“Xalqların sülhə hazırlanması” anlaşması ətrafında müəmma

19-01-2019, 09:21           
“Xalqların sülhə hazırlanması” anlaşması ətrafında müəmma
Qafar Çaxmaqlı: “Bu, mənə blef kimi gəlir, erməni diasporu Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına heç cür razı olmaz...”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri əvəzi Zöqrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüş ətrafında müzakirələr davam edir. Düzdür, ötən illərdə artıq sayı-hesabı dəqiq bilinməyən görüşlər kimi, budəfəki görüşdən də ciddi nəticə gözlənilmir. Lakin tərəflər arasında 4 saatdan çox davam edən danışıqların ardınca verilmiş bəyanatda əksini tapan bir məqam suallar yaradıb.

Söhbət danışıqların qarşıdan gələn ay davam etdirilməsinin razılaşdırılmasından getmir. Belə ki, tərəflər əhalini sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər razılığa gəliblər. Bu da şübhələri artırıb.

Azərbaycan XİN artıq bəyanat yayaraq Paris görüşündə “faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib. Eyni zamanda XİN erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı barədə məqamın olmasını təsdiqləyib.

“Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da ”əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunub" - XİN sözçüsü deyib. “Yəni sənədlərdə hər iki xalq nəzərdə tutulur. Ölkənin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycanlı icmaları arasında təmasların bərpa olunması hər iki tərəfin əhalisinin də sülhə hazırlanması baxımından çox önəmli rol oynayacaq”, - deyə nazirlik sözçüsü vurğulayıb.

Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev isə mətbuata “ilk dəfədir ki, Ermənistan tərəfinin də paylaşdığı bəyanatda Azərbaycan tərəfinin uzun illərdir istifadə etdiyi ”nəticəyə yönəlmiş danışıqlar" ifadəsindən istifadə olunduğunu gördüyünü deyib. Əhalinin sülhə hazırlanmasına gəlincə, onun fikrincə, daha çox intensiv aparılacaq danışıqlar zamanı hər hansı bir ortaq razılaşma əldə olunarsa, bununla bağlı cəmiyyətə müəyyən detalların çatdırılması əhalini maksimalist, reallığa uyğun olmayan gözləntilərdən yayındıra bilər.

YAP-dan olan deputat Aydın Mirzəzadə “pozitiv açıqlamanın” detallı olmamasına diqqət çəkir: “Çox təəssüf ki, detallar aydınlaşdırılmır. Pozitivliyin nədən ibarət olduğu, nədən hər ay görüşlər keçirildiyinin mexanizmi açıqlanmır”. Deputat Ermənistanda şərtlərin dəyişməsinə toxunaraq deyib ki, Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçə bilər (Moderator.az).

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elə bu günlərdə hökumətin iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edib. “Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb. Danışıqların davam etdirilməsi prosesi başlanıb” - İlham Əliyev söyləyib. O, Ermənistanı “ağır böhranlı vəziyyətdən” çıxarmağın bir yolu olduğunu deyib - “o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır”.

Ola bilərmi ki, Ermənistan nəhayət, konstruktiv mövqe sərgilməyə başlayıb və əsasən xalqların sülhə hazırlanması İrəvana yönəlmiş mesajdır? Yeri gəlmişkən, bu günlərdə Rusiya XİN başçısı Sergey Lavrov da Ermənistanı Azərbaycandan nümunə götürməyə çağırmışdı.

Ermənişünas-alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Məmmədyarov- Mnatsakanyan görüşündə “xalqı sülhə hazırlamaq” kimi bir xəbərin gəlməsi əslində elə də ciddi razılaşmadan xəbər vermir: “Bu, daha çox blefə oxşayır, Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı formalaşan ümumu fikrin dəyişməsinə yönəlik bir siyasi olay da ola bilər. ”Xalqı sülhə hazırlamaq" nə deməkdir? İndiki halda bu, baş aldatmadan başqa bir şey deyil, Azərbaycan bu günədək danışıqların leytmotivini təşkil edən “ərazi bütövlüyü” prinsiplərindən bir addım belə geri durmayıb, ermənilər də “Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmə prinsip”indən. Münaqişənin həllini dalana dirəyən də bu yanaşmalardır. İndi nə dəyişib ki, belə optimist ovqat yaransın? Ermənistan hakimiyyəti, indiki halda Nikol Paşinyan hətta Azərbaycanla tərəf kimi Dağlıq Qarabağ separatçılarının birbaşa danışıqlarını israr etməkdədir".

