İranda böyük inflyasiya - 200%: Ölkədə sosial partlayış gözlənilir

15-11-2019, 10:26           
İranda böyük inflyasiya - 200%: Ölkədə sosial partlayış gözlənilir
İran prezidenti Həsən Ruhani bir neçə gün öncə ölkə iqtisadiyyatının kritik vəziyyəti ilə bağlı həyəcan siqnalı verərək demişdi ki, İran tarixinin ən ağır iqtisadi böhranı ilə üz-üzədir.

Ovqat.com xəbər verir ki, Həsən Ruhaninin bu əndişəsi artıq göyərməyə başlayıb.

Məlumata görə, İran hökuməti yanacaq qiymətlərini 200% faiz qaldırmağa məcbur olub. Bu gündən İranda bir litr normal benzinin qiyməti 30000 riyala satılacaq. Dünənə qədər isə onun qiyməti 10000 riyal idi.

Bu videoda İranda yaşayan ərəblərin qərara etirazları əks olunub
İran hökuməti xalqın narazılığını səngitmək üçün bəzi yumşaldıcı tədbirlər həyata keçirsə də, müşahidəçilər bunun çox da təsirli olmayacağı qənaətindədirlər. Belə ki, İran hökumətinin aldığı qərara görə, şəxsi avtomobillərə ayda 60 litrlik güzəşt limiti tətbiq olunub. Sürücülər ayda 60 litr benzini 15000 riyaldan ala biləcəklər. Bu isə olduqca azdır və böyük şəhərlərdə bir neçə günlük avtomobil sürməyə yetə bilər.

Yanacağın qiymətinin 200% artmasının digər sənaye və qida məhsullarına da təsir göstərəcəyi güman olunur. Zira müasir çağımızda bütün təsərrüfatları və sənaye müəssisələrini hərəkətə gətirən vasitə karbohidrogen enerji mənbələridir. Xüsusilə neft və qaz zəngini olan İranda elekrik enerjisini belə karbohidrogen ehtiyatlar əvəz edir.

Mütəxəssislər onsuz da iqtisadi çətinliklərlə çarpışan İranda yanacağın qiymətinin astronomik sayılacaq həddə qalxmasının od üzərinə tökülmüş yağ effekti yaradacağından ehtiyatlanırlar. Etirazların sosial partlayış həddinə çata biləcəyi istisna olunmur.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı ötən il tətbiq etdiyi embarqolar ölkə iqtisadiyyatını çətin vəziyyətə salıb. Əsasən neft gəlirləri üzərində qurulan İran iqtisadiyyatı getdikcə daralır. Ötən il 7 noyabrda həyata keçirilən ikinci embarqodan sonra İranın neft ixracatı gündəlik 2.8 bareldən 500 barelin altına düşüb Bu da ixracatın 82% azalması demək idi.

İranın neft ixracatının bu dərəcədə azalmasının ölkə iqtisadiyyatı qısa zaman ərzində defolta sürükləyəcəyi ehtimalını yaradır. Tehran bu böhrandan Neft Fondunda və bəzi xarici dövlətlərdə yığılan kapitalı ilə çıxmağa çalışsa da, ABŞ bank sistemində İrana qarşı sanskiyalar tətbiq edərək bu çıxış yolunu da faktiki bağlayıb. İndi onun İraq və digər qonşu dövlətlərlə iqtisadi əməkdaşlıq yoluyla vəziyyətdən çıxmaq şansı qalmayıb. Bunun da ən böyük günahı əslində İranın onlara, o cümlədən Azərbaycana öz potensial müstəmləkəsi kimi baxması və İslam İnqilabı ideyaları ixrac etməsidir.

ABŞ-ın İrana qarşı sansiyaları ilk gündən qonşu dövlətdə ciddi xalq etirazlarına yol açsa da, Tehran bu etirazların qarşısını ala bilmişdi. Sözsüz ki, bu etirazların səngiməsində İran xalqının tarixən dünya imperializminə qarşı dirəniş əzminin də rolu böyük idi. Fəqət fransız fatehi Napolyonun dediyi kimi, güclü bir ölkəni silahla deyil, mədə ilə fəth etmənin ən yaxşı metod olduğuna inanan və bunu 1970-1980-ci illərdə SSRİ üzərində uğurla sınaqdan keçirən ABŞ eyni siyasətini İran üzərində tətbiq edir və artıq son niyyətinə yaxınlaşır. İranda bu gün baş verən 200%-lik inflyasiya da bunun göstəricisidir. Hazırda olduqca çətin vəziyyətdə qalan İranın ABŞ-la danışıqlara getməkdən başqa çarəsi yox kimi görünür.

Dərd burasındadır ki, rəsmi Tehran Vaşinqtona da çox güvənmir. Bunu İran prezidenti də etiraf edərək demişdi ki, bu yaxınlarda BMT-nin toplantısına qatılmaq üçün getdiyi ABŞ-da Trampla görüşmək istəyib. Onu son anda öz fikrindən daşındıran isə Trampa güvənməməsi olub.

Görünən budur kİ, İran yaxın günlərdə ABŞ və dünya dövlətləri ilə dil tapa bilməsə, defolta doğru sürüklənən ölkədə sosial partlayışlar qaçılmaz olacaq.
ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.