Lukaşenko Putinin hərbi bazasını rədd etdi – Səbəb

14-11-2019, 20:48           
Lukaşenko Putinin hərbi bazasını rədd etdi – Səbəb
Belarus rəsmisi iddia edir ki, Rusiya Minskə “Su-30” qırıcılarının əldə edilməsinə kömək olaraq HHQ bazası yerləşdirməyi təklif edib.

Rusiya “Su-30” qırıcılarının əldə edilməsinə yardım məqsədilə Belarus ərazisində HHQ bazasının yerləşdirilməsini təklif edib.

“RIA Novosti” agentliyinin məlumatına görə, bu sözləri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas deyib. Belarus rəsmisi bildirib ki, Minsk bu məsələdə “öz imkanlarına güvənmək” qərarına gəlib.
Zas “Belarus 1” telekanalına açıqlamasında qeyd edib ki, Belarus “Su-30” qırıcılarının tədarükünə yardım məsələsində Rusiya ilə razılığa gəlməyə çalışıb. “Əvəzində ölkə ərazisində Rusiyaya məxsus hərbi-hava bazasının yerləşdirilməsi haqqında təklif aldıq. Ancaq razılaşın ki, bunlar eyni şey deyil: ölkə ərazisində hərbi-hava bazasının yerləşdirilməsi bizim hərbi aviasiyamızın inkişaf problemini həll etmir”, – Zas bildirib.

Onun sözlərinə görə, prezident Aleksandr Lukaşenko bilavasitə bu məsələnin həllində iştirak edir. “Onun bilavasitə iştirakı, dəstəyi olmadan bu tapşırığı həll edə bilməzdik”, – deyə Zas vurğulayıb.

Oktyabrın 1-i Belarusun xarici işlər naziri Vladimir Makey deyib ki, Belarus ərazisində Rusiyaya məxsus hərbi baza yerləşdirilməsinin nə praktiki, nə siyasi, nə də hərbi cəhətdən mənası var. “Amma bu gün raketlər bir neçə dəqiqə ərzində başqa bir qitəyə və ya planetimizin digər tərəfinə çata bilərsə, bəzi əlavə hərbi obyektlərin, yəni hərbi hava bazasının yerləşdirilməsində məqsəd nədir?”, – deyə nazir “RBC” agentliyinə bildirib.

Bir neçə il öncə Belarusda rus bazasının yerləşdirilmə məsələsinin müzakirə edildiyi mətbuatdan məlum olub. 2015-ci ilin oktyabr ayında Aleksandr Lukaşenko qeyd edib ki, Rusiyaya məxsus aviabazanın yerləşdirilməsi hərbi cəhətdən nə Minskə, nə də Moskvaya lazımdır. O, həmçinin bu məsələ ilə bağlı mediadakı “səs-küyün” siyasi məqsəd daşıdığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.