Q.Çaxmaqlının fikrincə, ehtimal ki, bu görüşdə torpaqların qaytarılmasından söhbət getməyib: “Belə bir fikir olsaydı, onun "səsi" çıxardı. Mənə elə gəlir ki, bu görüş də digərləri kimi son vaxtlar hər iki ölkədə xalq içində münaqişənin həll edilməsi tələblərini bir qədər azaltmaq üçün edilir. Azərbaycan xalqı neçə illərdir ki, səbrlə və sülh yolu ilə məsələnin həllini istəyir, amma bu olmursa, etirazını bu və ya başqa formada bildirmək haqqına sahibdir. Dövlətimiz də bu durumun əbədi belə qalacağı ilə barışmayacağını dəfələrlə bəyan edib. Ermənilər bu danışıqlarda nə təklif ediblər? Levon Ter-Petrosyanın təbirincə desək, “torpaqların geri qaytarılması müqabilində sülh” bəlkə elə budur. Amma mən erməni tərəfinin deputat Aydın Mirzəzadədən fərqli olaraq “ağıllanmasına” inanmıram. Danışıqların detalları barədə əlimizdə hələ elə də bilgi yoxdur. İrəlidəki günlərdə onlar yəqin ki, erməni mətbuatına sızacaq. O zaman daha məntiqli yanaşma imkanımız olacaq. İndiki anda “xalqı sülhə hazırlamaq” mənə blef kimi gəlir".

Ekspert deyir k, ortada yenə Madrid prinsipləridir və onlar bunun üzərində israr edəcəklər: “Bu, nə dərəcədə bizə sərf edəcək? Bu, ayrı mövzudur. Qaldı ki, erməni diasporunun, onları təmsil edən daşnakların Ermənistana toplaşmasına, bu, hər il olur. Daşnak partiyası Ermənistan MM-də artıq yoxdur, amma onlar istəyirlər ki, hər hansı formada olur-olsun, Ermənistandakı mövcudluqları bu məsələdən asılıdır. Paşinyan qarşılıqlı olaraq onlardan da dəstək almaq istəyir, diaspor isə Dağlıq Qarabağın heç cür Azərbaycanın tərkibində qalmasına razı olmaz. Paşinyan bunu bildiyindən gələcək addımlarında onların dedikləri ilə oturub-durduğunu isbatlamalıdır. Bu, həm də öz hakimiyyətini möhkəmlətməyə kömək edəcək. Paşinyanı münaqişənin həllinə gəlməyə məcbur edəcək elə bir vasitə hələ ki yoxdur”.

Q.Çaxmaqlı qeyd etdi ki, “xalqları sülhə hazırlamaq” anlayışının arxasında hansısa kompromis dayanmalıdır, güzəşt olmalıdır: “Kim nəyi güzəşt edəcək? Hərənin öz güzəşt anlayışı var. Həmsədrlər belə hesab edirlər ki, 5 rayonun qaytarılması güzəşt olacaq. Bəs Azərbaycanın güzəşti nə olacaq? Dağlıq Qarabağın ermənilərə hədiyyə verilməsimi?! Madrid prinsiplərində nəzərdə tutulduğu kimi burada bir referendum keçirilməsinə Azərbaycan tərəfindən razılıq verilməsi Dağlıq Qarabağın itirilməsi demək olacaq. Buna isə Azərbaycan hakimiyyəti gedə bilməz. Bütün bu cəhətlərə görə 2019-da sülh olacağı fikri inandırıcı deyil və XİN rəhbərlərinin Fransa görüşündən heç bir yeni gəlişmə gözləmək mümkün görünmür”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.