ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir

15-12-2019, 09:23           
ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir
ABŞ administrasiyası gələn həftə Əfqanıstandakı qoşunların sayını təxminən 4 min əsgər azaldaraq, ümumilikdə 8-9 min nəfərə endirilməsi ilə bağlı qərarını rəsmi olaraq elan etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “NBC” televiziyası ABŞ-ın indiki və keçmiş rəsmiləri arasındakı üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələr Əfqanıstandan qoşunların çıxarılmasının nə vaxt başlanılacağı ilə bağlı məlumat verməyib. Bildirilir ki, bu müddət hərbi personalın rotasiya əsasında növbələşdirilməsinin dayandırılması səbəbindən bir neçə ay ərzində mərhələ şəklində həyata keçiriləcək.
Qeyd edək ki, Müdafiə naziri Mark Esper oktyabr ayının sonlarında Kabilə etdiyi səfərdə ABŞ-ın Əfqanıstandakı kontingentinin miqdarını bu ölkədə fəaliyyət göstərən terrorçu qruplara qarşı mübarizəyə zərər vermədən 8,6 min hərbi qulluqçuya qədər azalda biləcəyini açıqlamışdı. Hazırda bu ölkədə Əfqanıstan ordusunun təlimatlandırılması ilə məşğul olan və ekstremistlərə qarşı birbaşa əməliyyatlarda iştirak edən təxminən 14 min ABŞ əsgəri var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.