ideoloji baxışları ilə diqqəti cəlb edib. ABŞ diplomatiyasını “birqütblü dünya” xətti üzrə inkişaf etdirən Bolton “Çin protokolu”, “Roma protokolu”, İran və Şimali Koreyaya qarşı sərt xətt müəllifi kimi tanınır.

Boltonun doktrinasında Türkiyəyə qarşı sərt xətt də özünü qabarıq göstərirdi. C. Boltonun Ankaraya ünvanlanmış “kürdləri qətl etməyin”çağırışı Ankaranın Suriyada YPG/PYD əleyhinə hərbi əməliyyatları dayandırmaq tələbi idi. Bolton açıq etiraf edirdi ki, Vaşinqton Türkiyənin Yaxın Şərqdəki müstəqil siyasətindən narazıdır. Bolton onu da vurğulayırdı ki, Ankaranın Moskva ilə münasibətlərini normallaşdırmaq istəyi Birləşmiş Ştatların maraqlarına cavab vermir. O bildirirdi ki, Vaşinqton nə tələb etsə, Türkiyə ona əməl etməyə məhkumdur.

Vaşinqton Bolton vasitəsilə belə bir suala cavab axtarırdı – ABŞ Suriyanın şimalından çəkilərsə, Ankara hansı addımları ata bilər? Bolton Türkiyəni Suriyada müstəqil davranışdan çəkinməyə səsləyirdi. O, Türkiyənin müstəqil diplomatiyasına cavab olaraq, “Müstəqil Kürdüstan” ideyası ilə Ankaranı əzə biləcəyini düşünürdü.

Bolton həm də “İŞİD problemi”ni ortaya atan başlıca ideoloqlardan biridir. Sabiq müşavir anlayırdı ki, “əl-Qaidə” Əfqanıstanı nəzarətə götürmək, İŞİD İraqı təsir dairəsinə almaq üçün lazımdır. YPG/PYD-ni şişirtməklə isə Bolton Türkiyə və İranın hədəfə alacağını zənn edirdi.

Boltonun Cənubi Qafqaz siyasətinə baxışı da sərt idi. Müşavirliyi dönəmində o tələb edirdi ki, Ermənistan İranla sərhədlərini bağlamalıdır. “Mehri dəhlizi”nə nəzarəti özündə saxlamaqla İrəvanın Qarabağdan imtina etməsi də onun tezislərindən idi. Bolton bəyan edirdi ki, İranın bölünməsi Azərbaycan və Türkiyənin regionda güclü mövqelərə sahib olması üçün vacibdir, odur ki, ermənilər Rusiyanın təsiri altından çıxıb, Türkiyənin təsirinə adaptasiya olmalıdırlar. Bolton Trampdan tələb edirdi ki, Ermənistanda ictimai fikrin dəyişdirilməsi üçün Paşinyan dəstəklənməli və Moskvanın nəzarətində olan “Qarabağ klanı” məğlub edilməlidir. Bolton Gürcüstanın NATO-ya daxil olmasının ön planda dayandığını və Vaşinqtonun bu prosesə dəstək verməli olduğunu da bildirirdi.

“ABŞ dünyanı təkbaşına idarə etməlidir” ideyası irəli sürən C. Bolton BMT-ni sərt tənqid edir, bu təşkilatın buraxılmasını tələb edirdi. O bəyan edirdi ki, ABŞ Cənubi Qafqazı, Şərqi Avropanı yaxın gələcəkdə öz orbitində görmək istəyir. İlk növbədə, bu regionlarda Rusiyanın birbaşa və dolayı yolla iştirakı aradan qaldırmalıdır. Bolton anti-Rusiya xətti yeridən əsas “qırğı”lardan idi.

