Gürcüstan: Hakim partiya dağılır - SON DƏQİQƏ

20-11-2019, 08:40           
Gürcüstan: Hakim partiya dağılır - SON DƏQİQƏ
Gürcüstan parlamentində seçki islahatlarının uğursuz nəticələnməsi ilə əlaqədar hakim “Gürcü Arzusu” Partiyasını tərk etmiş bir qrup deputat parlamentdəki vəzifələrindən imtina edib.

Cebhe.info-nun məlumatına görə, Parlament Bürosu deputat vəzifələrindən imtina edilməsi barədə bəyanatı qəbul edib.

Xatırladaq ki, bu ilin iyun ayında iqtidar partiyası və şəxsən Bidzina İvanişvili müxalifətin tələbləri qarşısında güzəştə gedərək parlament seçkilərinin qarışıq sistemdən proporsional sistemə keçəcəyinə söz verib. Müvafiq bir qanun layihəsi hazırlansa da, noyabrın 14-də keçirilən səsvermə zamanı "Gürcü Arzusu"nun 40-a yaxın deputatı konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri dəstəkləməyib. Müxalifət və vətəndaş fəalları hakimiyyəti saxtakarlıqda günahlandırır. Hətta hakim partiyanın özündə böhran yaranıb. Komandada ən çox qərbyönümlü sayılan 12 deputat, islahatların uğursuzluğuna etiraz olaraq parlament çoxluğunu tərk etmək qərarına gəlib. İstefa verənlər arasında vitse-spikerlər Tamara Çuqoşvili, Zviad Dzidziquri, Avropaya İnteqrasiya Komitəsinin sədri Tamara Xulordava, Təhsil və Elm Komitəsinin rəhbəri Mariam Caşi, üç nəfər komitə sədrinin birinci müavinləri və deputatlar var. Gürcüstan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Sofo Katsarava isə ümumiyyətlə, deputat mandatından imtina edib.

Parlamentin mətbuat xidmətindən isə bildiriblər ki, vəzifəsindən imtina etmiş 12 deputatdan 5 nəfəri büroya müraciət edib. Katsaravanı isə partiya siyahısı üzrə Beno Kaşakaşvili əvəz edəcək. Sözügedən deputatların istefasından sonra “Gürcü Arzusu”nun mandatlarının sayı 92 nəfərə düşüb. Gürcüstan Konstitusiyasına görə, ali qanunverici orqanda çoxluğa malik olmaq üçün 113 deputat yeri tələb olunur. Buna baxmayaraq, “Gürcü Arzusu” parlamentdəki çoxluğu itirmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.