Trampla çalışdığı zaman kəsiyində Bolton İranla nüvə müqaviləsinin tamamilə dayandırılmasını, İslam Respublikasının iflasını arzulayan ideoloqlardan olub. Maraqlıdır ki, Boltonun istefası Fransa Prezidenti Makronun təşəbbüsü ilə İranla ABŞ arasında danışıqlara hazırlıq getdiyi dövrə təsadüf edir. Con Bolton İranın bombalanmasının tərəfdarı idi və qəti şəkildə danışıqları rədd edirdi. Görünən budur ki, Tramp Türkiyə və İran siyasətində dəyişiklik etmək niyyətindədir. İstisna deyil ki, Boltonun istefasından sonra ABŞ və İran münasibətlərində gərginlik azala bilər. Lakin “savaş təhlükəsi”nin tam aradan qalxacağını əminliklə söyləmək mümkün deyil.

Hal-hazırda Vaşinqton qoşunlarını Əfqanıstandan çıxarır. Türkiyənin Suriyadakı addımlarını idarə edə bilsə, Vaşinqton Suriyadan da gedə bilər. Bu gün Cənubi Qafqazın ABŞ üçün əhəmiyyəti artır. Buna baxmayaraq, ABŞ-ın Cənubi Qafqaz siyasəti 90-cı illərlə müqayisədə xeyli zəifləyib. Cənubi Qafqaz bir açardı. Vaşinqton Tehran ilə dialoqa başlaya bilsə, gələcəkdə iki ölkə arasında münasibətlər normallaşar. İran Cənubi Qafqaza və Yaxın Şərqə güclü təsirə malikdir. Bu baxımdan, Vaşinqtonun Tehranla dialoqa başlaması bölgədəki prosesləri kökündən dəyişmək gücündədir.

İndi belə bir sual aktialdır – Con Boltonu postunda kim əvəz edəcək? Bu məsələ ilə bağlı iki namizədin adı daha çox hallanır. Milli təhlükəsizlik müşaviri postunu ABŞ Dövlət departamentinin Şimali Koreyadakı xüsusi nümayəndəsi, “Ford Motor Company”nin icraçı direktoru Stiv Biqun tuta bilər. Biqun “kiçik Buş” Administrasiyasında çalışıb və təhlükəsizlik məsələlərinə cavabdeh olub. O, həmçinin, “Ford” şirkətinin əsas təmsilçilərindən biri kimi tanınır.

Digər mümkün namizəd kimi istefada olan ordu polkovniki Duqlas Makqreqorun adı çəkilir. Silah ticarətində adı hallanan, Körfəz müharibəsinin iştirakçısı olan polkovnik Yaxın Şərqdən geri çəkilməyi və oradakı hakimiyyətlərlə isti münasibətlər qurmağı təklif edir.

Digər mümkün namizədlər siyahısında “Ağ ev” aparatının təhlükəsizliyinə cavabdeh olan Rob Bler, Trampın müşaviri Kit Kelloq, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell, bu ölkənin Niderlanddakı səfiri Pit Hokstr, istefada olan general Cek Kin, “Ağ ev”in sabiq təhlükəsizlik rəhbəri Fred Flitsin də adı çəkilir.

C.Boltonun istefasından sonra boş qalan milli təhlükəsizlik müşaviri vəzifəsini Çarlz Kuperman müvəqqəti olaraq icra etməyə başlayıb. Ç.Kuperman da Reyqan Administrasiyasında bir sıra postlar tutub və artıq 40 ilə yaxındır, milli təhlükəsizlik məsələləri ilə məşğul olur. Ç.Kuperman daha çox C.Boltonun kadrı kimi tanınır.

Ç.Kuperman “aerokosmik silahlara nəzarət” sahəsinə cavabdeh olub. Lakin nəzərə alsaq ki, “qırğıları” mülayim xətt tərəfdarları əvəz edir, onun bu postda qalacağı ehtimalı azdır. Donald Tramp yalnız öz xarici siyasət sahəsinə cavabdeh olan müşavirini dəyişmir, eyni zamanda ölkə diplomatiyasında ciddi korrektlər etməyə çalışır. Bunun üçün Tramp “qırğı”ların sonunu yaxınlaşdırır. Yeni mərhələdə problemləri “əzələ nümayişi” ilə deyil, “zəka ilə” həll etməyə çalışan ABŞ liderinin daha hansı addımlar atacağını söyləmək çətindir(apa).шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.